“Milli irs mükafatı” veriləcək

Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin əmrinə əsasən ölkəmizin mədəni irsinin tədqiqi, mühafizəsi və təbliği sahəsində görülən işləri təşviq etmək məqsədilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs mükafatı" təsis edilib. Nazirliyin məlumatına görə, mükafatın təsis edilməsində məqsəd Azərbaycanın mədəni irsinin inkişafı naminə elmi tədqiqat və araşdırmaların aparılması, tarix və mədəniyyət abidələrinin mühafizəsində qabaqcıl standartların tətbiqi, daşınmaz tarix və mədəniyyət abidələrinin orijinal və müstəsna üsullarla bərpası və konservasiyası, daşınmaz tarix və mədəniyyət abidələrinin təmir-bərpa işlərinin uğurlu və müasir texnologiyalar əsasında layihələndirilməsi, Azərbaycanın mədəni irsinin yerli, regional və beynəlxalq aləmdə tanıdılması və təbliği, gənclər arasında milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, onların maarifləndirilməsi və mədəni irsin qorunması sahəsində ixtisaslı kadrların hazırlanması üzrə əldə olunmuş nailiyyətlərin qiymətləndirilməsi və bu barədə geniş ictimaiyyətin məlumatlandırılmasından ibarətdir. 
Mükafat memarlıq, arxeologiya və etnoqrafiya, mədəni turizm, tarix və mədəniyyət abidələrinin bərpası, mədəni irsin tədqiqi, təbliği və mühafizəsi istiqamətləri üzrə  nominasiyalarda veriləcək. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31