“Musa Musayevin ciddi psixoloji problemi var”

“Bütün bu olaylar ailənin normal olmamasından xəbər verir”

Son zamanlar bir-birlərinə qarşı söylədikləri təhqiramiz fikirləri ilə  gündəmə gələn Təranə Qumral-Musa Musayev cütlüyünün ötən gün barışma xəbərinin yayılması cəmiyyətdə yenidən "partlayış" yaratdı. Öncə tərəflərin bir-birlərinə qarşı söylədikləri fikirlərə inana bilməyənlər iki gün sonra cütlüyün yenidən barışma xəbərini eşidərək sözün əsl mənasında çaşbaş qaldı. Kimisi onların reklam xatirinə bu cür addım ataraq gündəmə gəlmək niyyətində olduqlarını, kimisi isə həyat yoldaşı haqda təhqiramiz fikirlərə görə Musa Musayevin psixoloqa, hətta psixoterapevtə ehtiyacı olduğunu söyləyib. Bəlkə də, heç bir psixoloqa ehtiyac yoxdur. Ola bilər ki, bütün bu söz-söhbətlərin kökündə ailənin formallığı dayanır. Formal ailə üçün gündəmə gəlmək xatirinə pis şəkildə də olsa reklam olunmaq heç bir önəm daşımır. Psixoloqlar da mövzuya münaisbətlərini bildirərkən bu haqda danışıblar. Tərəflərin media nümayəndələrinə verdikləri açıqlamalarda da müəyyən ziddiyətlərin olması Təranə-Musa cütlüyünün reklam xatirinə belə addım atmasını söyləməyə əsas verir. Öncəki açıqlamasında Musa ilə 3 ildir rəsmən boşandıqlarını, ayrı yaşadıqlarını deyən, hətta istədiyi vaxt ərə getmək hüququna malik olduğunu söyləyən T. Qumral növbəti gün həmin fikirləri təkzib edərək fərqli mövqedən çıxış edib. Təranə Qumral sonrakı açıqlamasında rəsmən boşandıqlarını təsdiq etsə də, qətiyyən ayrılmadıqlarını, birlikdə yaşadıqlarını, bu vaxtadək yalnız Musanı sevdiyini deyib. O,  boşanmalarına səbəb kimi Musanın çox adamlara borclu olmasını söyləsə də qarşı tərəf tamam fərqli mövqe nümayiş etdirib. Musa Musayev Təranə Qumralı yataqda şəmkirli kişi ilə tutduğunu deyərək, barışıq mövqeyindən çıxış etməyəcəyini, bir daha onun yanına qayıtmayacağını söyləyib. Hətta o  "onun yanına qayıtsam başıma şal bağlayıb gəzərəm" deyə fikrini yekunlaşdırıb. Söylənilən bu sözlərin, təhqiramiz fikirlərin qarşılığında cütlüyün barışmasına nə səbəb oldu? Bu mövzu ətrafında danışmaq üçün psixoloqların da münasibətini öyrəndik.

Psixoloq Elnur Rüstəmov insanların heysiyyatı ilə oynayan tərəflərə qarşı cəmiyyətdə ictimai qınağın olmasının zəruriliyini söyləyib: "Ümumiyyətlə bu cür məsələlərə qarşı cəmiyyətdə ictimai qınaq olmalıdır. İnsanların heysiyyatı ilə bu qədər oynamaq olmaz. Kişi öz qadınına öncə böhtan atır, daha sonra onunla barışır. Onun humanizm, ailə dəyərlərini qorumaq xatirinə həyat yoldaşına qarşı barışıq addımını atmasını yaxşı qiymətləndirmək olmaz. Hətta hadisə Musa Musayevin dediyi kimi olsa belə onun xanımı haqda bu cür təhqiramiz fikirlər səsləndirməyə  haqqı yox idi.  Bu yolla ailə məsələsini ictimai müzakirəyə çıxarmaq olmaz. Belə qalmaqallı, söz-söhbətli tanınmış ailələrin münaqişələrinin müzakirəsi nə yaxşı ki, bizdə hələ ənənə halını almayıb. Onlar bu problemləri ictimai müzakirəyə çıxarmaqla cəmiyyətə də pis örnək olurlar. Sabah bir başqası baxıb onları yamsılaya bilər. Bu gün çox qəribə baxdığımız bu cür nüanslar sabah bizim üçün adiləşə bilər. Bu isə çox təhlükəlidir. Vaxt vardı, cinayət hadisələri də çox az olurdu. Amma indi televizoru açan kimi, birinin digərini öldürməsini eşidirsən. Ölüm adiləşdiyi üçün hər an dəhşətli cinayətlər baş verir. Ailədaxili münaqişələrin müzakirəsi də cəmiyyətdə adiləşsə ailələrimizin vəziyyəti daha da betər olacaq. Onsuz da ailədaxili müdaxilələr istənilən qədər söz-söhbət yarada bilir. Bu  cütlüyün ailədaxili  söhbətlərinin cəmiyyətdə  müzakirəsinə görə zəruri tədbirlər görülməli, ictimai qınaq yaradılmalıdır".

-Ümumiyyətlə belə demək olarmı ki, Musa Musayevin ciddi psixoloji problemləri var?

-Bəli, baş verən son hadisələr, ziddiyyətli fikirlər bizə bunu söyləməyə əsas verir. Mən belə düşünürəm ki, Musa Musayevin özünün ciddi psixoloji problemi var. Onun hətta əxlaqla bağlı problemləri də var. O müayinədən keçməlidir. Əvvəlcə ailəsi haqda belə fikirlər səsləndirib daha sonra heç nə olmamış kimi xanımı ilə necə barışa bilər?  Musa Musayevin həm psixoloq, həm də psixoterapevt dəstəyinə ehtiyacı var.

-Hər zaman ideal ailə olaraq qəbul etdiyimiz bu cütlüyün arasında baş verən münaqişəli məqamlar da cəmiyyətdə pis təəssürat yaratdı...

-Bütün bu olaylar ailənin normal olmamasından xəbər verir. Burda əsas təəssüfləndirici məqam isə cəmiyyətin aldadılmasıdır. Çünki tamaşaçı hər zaman bu ailəni ideal bilmişdir. Hər kəsi aldadıb, yalandan özlərini xoşbəxt cütlük kimi göstərmək insanların hesiyyatı ilə oynamaqdır.

-Bildiyimiz kimi Musa Musayevin ailəsi Təranə Qumralla ailə həyatı qurduğu üçün ondan imtina edib. Bu cür nüansların da münaqişələrin yaranmasında rolu ola bilərmi?

-Əlbəttə ki, ola bilər. Kənar müdaxilələr hər zaman ailədaxili söz-söhbətlərin yaranmasına, tərəflərin ayrılmasına səbəb ola bilir. Bu cür problemlərin yaranmasında ailədaxili münaqişələrin rolu böyükdür.

***

Psixoloq Ramil Nəcəfli də bu cür ailələrin cəmiyyət üçün pis örnək olduğunu dedi: "Bu yaxınlarda telekanalların birində onları birgə gördüm. Ər-arvad birgə qurduqları ailədən, mehriban olmalarından dəm vururdu. Onların bu danışıqları tamaşaçıda elə bir təəssürat yaratdı ki, sanki bunların ailəsi ən möhkəm və ideal ailədir. Son baş verən olaylar isə əslində onların bu neçə ildə hər kəsi aldatdığını, tamaşaçının hissi ilə oynadığını sübut edir. Yalandan hər kəsi aldadıb, onlarda xəyal qırıqlığı yaratmaq lazım deyil. Əxlaqdan daha çox əxlaqsızlıqlar, ideal ailədən daha çox ailədaxili münaqişələri, söz-söhbətləri olanlar danışır. Azərbaycanda gözəl nümunə olacaq möhkəm, ideal ailələr nə qədər desən var. Bu ailələri də işıqlandırıb cəmiyyətə örnək olaraq göstərmək lazımdır. Lakin əxlaqlı adamlar, möhkəm ailəyə sahib olanlar çalışırlar ki, ailə mövzusundan kənarda qalsınlar. Çünki o da sabah öz ailəsi haqda nəsə danışsa yaxınları, onu sevənlər bu addıma görə həmin şəxsi qınayacaqlar. Jurnalistlər buna cəhd edib, nümunəvi ailələri göstərməyə çalışsa da bu təklif qarşı tərəfdən razılıqla qarşılanmır".

-Təranə Qumral da verdiyi açıqlamasında üç ildir ki, Musa Musayevlə formal olaraq yaşadığını, istənilən vaxt ərə gedə biləcəyini qeyd etmişdir. Tərəflərin üç ildən sonra bir-birləri haqda bu cür fikirlər səsləndirməsi, sonradan isə heç nə olmamış kimi barışması hər kəsdə böyük maraq yaradıb. Sizcə formal olaraq adlandırılan ailə ola bilərmi ki, toy bazarında daha  çox tanınmaq, gəlir əldə etmək xatirinə bu yolla özlərini reklam etsin?

-Onların toy bazarı da yaxşı idi. Bu cür söz-söhbətlərə nə səbəb ola bilər? Başqa bir mövzu ilə gündəmə gəlib, daha da məşhurlaşa bilərdilər. Lakin özlərini, ailələlərini rüsvay edəcək formada reklama heç bir ehtiyac yox idi. Mən onların bu addımını rüsvayçılıq, öz auditoriyalarına qarşı hörmətsizlik kimi qarşılayıram. Cütlük bir-birlərinə qarşı bu cür davranışla onlara dəyər verənlərin hissləri ilə oynadı. Onların bu cür söz-söhbətlər yaradıb daha sonra barışmalarını pisləyirəm. Adamlar reklam xatirinə ən pis addımlar da atmağa hazırdılar. Belə də ola bilər. Həqiqətən bunlar üç il ərzində formal ailə olubsa, birdən-birə belə qalmaqalın yaranmasına da reklam səbəb ola bilər. Necə ola bilər ki, üç il müddətində bütün bu münaqişələrə göz yumub, özünü ideal ailə kimi  cəmiyyətə çatdırdıqdan sonra hər şeyin belə olmadığını göstərərək cəmiyyətdə partlayış yaradırsan. Evində arvadını başqa kişi ilə tutduğunu iddia edirsən? Deməli bu cür hadisələr indiyənədək olub. Tərəflər ailələri formal olduğu üçün yalnız indi reklam xatirinə belə addım atıblar. Cabbar Musayev də jurnalistlərə verdiyi açıqlamaların birində qardaşlarının namussuz, qeyrətsiz olduğunu demişdi. Əgər bu dözülməz hal idisə indiyənədək necə bir yerdə olublar? Nəyə görə bu olayla bizi şoka saldılar? Camaatın hissi ilə bu qədər oynamaq, əylənməkmi olar? Öncə ideal ailə olduqlarını reklam edirlər, daha sonra isə efirə çıxıb vulqarcasına bir-birlərini təhqir edirlər. Əri qadınını başqa kişi ilə yataqda tutduğunu, arvadı isə onu heç vaxt sevmədiyini, üç il formal ailə olaraq yaşadıqlarını biabırçı formada səsləndirir. Ən böyük biabırçılıq onların danışıqları yox, hər kəsi aldatmasıdır.

-Jurnalistlərin, media qurumlarının bu cür məsələləri geniş işıqlandırması necə, cəmiyyətdə pis örnək yarada bilərmi?

-Artıq informasiya əsridir. Bu cür şeylər normal qarşılanır. Jurnalistin biri  bu haqda yazmağı özünə sığışdırmasa da digəri reytinq qazanmaq, oxucu toplamaq, maraq xatirinə bu məsələləri işıqlandırır. Söz birliyi mümkün olmadığı üçün müxtəlif fikir ayrılığı yaranır. Artıq informasiya mübadiləsinin qarşısını almaq olmur. "Facebook", "Youtube" kimi sosial şəbəkələr, internet saytlarında xəbərin yayımının qarşısını almaq olmur. İnformasiya əsri olduğu üçün mən də bu cür xəbərlərin yayımına pis baxmıram. Qoy elə bu işlə məşğul olsunlar.

-Baş verən bu cür anoloji hallar cəmiyyətə pis örnək olur. Öncələr qeyri-adi olan bir addım adiləşdiyi kimi, sabah ailələrin bu cür formal olması da adiləşə bilər. Bu isə ailə dəyərlərimizə vurulan ən böyük zərbə hesab olunmalıdır...

-Əlbəttə bu cür hadisələr cəmiyyətdə pis örnək yaradır. Biri kiminsə ailəsinin formal  olduğunu görüb öz ailəsində də bu cür formallığa normal baxacaq. Birinin əri, digərinin arvadı gedib başqası ilə yaşayacaq. Sonradan da hər iki tərəf arasında soyuqluq yaranacaq. Vaxt keçdikcə bu cür hallar adiləşərək kütləvi hal alacaq.

-Bəs, baş verə biləcək arzuolunmaz halların qarşısını necə almaq olar?

-Bu cür vəziyyətdən çıxış yolu yoxdur.

-İctimai qınaq necə olmalıdırmı?

-Bizdə dərhal qamçılamaq dəbdir. Bir şey olan kimi hamı deyir ki, bu cür məsələlərə  qarşı ictimai qınaq olmalıdır. Bəzi məsələlərdə ictimai qınağa çox ehtiyac var.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31