Sərdar Cəlaloğlu özünü çaşqın vəziyyətə salıb
Əkbər Qoşalı: “Xalq şairinin 30-cu illərdə - Mir Cəfər Bağırovun, Stalinin hakimiyyəti dönəmində dəstəklədiyi siyasi ideologiyaya görə tarixin bu üzündən o üzünə Səməd Vurğunun üzünə şapalaq kimi vurmaq düzgün deyil”
18 Aprel 2013 14:24 Mədəniyyət"Səməd Vurğun 31 mart qırğınını, o boyda hadisəni inqilab kimi, Azərbaycan xalqının azadlıq hərəkatı kimi təsvir edib. Azərbaycan xalqının düşməni Şaumyanı "baba" adlandırıb. Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadəni alçaq, vətən xaini adlandırıb, ona tüpürüb. Bunların müqabilində mən ona "dılğır" demişəm!" Mətbuata açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu belə deyib. Sərdar Cəlaloğlunun hələ də Səməd Vurğun haqqında işlətdiyi təhqiramiz "dılğır" sözünün üstündə durduğunu deyən yazıçı-publisist Əkbər Qoşalının sözlərinə görə ADP sədri verdiyi açıqlamalarla özünü çaşqın duruma salıb: "Siyasi partiya liderinin, ölkə rəhbəri olmağa can atan bir şəxsin özünü çıxılmaz duruma salmasını başa düşmək olmur. -Gah deyir, "o sözü işlətməmişəm - müsahibədən qıraqda sözgəlişi demişəm", gah o sözün heç də pis söz olmadığını əsaslandırmağa çalışır, gah da bir daha o sözü təkrarlayır, deməkdə haqlı olduğunu isbata çalışır... Əgər Sərdar Cəlaloğlu bugün- dünyanın düz vaxtı - müstəqil Azərbaycanda yaşay-yaşaya özünü çaşqın duruma salırsa o, ötən yüzilin 30-cü ullərində yaşaydı görün nə hallara düşərdi.!? Zəmanət yoxdur ki, sabah daha da çıxılmaz durumlara düşməyəcək. Səməd Vurğunun da, onun dövrdaşlarının da siyasi ideologiya baxımından müəyyən səhvləri ola bilər. Xalq şairinin 30-cu illərdə - Stalinin hakimiyyəti dönəmində, repressiya maşınının amansız dişlərinin qıcandığı vaxtda... "dəstəklədiyi" siyasi ideologiyanı görə tarixin bu üzündən o üzünə Səməd Vurğunun üzünə şapalaq kimi vurmaq düzgün deyil. Səməd Vurğun şairdir, ona yaradıcılığına, belə deyək, yaratdığı estetik dəyərlərə görə qiymət vermək lazımdır və onun 30-cu illərdə hansı siyasi ideologiyanı dəstəkləməsi bu günümüz üçün nə qədər güncəl mövzudur?. Özünü ölkə siyasətində sözünü demiş siyasətçi kimi hiss edən şəxs Azərbaycanın görkəmli simaları ilə bağlı dediyi sözləri korrektə etməyə məcburdur, o küçədən keçənin biri deyil axı. Məhəmməd Əmin Rəsulzadənin Səməd Vurğun barədə dediyi sözlər yaxınlarda mətbuatda işıqlandırıldı. Rəsulzadə heç də Vurğun haqqında sərt ifadələr işlətməyib. M.Ə.Rəsulzadə Səməd Vurğunu vətənpərvər insan kimi xarakterizə edib. Sərdar Cəlaloğlu bu nöqtəyə də diqqət yetirsə daha düzgün olardı. Şairin ən böyük ideoloqluğu onun söz sənətinə verdiyi dəyər və töhfələrdir. Tək Azərbaycan dilinə verdiyi önəmli töhfələrə görə xalqın tanınmış simasına sayğı ilə yanaşmaq hamımızın mənəvi borcudur". ("OLAYLAR" İA)