Bu gün "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunun açılışı olacaq

Mədəniyyət və Turizm Nazirliyindən "OLAYLAR"a veilən məlumata görə, 18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi Abidələr və Tarixi Yerlər Günü üzrə Beynəlxalq Şuranın (İKOMOS) təklifi, Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatının (YUNESKO) tövsiyələri əsasında hər il qeyd edilir. Cari ildə bu günün daha geniş və əlamətdar şəkildə qeyd edilməsi məqsədilə 18 aprel tarixində təntənəli bayram tədbirlərinin təşkili də nəzərdə tutulub. Tədbirlər çərçivəsində 29.03.2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğu ərazisindəki tikililərin və abadlaşdırılmış məbədətrafı ərazilərlə ictimaiyyətin tanışlığı həyata keçiriləcək. Bu günün əsas məqsədi cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. 
Ölkəmizin zəngin mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı"nın 2013-cü il üzrə qaliblərinin mükafatlandırılması mərasimi də təşkil ediləcək. Rəsmi və bədii hissədən ibarət olacaq tədbirdə, ölkəmizin dövlət və hökumət nümayəndələrinin, diplomatik korpusların, elm ictimaiyyətinin və xarici dövlətlərdən dəvət edilmiş çoxsaylı qonaqların iştirakı gözlənilir. Tədbirin bədii hissəsi "xalq gəzintisi" formatında təşkil ediləcək, qonaqlara və ictimaiyyət nümayəndələrinə geniş konsert proqramı və meydan tamaşaları təqdim ediləcək, tədbirin sonunda atəşfəşanlıq təşkil ediləcək. Tədbir 18 aprel tarixində, saat 18.30-da Bakı şəhəri, Suraxanı rayonu "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31