Bakıda Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı keçirilir
Aprelin 22-də Bakıda İpək Yolu üzərində davamlı turizmin inkişafının dəstəklənməsi və BMÜTT-nin İpək Yolu təşəbbüsü çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Ümumdünya Turizm Təşkilatının III BMÜTT İpək Yolu İşçi Qrupu Toplantısı təşkil olunub
22 Aprel 2013 17:48 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, BMÜTT-nin icraçı direktoru Zoltan Somogi, həmçinin, BMÜTT, YUNESCO, Turizm Bələdçiləri Assosiasiyalarının Ümumdünya Federasiyası (WFTGA), iştirakçı ölkələr və Azərbaycandan olan nümayəndələr iştirak edir.
Tədbirin ilk günündə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış nitqi ilə çıxış edərək görüşün əhəmiyyəti, "İpək Yolu" layihəsi üzrə əməkdaşlığın inkişaf perspektivləri, BMÜTT çərçivəsində fəaliyyətin əhəmiyyətli nəticələri barədə danışıb. Daha sonra BMÜTT-nin Baş katibi Taleb Rifainin video-nitqi tədbir iştirakçılarına təqdim edilib. İclasda çıxış edən BMÜTT-nin icraçı direktoru Zoltan Somogi Azərbaycan tərəfinin layihəyə verdiyi önəmi və Təşkilat çərçivəsində apardığı təqdirəlayiq fəaliyyəti yüksək qiymətləndirmiş və tədbirin müsbət nəticələr verəcəyinə inandığını da vurğulayıb. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev turizm sahəsində ən uzun müddət (12 il) fəaliyyət göstərən nazir kimi BMÜTT tərəfindən Azərbaycanda turizm sahəsinin inkişafına verdiyi töhfələr və BMÜTT ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə göstərdiyi səylərə görə mükafatla təltif olunub. İki gün davam edəcək tədbirdə İpək yolu üzrə xüsusi layihə, 2013-2014-cü illər üçün tədbirlər planı, iştirakçı ölkələrin fəaliyyət istiqamətləri, layihənin perspektivləri və bu sahədə fəaliyyətin daha səmərəli nəticələr verməsi üçün gələcəkdə həyata keçirilməsi mümkün olan digər tədbirlər müzakirə ediləcək.