Əbülfəs Qarayev İspaniyanın media nümayəndələrini qəbul edib

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İspaniyanın "Agencia EFE", "EL Pais", "Cinco Dias" və "EL Economista" KİV nümayəndələri ilə görüş keçirib. 
Görüş zamanı Ə.Qarayev Azərbaycan turizminin son illər ərzində İspaniyada təbliğatı sahəsində görülən işlər barəsində qonaqlara məlumat verib. Eləcə də, özünün cari ilin əvvəllərində İspaniyaya səfəri və "FİTUR" Beynəlxalq Turizm Sərgisi zamanı İspaniyanın ayrı-ayrılıqda mədəniyyət və turizm nazirləri ilə keçirilmiş görüşlərin uğurlu nəticələri haqqında danışıb. 
Danışıqlar zamanı gələcəkdə Azərbaycan və İspaniya arasında turist mübadiləsinin genişləndirilməsinin vacibliyi vurğulanıb və yeni tətbiq olunan elektron turist vizası barədə qonaqlara məlumat verilib. 
Nazir bildirib ki, "Atletico Madrid" futbol komandasının oyunları zamanı Azərbaycanın təbliğatı ümumilikdə ölkəmizin İspaniyada geniş şəkildə tanınmasına xidmət edir. 
Görüşün sonunda qonaqlara Azərbaycanın turizm potensialını əks etdirən ispan dilində reklam-çap məhsulları təqdim olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31