Nazpəri Dostəliyevanın vəkili: “Bu qədər zərəri nə ilə əsaslandırıblar?”

Bu gün Xalq artisti İlhamə Quliyevanın vəkili Şəfiqə Nağıyeva "OLAYLAR"a verdiyi açıqlamasında tərəflər arasında yaranan münaqişə ilə əlaqədar yaxın günlərdə məhkəmənin vaxtının təyin olunacağını deyib. Bundan başqa vəkil iddia ərizəsində Nazpəri Dostəliyevanın İlhamə Quliyevaya vurduğu maddi zərərə görə 200 min, mənəvi zərərə görə isə 500 min ödəməsinin tələb olunduğunu söyləyib. Bu məsələyə qarşı tərəfin də münasibətini öyrənmək üçün Nazpəri xanımın vəkili Səyyadla əlaqə saxladıq. Vəkil "Birmənalı şəkildə, heç bir əsas olmadığı üçün məhkəmə bu şikayət ərizəsini rədd edib. Növbəti məhkəmədən xəbərimiz yoxdur. İşə baxdıqdan sonra bu haqda münasibətimizi bildirəcəyik. Mən o iddia ərizəsində hansı zərərdən söhbət getdiyini bilmirəm. Bu qədər zərəri nə ilə əsaslandırıblar? Bu məsələdə heç bir maddi zərər yoxdur"-deyib. Şəfiqə xanımın "bu tərəflər arasında keçirilən ikinci məhkəmə prosesi deyil. Məhkəmə bitməyib, Nazpəri xanım da qələbə qazanmayıb. Bu işə elə-belə baxmaq olmaz. Tərəflərin məhkəmə işi dayandırılıb, heç bir tərəfin də qələbəsi elan edilməyib. Sadəcə o dəfə iddia ərizəsi səhv təqdim edildiyi üçün məhkəmə dayandırılıb" fikrinə isə qarşı tərəfin vəkili belə cavab verib: "Birinci məhkəmədə hakimin qərarı oldu. Hakim iddia ərizəsinin əsassız olduğunu deyərək şikayətdən imtina etdi. İddia ərizəsi yenə də əsassız olsa məhkəmə baş tutmayacaq. Növbəti məhkəmə prosesi təyin olunarsa Nazpəri xanımın xəbərdarlığı ilə mütləq iştirak edəcəyəm". Qeyd edək ki,  aprelin 9-da Xalq artistləri Nazpəri Dostəliyeva və İlhamə Quliyeva arasında Yasamal Rayon Məhkəməsində keçirilən prosesdən dərhal sonra "OLAYLAR"a açıqlama verən Nazpəri xanım "bu haqda bir sözlə belə deyə bilərəm ki, məhkəməni biz udduq. Bu haqda ətraflı informasiyalar yayılıb. Məhkəmə prosesi başa çatdı, məhkəmə bitdi. O sözlər yalandır. Məhkəməni qazanan isə mən oldum. Bu iş bitib artıq. Nə məhkəmə keçirilə bilər ki? Bu məsələdə mən haqlı oldum" demişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31