Nazirlik ictimaiyyətə müraciət etdi

Azərbaycan xalqının zəngin mədəni və mənəvi irsinin qorunması, təbliği, ölkəmizdə mədəniyyət sahəsinin bütün istiqamətlərinin inkişaf etdirilməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın daim diqqətindədir.

Olaylar.az bildirir ki, Mədəniyyət Nazirliyi tərəfindən  ölkəmizdə, bütün sahələrdə olduğu kimi, dövlət rəhbərliyinin yüksək diqqət və qayğı göstərdiyi mədəniyyət sahəsində də kompleks və sistemli islahatların həyata keçirilməsi günün tələbidir. Bu islahatların və görüləcək işlərin daha keyfiyyətli və səmərəli olmasını təmin etmək üçün mədəniyyətin müxtəlif sahələrində fəaliyyət göstərən təşkilatlar və fərdlərin iştirakı ilə məsləhətləşmələrin aparılması və sahəvi inkişaf proseslərində onların rəy və təkliflərinin nəzərə alınması planlaşdırılır.

Bu məqsədlə nazirlik aşağıdakı suallar ətrafında rəy və təkliflərinizi [email protected] e-mail ünvanına göndərərək bizimlə bölüşməyinizi xahiş edirik:

1. Mədəniyyət sahəsində siyasət və idarəetmədə gözləntiləriniz nədir?

2. Mədəni irsin mühafizəsi və inkişafı ilə bağlı hansı təklifləriniz vardır?

3. Mədəniyyət sahəsində yerli və beynəlxalq təbliğatın gücləndirilməsi üçün nə kimi yenilikləri təklif edərdiniz?

Rəy və təkliflərinizin  mədəniyyət sahəsində gələcək uğurlarımız üçün əhəmiyyətli olacağını düşünürük və öncədən təşəkkürümüzü bildiririk.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31