Bir insan üst-üstə kiməsə xoş gələn söz yaza bilirsə o xoşbəxtdir - MÜSAHİBƏ

Təhməz Əsədov: “Şəhərin qulaqbatıran uğultusu, metrolarda insan qarmaşasının səs-küyü, dilənçilərin insanlardan mərhəmət diləyən baxışları, ac köpəklərin yağışlı havaların dalanlarında bir parça çörək üçün yaltaq-yaltaq quyruq bulaması boş bir şey deyil”

Müsahibimiz gənc müğənni Təhməz Əsədovdur.

- Əsl peşə sahəniz jurnalistikadır, amma siz irəliyə getmək üçün musiqi yolunu tutdunuz. Təhməz bəy, çox maraqlıdır, nəyə görə məhz könlünüzdən müğənni olmaq keçdi?

- Musiqi və jurnalistikanı birləşdirən əsas amil hər ikisinin adının yaradıcılıqla çəkilməsidir. Bir çox səbəblər oldu ki, jurnalistika fakültəsini bitirməyimə baxmayaraq musiqini seçdim. Hələ orta məktəbdə oxuyarkən qarşıma məqsəd qoydum ki, musiqiçi olacağam. Klassik Azərbaycan, rus, türk, Avropa musiqilərinə olan həvəsim məni də o yola istiqamətləndirdi. Xüsusən Motsart, Şopen kimi bəstəkarların bəstələrini dinləmək musiqiyə qarşı hiss etdiyim ehtirası bir az daha alovlandırdı. Heç vaxt böyük iddialarda olmamışam. Sadəcə olaraq öz çərçivəmdə nəsə etməyə can atmışam. Bir-iki musiqilərimi dinləyən olsun mənə bəs edər. Yadımdadır, ali məktəbdə oxuyarkən yazdığım şeirlərimdən birini tələbə yoldaşlarımdan biri gördü və mənə dedi ki: "Yazdığın şeirə musiqi bəstələyə bilərsən?" Bu sual uzun müddət beynimdə ilişib qaldı, aradan xeyli keçdi və bir də baxdım ki, öz köhnə pianomun arxasında yazdığım şeirə musiqi bəstələmişəm. Musiqi məni xoşbəxt edir.

- "Bir zamanlar" mahnısı "Youtube"də qısa zaman ərzində geniş dinləyici auditoriyası qazandı

- "Bir zamanlar" hələlik sonuncu mahnımdır, söz və musiqisi mənə aiddir. Əlbəttə, mahnıya qısa zamanda belə bir marağın olması məni sevindirməyə bilməzdi. Dinləyiblərsə demək nəsə etmişik. Həmd olsun Allaha! Əlimdən gəldiyimiz qədər yazmağa çalışırıq. Davamı gəlsin deyirəm, İnşallah.

- Mahnı və şeirlərinizin məzmunu uğursuz eşq macəralarından danışır. Sizi bu dildə danışmağa vadar edən səbəblər nədir, bəlkə mahnılarınız sizin deyə bilmədiklərinizi deyir? 

- Düzdür, şeir və mahnılarımın böyük əskəriyyəti sonu bir heçlə birən hekayələrdən bəhs edir. Bir zamanlar sevdiyim bir qız vardı. Necə deyərlər o, uğrunda ölə biləcəyim yeganə insandı. Gözlərini gözlərimdən, saçının qoxusunu burnumdan, əllərini əllərimdən qısqandığımdı. Lakin zamanla onun haqqında olan bu düşüncələrimin o qız üçün bir heç olduğunu gördüm. Onun özü mənə belə dedi. Mən əsgəri xidmətdə olarkən başqasına nişanlanmaqla dedi. Bəzən mahnılarda və kinolarda belə səhnələr o qədər də insana təsir etmir. Çünki o qədər eşidirsən ki, insan üçün adiləşir. Belə bir şeyi yaşamaqsa kinodan da dəhşətlidir. Elə sakitcə çəkib getdi ki, adamın nəfəs almağa belə taqəti gəlmirdi. O getməyin üstündən milyonlarla söz demək olardı. Mən isə deyə bilmədim və sadəcə yazdım. Yazdıqca bir şeyi dərk etdim ki, içimdən gəldiyi qədər yazdığım sözlər heçlikdən gəlmir. Bir insan üst-üstə kiməsə xoş gələn söz yaza bilirsə o xoşbəxtdir. Bədbəxtliksə insana yazdırır. Sonda isə o, qıza yalnız xoşbəxtlik arzu edə bilərəm.

- Reallıqmı, ya görmək istədikləriniz sizin üçün söz obyektidir?

- Həyatda gördüyüm və gündəlik rastlaşdığım bir çox şeylərin hərəsi mənim üçün bir obrazdır. Həyatda adi bir toz dənəciyi belə boş deyil. Kitabdan xoşuma gələn bir cümlə belə bəstələrim və mahnılarım üçün yeni bir cığır açır. Şəhərin qulaq batıran uğultusu, metrolarda insan qarmaşasının səs-küyü, dilənçilərin insanlardan mərhəmət diləyən baxışları, ac köpəklərin yağışlı havaların dalanlarında quyruq bulamaları boş bir şey deyil.  

- Gələcək planlarınız barədə nə deyə bilərdiniz?

- Hal-hazırda studiyada yeni mahnılarım üzərində işləyirəm. İnşallah, işimiz uğurlu olsa yaxın günlərdə "Adsız roman", "Səndən sənsizliyə" adlı mahnılarım da işıq üzü görəcək. "Bir zamanlar" mahnısına isə klip çəkdirməyi düşünürəm. Bundan başqa söz və musiqisi özümə aid bir neçə mahnı var ki, yaxın aylarda çıxarmağı hədəflədiyim ilik albomuma salınacaq. İnşallah yazdığım yeni mahnıları yaxın müddət ərzində televiziyada görmək mümkün olacaq.

Ömər Zamin

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31