Rəqsanə: "Ölsələr də onlara boş yerə pul vermərəm. Vəssalam!"

"Sadəcə bu o gədələrin, bir də Təranənin oyunudur"

Barəsində cinayət işi açılan müğənni Rəqsanə İsmayılova ona qarşı qaldırılan iddiaları qəbul etmir. İfaçı ANS PRESS-ə açıqlamasında heç kimə borclu olmadığını dedi: "Unutmayın ki, mənim kiməsə borcum olsa, nə olursa olsun bağlayaram. Həmən dəqiqə! Çox şükür ki, buna imkanım da var!"
Rəqsanə başına gələnlərdə həmişə olduğu kimi yenə də eks prodüseri Təranə Səmədovanı və eks sevgilisi Faiq Azayevi günahlandırdı: "Sadəcə bu o gədələrin, bir də Təranənin oyunudur. Mən də ölsələr də onlara boş yerə pul vermərəm. Vəssalam!"
Qeyd edək ki, müğənni Rəqsanə İsmalova bir neçə fakt üzrə külli miqdarda dələduzluqda şübhəli bilinir. Zərərçəkənlər arasında ifaçının eks prodüseri Təranə Səmədova (27 000 AZN), keçmiş sevgilisi Faiq Azayev (200 000 AZN), Heydər Əliyev adına beynəlxalq hava limanının əməkdaşı Babayeva Rəna Həbib qızı, Veyisov Səbuhi Akif oğlu, Ələsgərova Samirə Heydər qızı da var. Digər zərərçəkənlərin adları mətbuata bəlli deyil.

Rəqsanə İsmayılovanın axtarışa verilməsi ilə bağlı məlumatı mətbuata Suraxanı rayon Polis İdarəsinin rəis müavini Akif Nəzərli verib. A. Nəzərli R. İsmayılovanın vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirli bilinərək barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işinin başlandığını və məhkəmənin qərarı ilə axtarış elan olunduğunu bildirib.

Hazırda R. İsmayılovanın tutularaq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir. Onun MDB məkanında beynəlxalq axtarışa veriləcəyi gözlənilir. Əgər müğənninin günahı sübuta yetirilsə, onu 7 ildən 12 ilədək həbs gözləyir.

ANS PRESS-in məlumatına görə, Rəqsanə İsmayılovadan zərərçəkmişlər bir neçə polis idarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Bu müraciətlər toplanaraq Bakı Şəhər Baş Polis İdarəsinə göndərilib.

Müğənninin vəkili Xalid Bağırov Rəqsanənin axtarışa verilməsi xəbərinin doğru olmadığını deyir: "Rəqsanə İsmayılovanın barəsində axtarış verilməsi ilə bağlı məlumat düzgün deyil. Axtarışın verilməsi ilə bağlı qərarı məhkəmə verir və belə bir məhkəmə qərarı da yoxdur". Vəkil deyib ki, Rəqsanənin axtarışa verilməsi ilə bağlı mətbuatda məlumat yayılandan sonra Bakının Suraxanı, Nərimanov, Xətai və Nizami rayon Məhkəmələri ilə əlaqə saxlayıb. Vəkilin sözlərinə görə, Rəqsanənin axtarışa verilməsi ilə bağlı məhkəmə qərarının olmadığı məlum olub.

Xalid Bağırov bildirib ki, Rəqsanə İsmayılovanın istintaqa çağırılması ilə bağlı müstəntiqin polisə göndərdiyi məktub var. Həmin məktub istintaqa məcburi gətirilmə haqqında qərardır. Vəkilin sözlərinə görə, həmin məktubla şəxs haqqında axtarış verilə bilməz.

Xalid Bağırov bildirib ki, istintaqı aparılan işdə cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, həm Təranə Səmədova, həmdə Faiq Ağayevlə olan məsələ mülki qaydada məhkəmədə həll olunan məsələdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31