Qazaxıstanda keçiriləcək “KİTF 2013” Beynəlxalq Turizm Sərgisində yerli nümayəndələr iştirak edəcək
23 Aprel 2013 18:32 MədəniyyətAprelin 24-26-da Qazaxıstanın Almatı şəhərində keçiriləcək "KİTF 2013" Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Daxili turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, Turizmin marketinqi və təbliğatı sektorunun aparıcı məsləhətçisi Leyla Verdiyeva və Nazirliyin mətbuat katibi Zöhrə Əliyeva Almatı şəhərinə ezam olunub
Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a daxil olan məlumata görə, sərgidə "Millennium Tourism and Congress" turizm şirkəti, "Chinar Hotel and Spa Naftalan", "Jumeirah Bilgah Beach hotel" və "Divan Express Baku" mehmanxanaları təmsil olunacaq. Qeyd olunan beynəlxalq tədbirdə ölkəmizin turizm potensialının təbliğ olunması məqsədilə 36 kv.m sahə icarəyə götürülən və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və rus dillərində müxtəlif növ reklam-çap məhsulları da hazırlanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri birinci dəfədir ki, Almatıda keçirilən "KİTF" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Bu il təşkil olunacaq tədbirdə ölkəmiz ilə yanaşı, 43 ölkədən 203-ə yaxın şirkət də təmsil olunacaq.
Xatırladaq ki, ötən il Azərbaycana 25295 nəfər Qazaxıstan vətəndaşı gəlib və belə sərgilərdə iştirak etməklə 2013-cü ildə bu sayın daha da artacağı gözlənilir.