“Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafatlar” təqdim edildi

Bu gün AzərbaycanYazıçılar Birliyində “Vektor” Beynəlxalq Elm Mərkəzi tərəfindən “Şahmar Əkbərzadə adına Beynəlxalq Mükafatlar”ın təqdimetmə mərasimi keçirilib

"OLAYLAR"ın verdiyi məlumata görə, tədbir şair, "Vektor" nəşrlər evinin prezidenti Elçin İsgəndərzadənin çıxışı ilə açılıb: "Şahmar Əkbərzadə adına beynəlxalq mükafat 13-cü dəfədir ki, sahiblərinə təqdim edilir. Bugünki görüşün təşkilinə görə Azərbaycan Yazıçılar Birliyinə xüsusi təşəkkürümü bildirirəm. Şahmar müəllimi bu millətin ən böyük sərvətlərindən hesab edirəm. Şahmar müəllim öz həmkarlarından fərqli olaraq ölkəmizin digər türk dövlətləri ilə bağlılığını daha da sıxlaşdırdı. 2003-cü ildə görkəmli şəxsin adına hazırladığımız mükafat beynəlxalq status aldı. Bu vaxtadək "Şahmar Ələkbərzadə adına Beynəlxalq Mükafat"a layiq görülənlər sırasında görkəmli şəxslər arasından Zəlimxan Yaqub, Nizami Cəfərov, Rəşad Məcid, Sabir Rüstəmxanlı, Elçin Hüseynbəylinin adlarını qeyd edə bilərik. Bu gün isə 2012-ci ildə qeyd etdiyimiz mükafata layiq görülən şəxslərin mükafatlandırılma günüdür. Paşa Qəlbinur və və Narüngül xanıma fəaliyyətlərinə görə bu mükafatlar təqdim edilir".

Mükafata layiq görülən şair, professor Paşa Qəlbinur da öz növbəsində Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığını bildirib: "Şahmar Əkbərzadənin adına olan mükafata layiq görülmək mənim üçün fəxrdir. Heç bir ərizə olmadan mən Şahmar Əkbərzadə adına beynəlxalq mükafata layiq görülmüşəm. Buna görə, mənim əməyimi qiymətləndirən şəxslərə öz minnətdarlığımı bildirirəm". Narüngül Nadirqızı da öz növbəsində "Vektor" Beynəlxalq Elm Mərkəzinə və onun rəhbəri Elçin İsgəndərzadəyə təşəkkürünü bildirib: "Mənim ilk kitabım da "Vektor" nəşrlər evində çapa hazırlandı. Bu gün də elə həmin qurum tərəfindən hazırlanan mükafata layiq görülürəm. Bunun üşün hər kəsə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi 1000-ə yaxın kitab nəşr edən qurum 200-dən artıq  gənc yazarın kitabının çapında da əvəzsiz xidmət göstərib. Gənc yazarlara göstərdiyi diqqət və qayğıya görə, Elçin bəyə xüsusi ilə minnətdaram". Daha sonra orta məktəb şagirdi Təyyar Şərifli də Şahmar Əkbərzadənin "Kölgəm" şeirinə yazdığı nəzirəyə görə mükafatlandırılıb. Şair-publisist, ictimai-siyasi xadim, Novorossiskdə fəaliyyət göstərən Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun prezidenti Mirkazım Seyidov da təqdim olunan kitablar və yazıçılar haqda fikirlərini bölüşüb: "Elçin bəyə minnətdarlığımı bildirirəm. Bu gün kitabı təqdim olunan Ədalət Əsgəroğlu və Kəmallədin Qədiminin fəaliyyətini də yüksək qiymətləndirirəm. Bu ay Ədalətin Novorossiskidə 55 yaşının tamam olması münasibəti ilə kitabının təqdimatı olub. O, "İrfan" adlı şeirlərindən sonra daha çox mükafatlandırıldı".  Mirkazım Seyidov daha sonra Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun ünvanladığı məktubu da qonaqların nəzərinə çatdırıb. Şair Ramiz Məmmədzadə də cavanlıq dostlu olan Şahmar Əkbərzadə və kitabları təqdim olunan yazarlar haqda fikirlərini jurnalistlərlə bölüşüb: "O dövrlər əvəzsiz xidməti olan şəxslərə qiymət verilmirdi. Nə yaxşı ki, zəmanə dəyişib. Artıq pisi, yaxşını aid edirik.  Şahmar kimi böyük şəxslərin adının əbədiləşdirilməsi təqdirəlayiq işdir. Ədalət Əsgəroğlu həmişə şər-böhtana qarşı çıxıb. O heç vaxt imkan verməz ki, kimsə yazıçıların məscidinə daş atsın. Sizin şeirlərinizdəki misralar da fərqli duyum var. Bir misra ilə belə şair olmaq olar. Necə ki, Ədalət bəy "Şuşadan tanrı köçür" deyib. Çox fərqli və maraqlı ifadədir. Sonda tənqidçi Vaqif Yusifli də təqdim olunan kitablar haqda fikirlərini qonaqlarla bölüşüb: "Kəmaləddin Qədiminin kitabı özünəməxsusluğu ilə seçilir. Kitab haqda "Yeddi qapı" başlığı altında ön sözümü yazmışam. Ədalət Əsgəroğlu isə ürfani şair olması ilə fərqlənir. Gözəl şair, yazar olmaq üçün qrammatikanı, nəzəriyyəni, durğu işarələrini gözəl bilmək kifayət etməz. Çalışmaq lazımdır ki, tənqidin gözü kor olmasın". Narüngül Nadirqızı və gənc şair Təyyar haqda fikirlərini bölüşən tənqidçi onlara da uğurlar diləyib: "Narüngül Nadirqızı öncələr şeir yazırdı. Artıq nəsr əsərləri də yazır. Düzdür yazılarında müəyyən nöqsanlar hiss olunur. Gənc şairə də öz fəaliyyətində uğurlar arzulayıram. Mən belə güman edirəm ki, o beyaq bizim üçün oxuduğu şeirlərlə daha da irəliyə gedə biləcək. Sonda isə gənclərə ayırdığı diqqət-qayğıya görə Elçin müəllimə təşəkkür edirəm. O qədər olub ki, o təzə fəaliyyətə başlayan yazarlara təmənnasız olaraq kömək edib".  Tədbirin sonunda Ədalət Əsgəroğlu xidmətinə görə pulla mükafatlandırılıb.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31