“Heydər Əliyev və muzeylərimiz” mövzusunda tədbir keçirilib
Respublikada 250-dək muzey fəaliyyət göstərir
2 May 2013 01:55 MədəniyyətMuzey Mərkəzində "Heydər Əliyev və muzeylərimiz" mövzusunda konfrans keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkil etdiyi tədbir ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva ulu öndərin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü işlərdən söz açıb. Bildirib ki, zəngin və mənalı həyat yaşamış Heydər Əliyevin fəaliyyəti hər kəs üçün örnəkdir. Məhz onun qətiyyəti, əzmkarlığı sayəsində Azərbaycan dövlət müstəqilliyini qoruyub saxladı və inkişaf etdi. O, çalışdığı bütün sahələrdə özünü əsl öndər, milli lider kimi təsdiq etmişdir. Bu dahi insan tarixi yazan və yaradan, onu ölkənin, xalqın mənafeyinə yönəltməyi bacaran nadir şəxsiyyətlərdən idi.
Nazir müavini vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərliyi dövründə mədəniyyət və incəsənətə xüsusi diqqət və qayğı göstərirdi: "Ulu öndərin muzey şəbəkəsinin inkişafı, fəaliyyətdə olan muzey fondlarının zənginləşməsi, yeni muzeylərin yaradılması sahəsində tarixi rolu danılmazdır. Məhz onun rəhbərliyi dövründə respublikamızda muzey işində yeni mərhələnin əsası qoyuldu. Azərbaycanın bir çox incəsənət xadimlərinin xatirə muzeyləri yaradıldı. Bölgələrin bir çoxunda tarix-diyarşünaslıq muzeyləri təşkil edildi".
Azərbaycanda muzeylərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan nazir müavini respublikamızda 250-dək muzeyin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Son illər yeni muzeylərin yaradılması, bir çox muzeylərdə əsaslı bərpa və yenidənqurma işlərinin aparılması və digər tədbirlər bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir: "Müstəqillik dövründə ölkəmizdə 50-dən çox yeni muzey açılıb, onlarla muzey binası əsaslı bərpa və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Ötən dövrdə ölkədə muzey işinin dünya standartları səviyyəsində qurulması, maddi-texniki bazanın möhkəmləndirilməsi, müasir informasiya kommunikasiya texnologiyalarının tətbiqi, mədəni xidmət işinin keyfiyyətinin yüksəldilməsi sahəsində önəmli işlər görülüb".
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva və başqaları çıxış edib. ("OLAYLAR"İA)