Firəngiz Mütəllimova: “İnsan yaşlandıqca elə bil bir az gəncləşir, uşaqlaşır”

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova doğum günü haqda “OLAYLAR”a danışdı

Ötən gecədən etibarən telefonuna gələn zəng və mesajların ardı-arasının kəsilmədiyini deyən Xalq artisti yaşa dolduqca özünü daha da xoşbəxt hiss edir: "Bu il ailəmlə birgə doğum günümü qeyd edəcəyəm. Dost-tanışları da ətrafıma yığacağam. Dünən gecədən telefonum susmaq bilməyib. Hamı zəng edir, mesaj yazır. İndiyənə qədər belə şey olmamışdı. Gecə beşə qədər mesajları oxuyaraq cavablandırmışam. Sənətə, sənətkara dəyər verən hər kəsə təşəkkür edib, qarşısında baş əyirəm. İnsanlar yaşa dolduqca bir az da olsa kədərlənirlər. Amma məndə belə deyil. Əksinə, özümü daha da xoşbəxt hiss eirəm. İnsan yaşlandıqca elə bil bir az gəncləşir, uşaqlaşır. Bu il mənim üçün iki qat bayram oldu. Bildiyiniz kimi möhtərəm prezident "Teatr Günü" ilə əlaqədar fərman verib. Artıq bizim də peşə bayramımız var. Bundan başqa teatrımıızn 140 illiyinin yubiley şəklində qeyd olunması da çox gözəl hadisədir".

Firəngiz Mütəllimovanı builki doğum günündə ən çox kədərləndirən hadisə isə Xalq artisti Yaşar Nurinin yoxluğu olub: "Yaşar Nuridən sonra nə çəkdiyimi ailəm, bir də Yaşarın ailəsi bilir. Bu mənim üçün çox böyük itki idi". Aktrisa yeni rol aldığı tamaşalar haqda da məlumat verib: " "Qanlı Nigar" və "Qarabağnamə" tamaşasında rol almışam. Bu arada durğunluq yaranmışdı. Buna da səbəb Yaşarın dünyasını dəyişməsi, qardaşımın əməliyyat olunması, öz səhhətimdə yaranan problemlər idi. Bu müddət ərzində bir az sıxıntı yaşadığım üçün yeni tamaşalara rol almadım. Sentyabrda repertuarım bir az yenilənəcək".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31