İradə İbrahimova: “Kim deyir ki, mən varlı ailənin gəliniyəm?”

“Özümə əxlaqlı dedikcə tamaşaçı da gülüb mənə, kimə nağıl oxuyursan?”

"Hər normal kişi kimi həyat yoldaşımın da ağlında şübhələr olub ki, sənətçi bir xanımla evlənməyin nəticəsi necə ola bilər"

Bir neçə il öncə ailə həyatı qurub Türkiyədə yaşayan müğənni İradə İbrahimova yaxın günlərdə yeni musiqi albomunu təqdim etməyə hazırlaşır. Sənətçi Azərbaycan və Türkiyə musiqi aləmində baş verənlər, şəxsi həyatı barədə geniş açıqlama verib.
Publika.Az müsahibəni təqdim edir.

- İradə, təxminən bir il əvvəl görüşmüşdük. Bizim son müsahibəmizdən bu yana, yaradıcılığınla bağlı yaxşı xəbərlər eşitdik. Amma sonra mətbuata səninlə bağlı dərin bir səssizlik çökdü.
- Vallah, əlimdə hazır iş olmadığına görə xəbər yoxdur. Mahnıların, diskin üzərində işlər gedir. Bu işlər hazır olduqdan sonra nəticəni gözləmək qalır. Görək də, necə reaksiya verəcək.

- Reaksiya demişkən... Uzun müddətdir Türkiyə musiqi səhnəsinə axın başlayıb və davam edir. O işlərlə bağlı hər nə qədər Azərbaycanda güclü təbliğat materialları dərc olunsa da, qonşu ölkədə nəticə, silkələnmə yoxdur. Əksəriyyətin də qənaəti də belədir ki, 80 milyonun yaddaşında qalmaq mümkünsüzdür.
- Əslində burada həqiqət payı var. Bazar genişdir, kənardan gələn müğənnini qəbul etmək və ya etməmək kimi suallar da var. Lakin bu bir sənətçi üçün ölüm gününü gözləmək kimi bir şeydir. İnsan həmişə yenilik istəyir. Xüsusilə də sənətçi... Onların özlərini burada sınamaq istəyi yaxşıdır. Deyə bilmərəm ki, bura gəlmək boş şeydir. Yalnış olan "buranın 5-6 müğənnisindən biri olacağam" deməkdir.

- Lakin bir şey də var. 70-100 min civarında pul xərcləmək nə dərəcədə ağlabatandır? Bir halda ki, sənətçilər 30-40 min manat pul sərmayə qoyub Heydər Əliyev sarayında konsert verməyi və qazanc əldə etməməyi dəlilik hesab edirlər? Axı orada da pul qazanmırlar.
- Orada riskə girirsən. Nəticəni heç kim bilə bilməz. Əksi də ola bilər. Bəlkə elə bir mahnı ola bilər ki, hit-paradları vurub dağıdar. Bu bir. İkincisi də ki, PR çox önəmlidir. Bilməlisən ki, sənin piarını kim edir. Eyni aqibət məni də gözləyə bilər. Mən Türkiyənin çox tanınmış şirkəti ilə işləyirəm. Ozan Çolakoğlu Türkiyənin tanınmış musiqiçisidir. Hər işdə bir nömrə olanlarla işləyirəm. Pula heç qənaət etmirəm. Lazımi qədər pul xərcləyirəm. İşin nəticəsi isə şans məsələsidir.

- Bütün bu işlərə nə qədər pul xərclənib?
- Bu qədər saydıqlarımdan bəlli olur ki, az pul xərclənməyib. Ozan Çolakoğlunun bir mahnısı 15 min dollardır. Gerisini artıq özünüz düşünün. Xərclədikcə davamı gedir. Bir də mən albom yox, maksi sinql (bir neçə mahnıdan ibarət kiçik musiqi albomu -L.Y) çıxarmaq istəyirəm. Az və zövqlü. Bu qədər ara vermişəm, özümə və sevənlərimə keyfiyyətli iş hədiyyə etmək istəyirəm. Hamı da məndən soruşur ki, nə oldu? Heç bir yerə tələsmirəm. Rahat -rahat işimi görürəm. Rəqabətə də girmək fikrim yoxdur. Mən heç Azərbaycanda da rəqabətə girmirdim. Vokal dərslərinə gedirəm. Vokal "koç"umla (musiqi pedaqoqu- L. Y) türkcə mahnı oxumağı öyrənirəm. Hər şeyə vaxt ayıra bilirəm. Həyat yoldaşımla birlikdə axşam yeməyinə oturma həvəsində oluram. Ailəmi bir kənara atıb musiqiyə yönəlməmişəm.

- Uğursuzluqla üzləşsən tökdüyün pullara heyfislənməyəcəksən ki?
- Başımızla, beynimizlə bu işə qol qoymuşuq. Təbii ki, fərqindəyəm. Təbii ki, üzülə bilərəm. Ən azından ölkəmdə dinləyəcək tamaşaçılarım var. Bəli, səs salacaqmı? Bəlkə də yox! Çünki İstanbula gəlmək, disk çıxartdırmaq burada sıradan bir şey olub. İndi insanları "Grammy" ilə də təəccübləndirmək olmur. İndi gündəmdə qalmaq üçün musiqidən çox başqa şeylər də lazımdır. Bunu sizlər məndən də yaxşı bilirsiz.

- Danışdıqca bir neçə il öncəyə, təxminən 6-7 il əvvələ qayıdıram. Ziddiyyətli reaksiyalarla qarşılaşıram. O vaxt müsahibəndə demişdin ki, səhnədən, bu ortamdan elə yorulmuşam ki, evlənib ailəmi sənətimə qurban verərəm. Mən sənəti atıb getsəm, heç də təəssüflənmərəm. İndi isə gündəmdə qalmaq cəhdi görürəm...
- Qətiyyən! Görəsən həqiqətənmi danışdıqca belə bir təəssürat oyatmış oldum?

- Hər halda bu qədər pul xərcləyirsənsə, deməli, bu sənətdə, gündəmdə qalmaq istəyidir də...
- Gündəmdə qalmaq üçün mən bura yaşamağa gəlməməliydim. Ən əvvəl səhnəni atmamalıydım.

- Ola bilsin ki, o vaxt o dövrün düşüncəsində olmusan. İnsan hər gün eyni mövzu ətrafında müxtəlif cür düşünə bilər.
- Əslində bu sinqli çoxdan təhvil verməliydim. Yubatmasaydım... Aprel ayında sözləşməm bitdi. Keçən ilin aprelindən bu ilin aprelinədək işi bitirməliydim.

- Söhbət sənin gündəm həvəsindən getmir. Səhnədən qopmamaqdan danışırıq.
- Əlbəttə. Mən səhnədən qopmadım ki. Düzdü əvvəlki templə çalışmıram. Lakin səhnəni və tamaşaçılarımı sevirəm. Bilirəm ki, məni sevən insanlar çox-çox azdır. Çox az, lakin özəl insanlardır. Ona görə mən onlara dəyər verirəm. Bilirəm ki, səhnəyə çıxanda ayrı bir işığım olur. Ola bilsin ki, bunu insanlara çatdıra bilmirəm. İllər öncə də müsahibə verəndə inanmıram ki, səhnəni kəskin şəkildə kəsib atmışam. Mən ailəmi çox sevirəm.

- Onda ailə qurmamışdın.
- Əgər 6 il bundan öncədən söhbət gedirsə, evlənmədən 8 il əvvələ söykənir tanışlığımız. 8 ildir tanışıq. 6 ildə isə evlənmək haqqında düşünmüşük. O vaxt o, mənim bütün müsahibələrimi diqqətlə izləyirdi. Mən o müsahibələrdə də onun diqqətinə çatdırırdım ki, səhnəni sevirəm. Lakin ailə qurmağı da düşünürəm. Hər normal kişi kimi həyat yoldaşımın da ağlında şübhələr olub ki, sənətçi bir xanımla evlənməyin nəticəsi necə ola bilər. Ola bilsin ona görə bu qədər kəskin nələrsə demişəm.

- Deməli, onu evlənməyə razı salmaq üçün kiçik işarələr olub...
- Yox. Evlənməyə razı salmaq deyil. Əslində önümüzdəki çətinlik şəhər dəyişdirmək idi. Bizim aramızda qısqanclıq, ayrılıq olmayıb. Həmişə mehriban olmuşuq. Bir-birimizi anlamışıq. Ceyhun mənim həyatımda evdə oturduğum yerdə qapını açıb içəri girən insan olub .O dərəcədə bir-birimizə inanmışıq. Çox şükür Allahıma nazlı-qəmzəli getmişəm ərə ( gülür). Özümü sırıyanlardan olmamışam. Qayda -qanunla, özünün çox böyük istəyilə ailə qurmuşam.

- O bizim musiqi aləmini normal qarşılayıb?
- Əlbəttə, qəbul edib.

- Türkiyədə sənət aləminə baxış daha qorxuncdur.
- Əlbəttə, hər sənətin çirkabı var. Lakin o məni tanıdı, bildi artıq. Ailəmdə anam yeməkdən əvvəl əxlaqlı olmağı öyrətdi. İnsanlar bunu qəbul etmirlər. Sabaha qədər danışsam da, aman, sən də onlardansan deyirlər. Bu mümkün deyil. Həmişə səhnədə olanda da, müsahibələrimdə də mən əxlaqlı olduğumu vurğulamağa çalışmışam. Özümə əxlaqlı dedikcə tamaşaçı da gülüb mənə, kimə nağıl oxuyursan? Lakin mən strategiyamdan dönməmişəm. Çünki onlar belə qavrasalar belə, həqiqət başqa cürdür. Uşağıma da anamdan-atamdan aldığım tərbiyəni öyrədirəm. İlk başda əxlaqdı. Əxlaqın gözəldisə, yenə də sən olduğun kimisən.

- Orada fəaliyyət göstərən həmkar sənətçilərimizlə münasibətin necədir? Hazırda üç məşhur sənətçimiz orada musiqi aləminə qoşulub. Aygün Kazımova, Brilliant Dadaşova və Röya Ayxan. Yaxın çevrəsi aralarındakı rəqabətdən ağızdolusu danışır. Hamısı bir-birini yaxından təqib edir və heç kim bir-birinin işini bəyənmir. Bir-birilərinin uğurlarını ört-basdır etməyə çalışırlar.
- Bildiyim qədər onların ikisinin əvvəldən ulduzları barışmayıb. Bu normaldır. Lakin onu qeyd edim ki, burda 80 milyonun az, çox az qismi onları tanıyır. Müğənnilərimizi daha çox musiqiçilər tanıyır. Onlar internet vasitəsilə mahnı axtarırlar. Axtarışdadırlar. Musiqiçilər arasında ad çəkirlər. Lakin sıradan insanlar tanımır. Məni çevrəmdə ailə dostları tanıyır. Sabir bəyin gəlini orada tanınan müğənnidir deyirlər. O da nə qədər olar ki? 100-200.

- Yəqin ki, sabah albom çıxanda rəqabət başlayacaq.
- Yox. Necə olacaq ki? Mahnı çıxacaq, burada və orada PR-mı edəcəyəm. Bundan başqa edəcəyim heç nə yoxdur.

- Samir Piriyevin "Şou məkan" maqazin verilişində maraqlı bir müsahibəsini dinlədim. O dedi ki, burada albom çıxarmaq türk musiqiçilərinə pul qazandırmaqdır.
- Çünki getdi, gördü, ona görə belə bir qərara gəldi. Burada mahnı səslənməsi çox fərqlidir. Piriyevin dediklərinin əksinə olaraq mən isə düşünürəm ki, biri var studiyada bir skripka çalınır, bir də var bütöv ansambl olsun. Buranın studiyası çox fərlidir.

- Günlük yaşamın necə keçir? Mətbuatı, həmkarlarını izləmək fürsətin olur?
- Telefonumda "İnstaqram" olduğu üçün "İnstaqram"la nəyisə görə bilirəm. Nə internet sayta girirəm, nə xəbər izləyirəm. Sosial şəbəkəyə əvvəldən vaxtım olmayıb. Ola bilsin ki, "İnstaqram"ı bağlayım. Çünki yavaş-yavaş sıxılıram. Qəribə xasiyyətim var. İnsanlarla ünsiyyətdə olmağı sevmirəm. Bu xasiyyətimi sevirəmmi? Yox. Səhnədə olanda da həmişə evimə qaçmışam.

- Sənət dostlarınla ünsiyyət davam etmir?
- Çox sənətçi ilə əlaqədə deyiləm. Bayramda bəziləri ilə "sms"ləşirəm. Bəzən bacılarımın belə doğum gününü unuda bilirəm...

- Azərbaycan şou-biznesindən qopduğuna görə peşman deyilsən ki?
- Vallah böyük bir peşmançılığım yoxdur. Hələ də musiqidə varam. Sadəcə gündəmdə deyiləm.

- Vaxt -zaman öz işini görür. Sənətçilərin bir-birinə münasibəti çox dəyişib. Gənc sənətçilərin öz yerini tutan müğənnilərə sərt açıq tənqidi, rəqabəti göz önündədir.
- Ay, elədirsə, sevinirəm. Deməzdim ki, qalmaqala girib üz-üzə durardım. Çünki davanı sevən deyiləm.

- Evinə qonaq gələn yerlilərimiz var?
- Olur. İmkan dairəsində buradan gələnləri qəbul edirəm. İstər mətbuatı, istər sənət adamlarını...

- Bildiyimə görə ən çox Məlahət Abbasova ilə dostluq edirsən.
- Onunla çox fərqli dostluğumuz var. O da sağ olsun, xətrimi çox istəyir. Həmişə mənə dəstək olmağa çalışır. Qürbət qürbətdir. Adı üstündə. Bəzən elə hərəkətlərin var ki, onlara qəribə gəlir. Nə qədər çalışırsan, ləhcəni tuturlar, onlara qəribə gəlir. Bu da bəzən adama toxunur.

- Üstəlik burada məşhur olmağına baxmayaraq orada çox sadə vətəndaşsan.
- Yox, qətiyyən. Makiyajsız gəzirəm. Rahat geyinirəm. İstədiyim yerdə otururam. Aman məni görərlər kimi dərdim yoxdur. Lazım olanda müğənni kimi oluram, olmayanda sadə biri. Sıradan biri olmaq bir sənətçi üçün o qədər gözəldir ki. Onsuz da həyat çətindir. Məşhur olmağın çox çətinlikləri var.

- Ailə qurub təzəcə Bakıya yerləşəndə Bakıya tez-tez gəlməyinə hərə bir cür məna verirdi. Bəziləri deyirdi İradə kasıbla ailə qurub maddi vəziyyətini düzəltmək üçün buradan qopmur...
- Kim deyir ki, mən varlı ailənin gəliniyəm? Mən belə bir ifadə işlətmişəm? Onlar bu sözü haradan düşünüblər qoy deyim... Bu qədər qazanırdı, deməli, varlı adam tapıb gedib. Onu deyən insanlar demişdi üç ay sonra qayıdacaq. Mən niyə gəlirdim, çünki darıxırdım. Yeməklərim Bakıdan gəlirdi. Ətim, pomidorum, evimdən gəlirdi, hər şey üçün darıxırdım. Bir il sonra hamilə qaldım kökəldim. İstər-istəməz kompleks yarandı. O vaxt həm də atam xəstə idi, zamanımı ona həsr etmək üçün gəlirdim.

- İpəyin doğulması ilə atanın ölümü eyni vaxta təsadüf etmişdi.
- Noyabrın 3-də rəhmətə getdi. Ondan bir ay öncə demişdilər İrana getdi. Orada İranda yaşayan "Space"in keçmiş əməkdaşı Aynura tez-tez zəng vururdum. Aynur, atamı gördün, şəklini yolla, filan... O da o vaxt hamilə idi... Atamın ölümünü evdə yoldaşım da bilir, gizlədirdi. Acı ilə şirini eyni vaxtda daddım. Heç birini lazımınca duya bilmədim. Nə doyunca ağladım, nə də qızımın sevincini yaşadım. Körpəmin doğumunun şokunda idim, dərk edə bilmirdim ki, bu mənim övladımdır. Gecə durub baxırsan ki, övladımdır. Gedirsən ki, atan ölüb.

- Evdəkilərə qarşı hirsli olmadın ki? Atanın ölümünü səndən gizləmişdilər.
- Evə gələn kimi otaqları gəzməyə başladım, atamı axtardım. Çünki Nigar demişdi ki, İradə gəlib axırıncı dəfə atamızı görsün. Qırxı çıxmayan uşağı evdə qoyub gəldim. Nigar deyə bilmədi, Səbinə dedi. Onsuz da problemlərim var idi. 41-ci həftədə uşağı dünyaya gətirdim. Onlar da məni düşünüb dedilər ki, İradə atamızın öldüyünü bilməsin. Ən azı ölümündən bir ay əvvəl evimdə yaşadı. Tanımadığım atamı gördüm. Həmişə sərt gördüyüm, başıma sığal çəkməyən atam o illər ərzində mənə yaşatmadığı sevgini yaşatdı. Mənimlə bərabər yemək bişirirdi. O, buranın yeməyini yeyə bilmirdi. Ona ət bişirirdim, deyirdi ki, belə etmə, içinə kəkotu at. Həkimə getdik. Bacılarımın heç birinə qismət olmadı bu münasibət. Ölənlə ölmək olmur, çox maraqlıdır. Mən düşünürdüm, üzüm gülməz onun ölümündən sonra... Demək ki olur. Bəlkə İpək olmasaydı, özümə qapılardım. Ömrüm boyu pul qazanmaq nədir ki? Övlad ayrı şeydir

- İpək necə uşaqdır?
- Yaxşıdır. Bizim tərbiyəmiz fərqlidir. Amma ona qarşı elə olmuram. Mən ailədə sərt qanunlarla böyümüşəm. Övladımı tərbiyə etmək üçün psixoloqa gedirəm. İpək bir ara məni dişləyirdi. Dedilər reaksiya vermə. Ana olmaq asan deyil. Çox şey öyrənirəm. Mənə davranışlarımda görmədiklərimi uşağa edirəm.

- Yenidən ana olmaq istəmirsən?
- Bu gün mənə deyib, "mama u menya druzey netu. Xoçu zavesti druzey, ya xoçu sister...))" Rusca türkcə, ingiliscə, azərbaycanca danışır. Hamısını da qarışdırır. İki yaş yarımdır. Dedim atana de, qızım... (gülür)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31