“Alpamış” operasının premyerası keçiriləcək
29 Aprel 2013 13:01 MədəniyyətMayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, SSSR xalq artisti,Qazaxıstanın Dövlət Mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin "Alpamıs" operasının premyerası keçiriləcək. Operanın quruluşu türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində həyata keçirilir. E.Raxmadiyevin yaradıcılığında 1973-cü ildə qələmə aldığı "Alpamıs" operası xüsusi yer tutur. Əsər əfsanəvi qəhrəman,"Dədə Qorqud" dastanından tanıdığımız Bamsı Beyrəyin(Alpamıs) həyatından bəhs edir. Konsert ifasında səhnəyə qoyulan tamaşada teatrın solistləri - əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt, İlahə Əfəndiyeva, Fərid Əliyev, Tural Ağasıyev, Tələt Hüseynov və başqaları çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru Əyyub Quliyevdir. ("OLAYLAR"İA)