Rəqsanənin Zöhrə Abdullayevaya cavabı: "Hacı xanım kimi..." VIDEO
"Qəribədir, üzümdən öpüb, tərif yağdıranlar sözlərini efirdən deyir"
1 May 2013 09:12 MədəniyyətMüğənni Rəqsanə İsmayılova ötən gün əməkdar artist Zöhrə Abdullayevanın ANS-in "Günə baxan" verilişində səsləndirdiyi "Rəqsanənin səsi yoxdur" və "İnternetdə onun canlı çıxışlarına baxmışam. Oxuya bilmir, sənəti yoxdur. Amma insan kimi çox yaxşıdır" fikirlərinə mövqeyini bildirib. Hazırda Moskvada olan və mətbuata açıqladığı layihələrin həllinə çalışan sənətçi ANS PRESS-ə müsahibəsində adının arzulamadığı mövzularda hallandırılmasından narahatlığını bildirdi: "Sənəti, səsi olmayan müğənninin ayın 20 günü nüfuzlu insanların məclislərində oxuması mümkünsüzdür. Səsim olmasa yüzlərlə insanın qarşısında canlı necə oxuya bilirəm? Təklif aldığım məclislərdə səhnəni dünya ulduzları ilə paylaşıram. Heç bir vaxtda oxumaq, repertuar problemim olmayıb. Amma efirə çıxıb Rəqsanəni bəyənmədiyini söyləyənlərin birini belə bir məclisdə görə bilmirəm. Yeri gəlmişkən, qeyd edim ki, bu gün Moskva toylarında xanımlardan daha çox tələb olunan mən və Könül Kərimova, kişilərdən isə Elton və Xəyyam Nisanovdur. Həmkarlarım da mənim toy oxumaq bacarığıma bələddirlər. Əksər toylarda mənim mahnılarımı oxuyan sənətçilər efirə çıxanda adımı tənqid obyektinə çevirir. Mən bu haqsızlıqlara qarşı mübarizə aparmalıyam."Rəqsanə əslində belə mövzularda danışmağın ona xoş olmadığını dilə gətirdi: "Bu gün mənə ailəm, Türkiyədə görülən sənət işlərim maraqlıdır. Yerli şou-biznesi izləməyə vaxtım belə olmur. Olsa belə, qalmaqal yaradıb, kimisə tənqid ünvanı seçmərəm. Amma mənim adımı hallandırırlar. Qəribədir ki, üzbə-surət olanda üzümdən öpüb, tərif yağdıranlar sözlərini efirdən deyir. Zöhrə xanıma gəlincə, onu da qeyd edim ki, Hacı xanım kimi ona hörmətim sonsuzdur. Repertuarındakı "Segah"ı zövqlə dinləyirəm. Mənə onun haqqında sual versələr, bax, bunları deyərəm". Qadının qadın haqqında heç nədən tənqid olunmasını birmənalı qəbul etmirəm." - deyə sənətçi bildirdi.