Tarixin canlı şahidləri: işğal altında qalmış abidələrimiz

30 iyul  Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələri" adlı vebinar təşkil edib. Tədbirin əvvəlində Mərkəzin əməkdaşı Sevinc Cəfərova tərəfindən hazırlanan "Qarabağın tarix və mədəniyyət abidələri" videoçarx nümayiş olunub.

Olaylar.az bildirir ki, daha sonra Mərkəzin sektor müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Səadət Şirinovanın moderatorluq etdiyi vebinarda AMEA Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Güntəkin Nəcəfli "Qarabağ abidələri", "Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrini müdafiə təşkilatı" ictimai birliyinin sədri, NK yanında itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupun üzvü Faiq İsmayılov "Azərbaycanın işğal altındakı ərazilərdə qalan tarix və mədəniyyət abidələrinin ümumi vəziyyəti", Şuşa Mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov "Şuşada tarixi abidələr", Qərbi Kaspi Universitetinin Tarix və Fəlsəfə kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru Nurlan Nəsirli "XIII-XIV əsrlərdə Qarabağın memarlıq abidələri", Azərbaycan Memarlar İttifaqının üzvü, Memarlıq üzrə fəlsəfə doktoru Rizvan Qarabağlı "Qarabağ memarlığı" mövzuları ətrafında, həmçinin Mərkəzin sektor müdiri Pakizə Almazova, şöbə müdirləri Sənan Talıbov, Nəzakət Rəhmanova, Nurəddin Babazadə geniş məruzələrlə çıxış ediblər.

Tədbiri yekunlaşdıran Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev qeyd etdi ki, belə vebinarlar Azərbaycan xalqının milli-mənəvi sərvətlərinin, mədəni irsinin, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunmasına, təbliğinə, tanıdılmasına, həmçinin gənclərin diqqətini cəlb etmək məqsədinə xidmət edir. Önəmli mövzu ətrafında alimlər ilə yanaşı gənclərin də toplaşması məsələnin daim diqqət mərkəzində olacağına ümid verir. Tədbirin sonunda birgə görülə biləcək layihələr haqqında geniş diskussiyalar aparılmışdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31