Zahid Hüseynovun xatirəsinə

"Borçalı" Cəmiyyətində əməkdar rəssam Zahid Hüseynovun il dönümünə hazırlıqla bağlı sədr Zəlimxan Məmmədlinin rəhbərliyi ilə yaradılmış Təşkilat Komitəsinin toplantısı keçirildi.Zahid İsa oğlu Hüseynov 1945-ci ildə Gürcüstanın Qaraçöp bölgəsinin Tüllər kəndində anadan olmuşdur. O, 1963-cu ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasının monumental keramika şöbəsində görkəmli sənətkarlar Rezo İoşvili, Alde Kakabadze və Qoqi Kartvelişvilidən təhsil almışdır. Əsərləri Rumıniya, Çexoslovakiya, Macarıstan, Almaniya, İtaliya, Türkiyə, Latviya, Litva, Gürcüstan və s. ölkələrdə keçirilmiş beynəlxalq simpoziumlarda nümayiş etdirilib. Azərbaycan Respublikasının Əməkdar Rəssamıdır. Rəssamlıq Akademiyasının Dekor Tətbiqi Sənət kafedrasının müdiri vəzifəsəində çalışmışdır. Onlarla mükəmməl sənət əsərinin müəllifidir. 2010-cu ildə "Borçalı" İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvü seçilmişdir. 2012-ci ildə "Borçalı" Cəmiyyətinin "El adamı" fəxri adına layiq görülmüşdür. 2012-ci il iyulun 27-də vəfat etmiş, öz vəsiyyətinə uyğun olaraq doğulduğu Qaraçöp elində torpağa tapşırılmışdır.

"Borçalı" Cəmiyyətin İdarə Heyəti Zahid müəllimin xatirəsinin əbədiləşdirilməsi üçün "Zahid Hüseynov" mükafatı təsis etmiş, onun əsərlərindən və haqqında olan yazılardan ibarət kitab tərtib olunması haqda qərar vermişdir. Zahid müəllimi tanıyanlar və yaradıcılığına bələd olanlardan xahiş olunur ki, onunla bağlı xatirə yazıları və fotoları aprelin sonuna qədər "Borçalı" Cəmiyyətinə təqdim etsinlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31