Bakıda Gənc Şairlərin Beynəlxalq Forumu keçirilir
“Azərbaycan 20 ölkədən qatılan gənc şairələrin beynəlxaq səviyyəli görüşünə ev sahibliyi etməklə mədəniyyət ocağı olmasını bir daha sübut etdi”
29 Aprel 2013 16:25 Mədəniyyət"Beynəlxalq İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Bakıda "Gənc Şairlərin Beynəlxalq Forumu" keçirilib. Beynəlxalq Muğam Mərkəzində təşkil eidlən tədbirə dünyanın 20-dən artıq ölkəsindən gənc şairələr qatılıb. Bu sıraya Avropa, Asiya, Afrika ölkələrindən gələn istedadlı gənclər daxildir. Toplantıya Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Yazıçılar Birliyinin rəsmiləri, Milli Məclisin üzvləri, diplomatik korpusun nümayəndələri, tanınmış şairlər, yazıçılar, mədəniyyət xadimləri qatılıblar. Tədbiri çıxış nitqi ilə açan şairə Nigar Həsənzadə "Gənc Şairlərin Beynəlxalq Forumu" haqda danışaraq belə gözəl günün ilk dəfə olaraq məhz Azərbaycanda təşkil olunmasından qürur hissi keçirtdiyini ifadə edib.
Daha sonra çıxış edən Günel Anarqızı ölkəmizdə şeirə, sənətə göstərilən diqqət-qayğıdan danışaraq "Gənc Şairlərin Beynəlxalq Forumu"nun da təşkilini məhz bu amillə bağlayıb : "Özüm şair olmasam da şair, yazıçı ruhlu bir ailədə boya-başa çatdığım üçün bu sənəti çox sevirəm. Biz xalq kimi də şair qəlbli insanlarıq. Hamımız şair olmasaq da yazılı sözə hər zaman hörmətimiz, qayğı və diqqətimiz olub. Məhz bu səbəbdən ölkəmizin müxtəlif yerlərində söz sənəti ilə Azərbaycanımızı hər zaman tanıdan şair və yazarlarımıza ucaldılan heykəlləri görə bilərsiniz. Dünyanın müxtəlif yerlərindən Azərbaycana gələn gənc yazarlar da bu gün burda öz xalqlarını layiqincə təmsil edir. Bugünki görüşün tədbir iştirakçıları üçün gələcək yaradıcılıqlarında yeni-yeni uğurlar qazanmaq üçün geniş cığır açacağına inanırıq". Günel Anarqızı sonda sözlərini nənəsi, böyük şairə Nigar Rəfibəylinin sözləri ilə yekunlaşdırıb. Gənclər və idman nazirinin müavini İntiqam Babayev yaradıcı mühitdə təşkil olunan beynəlxalq səviyyəli tədbirin ilk dəfə məhz Azərbaycanda təşkil olunmasının ölkəmizin zəngin mədəniyyətə sahib olmasından xəbər verdiyini vurğulayıb. "525-ci qəzet"in baş redaktoru, Rəşad Məcid beynəlxalq səvviyyəli tədbirə ev sahibliyi etməyin də gözəl hiss olduğunu qeyd edib. 26-29 aprel tarixlərində keçiriləcək tədbirdə Xalq artisti Fəxrədin Manafov, əməkdar artist Mehriban Zəki və digərləri iştirak edib. Tədbirin bədii hissəsində müxtəlif ədəbi müzakirələr təşkil edilib.
Qeyd edək ki, Azərbaycanda gənc şairələrin beynəlxalq forumu ilk dəfə olaraq təşkil edilir. Forum mərhum prezident Heydər Əliyevin 90 illik yubleyinə həsr olunub. Forumun əsas məqsədi müxtəlif ölkələrdə yaşayan gənc ədəbi istedadların görüşünü təşkil etmək və Bakıda beynəlxalq əməkdaşlıq ənənəsinin bünövrəsini qoymaqdır.