Əbülfəs Qarayev Saatlı şəhərində vətəndaşları qəbul edib
Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, Şirvan, Hacıqabul, İmişli, Beyləqan, Ağcabədi, Laçın və Füzuli rayonlarından olan vətəndaşların qəbulunu keçirib
19 Aprel 2013 17:56 MədəniyyətMədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a daxil olan məlumata görə, 50-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılıb. Təşkil olunan görüş zamanı 50-dək vətəndaşın müraciətinə baxılıb.
Müraciətlər əsasən kəndlərdə musiqi məktəblərinin tikintisi, mədəniyyət evlərinin maddi-texniki bazasının gücləndirilməsi, təmiri, mədəniyyət kollektivlərinin geyim və musiqi alətləri ilə təmin olunması, gənc kadrların işlə təminatı, sosial müavinətlərin, güzəştli ipoteka kreditlərinin verilməsində kömək göstərilməsi və sair məsələlərlə bağlı olub. Nazir Əbülfəs Qarayev hər il ölkənin müxtəlif regionlarında mədəniyyət ocaqlarının, o cümlədən musiqi məktəblərinin tikintisi və əsaslı şəkildə yenidən qurulması ilə bağlı işlərin görüldüyünü xatırladaraq, qəbul olunacaq yeni investisiya layihələrində bu məsələnin nəzərdə saxlanılacağını bildirib. Nazir ötən il bir sıra mədəniyyət kollektivlərinə geyimlərin verildiyini, bununla bağlı qaldırılan problemlərin də qısa zamanda həll olunacağını vurğulayıb. Görüşdə klub və mədəniyyət evlərinin bazası əsasında mədəniyyət mərkəzlərinin yaradılmasının yerlərdə təqdirlə qarşılandığı qeyd edilərək, mədəniyyət müəssisələrinin bir çoxunda ali təhsilli işçilərin sayının az olması nəzərə çatdırılıb. Yerlərdə mədəniyyət müəssisələrinə kadrlar tələbatını qismən həll etmək üçün humanitar sahədə təhsil alıb iş axtaran gənclərin qısamüddətli xüsusi kurslar vasitəsilə mədəniyyət ixtisaslı profillərə uyğunlaşdırılması, onların müvafiq işlə təmin olunması, habelə yerlərdəki mədəniyyət ocaqlarında ödənişli dərnəklərin yaradılması təklif edilib.
Təklifləri müsbət dəyərləndirən nazir Əbülfəs Qarayev həyata keçirilən pilot layihələrdə bu məsələlərin nəzərə alınmasının vacibliyini bildirib. Nazir bəzi müraciətlərin yerindəcə həll olunması üçün konkret tapşırıqlar verib, səslənən bir sıra məsələlərlə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılacağını diqqətə çatdırıb.