“Görmüsünüz ki, müğənni disk gəliri ilə imarət alsın?” - ARAŞDIRMA
16 Aprel 2013 16:04 MədəniyyətBu gün əvvəlki illər kimi alboma maraq yoxdur. Bunun səbəbini bir çox amillərlə izah etmək olar. Müğənnilər kimi alıcıların da alboma marağı azalıb. Bir zamanlar metrostansiyalardan çıxan kimi ən yeni mahnıların səs-sədası göyə ucalırdı. Elə albom satışı ilə məşğul olan dükanlar da çox idi. Mövzu ilə bağlı araşdırma aparmaq üçün Neftçilər metrostansiyasının yaxınlığında yerləşən mağazalara yollanarkən bir həftə bundan öncəki albom dükanının yerində mobil operatorların satış məntəqəsinin yerləşdiyini gördüm. Təxminən bir neçə ay bundan öncə metrostansiyanın bir çıxışında 4-5 albom dükanı vardısa, hazırda yalnız birini görə bildik. Yaxınlaşdığımız dükanın satıcısı da bu sahənin öncəki illər kimi gəlir gətirmədiyindən gileyləndi: "İndi kim albom alır ki? Oyun diskləri müğənnilərin albomundan daha çox satılır. Gördüyünüz kimi mağazanın tən yarısından çoxu disk albomlarıdır. Müğənnilərin albomu isə həddindən artıq azdır. Amma yerli müğənnilərimiz türk müğənniləri ilə müqayisədə daha çox satılır. Balabəy, Üzeyir hamıdan, eləcə də türklərdən daha çox satılır".
-Gün ərzində ən çox nə qədər albom alınır?
-Elə olur ki, bir ədəd, elə də olur ki, beş ədəd albom alınır. Alanların da çoxu cavan uşaqlardır.
-Bəs, ən çox hansı müğənnilərin albomu alınır: "Ən çox Üzeyirin albomu satılır. Elə gələn-gedən Üzeyiri alır. Bir də ki, Balabəyin albomu satılır. Ona da tələbat çoxdur".
-Mağazaya göz gəzdirdikdə isə nədənsə Röyanın diski gözümüzə dəymədi. Buna görə satıcıdan Röya və Aygünün disklərinə tələbatın olub-olmaması haqda soruşduq.
-Nə Röya? Röyanın isə ümumiyyətlə səsi gəlmir.
Mövzunu daha da geniş işləmək üçün estradamızın bir çox məşhur müğənniləri ilə də əlaqə saxladıq. Xalq artisti Brilliant Dadaşova bu haqda belə danışıb: "Mən albomdan imtina etmirəm. Düzdür, biz işıq üzü görən albomlardan gəlir əldə etmirik. Albom üçün nə qədər əziyyət çəkib, vəsait xərcləyən bizik, amma qazanan başqalarıdır. Bunun üçün yeni-yeni mahnılar üzərində də işləyirəm".
Müğənni Nadir Qafarzadə də albom əvəzinə daha faydalı iş üçün pul xərcləmək niyyətində olduğunu dedi: "Bu işin içində olduğumdan bu haqda danışa bilirəm. Qazandığım pulu havaya sovurmaq istəmirəm. Bu pulu boş yerə xərcləmək əvəzinə oğlanlarımın yaxşı ali təhsil almalarına xərcləyərəm. Mən pulumu onların gələcəkləri, gözəl şəraiti üçün xərcləyə bilərəm. Konsert, albom üçün ancaq mənim pulum gedəcək. Telekanallarımız, jurnalistlərimiz ancaq pisləyib, vurub-dağıda bilirlər. Lakin xaricdən gələn, geyimi, oxu tərzi bərbad gündə olan, fonoqrama ilə ifa edən müğənniləri çıxarıb dağ başına qoyurlar. Adam lap yanıb-tökülür. Bu axı səninkidir, özününküdür. Niyə onu vurub yıxırsan? Sən nəyə görə onun əziyyətini hədər edirsən? Bu səbəblərə görə, albom buraxmaq niyyətində deyiləm".
Bəstəkar-şairə Xanım İsmayılqızı isə verdiyi açıqlamasında alboma vaxt sərf etməyəcəyini söyləyib: "Bu vaxtacan İlhamə xanım, Mətanət İsgəndərli, Səməd Səmədov, İradə İbrahimova və digər müğənnilərlə təxminən yeddi müəllif albomum işıq üzü görüb. Artıq bəstələrimdən ibarət albom hazırlamağı düşünmürəm. Mənə görə albom lazımsız bir əşyadı. Xaricdə müğənniyə və ya bəstəkara bunun müqabilində hansısa qonorar verildiyindən onlar albom buraxmaqda maraqlıdırlar. Bizdə isə albom heç satılmır da. Bir şeyin ki satışı yoxdu, nəyimə lazımdı onu suvenir kimi saxlayım?! Albomdan nəsə gəlir əldə edə bilməyəcəyəmsə, özüm də bəstələrimi suvenir kimi bir diskə yığıb istədiyim şəxsə hədiyyə edə bilərəm. Artıq internet var, hər kəs istədiyi mahnını internet vasitəsilə əldə edə bilir. Buna görə, albom buraxmağın heç bir mənası yoxdu".
Müğənni Samirənin mətbuat katibi Cabir alboma heç bir tələbat olmadığını deyərək bunun səbəbini belə izah edib: "Alboma demək olar ki, ehtiyac yoxdur. Bütün internet saytlarında istənilən mahnını əldə etmək olar. Onsuz da Azərbaycanda nə albom, nə də ki, konsertdən gəlir əldə etmək mümkün deyil. Amma özümüz üçün albom hazırlamağı planlaşdırırıq".
Gənc müğənni Leyla Ramazanlı da disk satışından gəlir əldə etmədiklərini, piratla məşğul olanların onların əməyini heçə endirdiyini söylədi: "Alboma marağın azalmasının səbəbi disk satışında gəlirin olmamasıdır. Piratlar da ifa etdiyimiz mahnıları oğurlayıb, keyfiyyətsiz şəkildə disklərə yazırlar Buna görə də, bizdə bu işə maraq yoxdur".
Alboma olan tələbatın bugünki dövrdə azalması məsələsi ilə əlaqədar müğənni Niyam Səlami həmkarlarından fərqli o danışdı. O, albom üçün xərclədiyi vəsaiti satışdan əldə edə bildiyini dedi: "Mən hər il albom buraxıram. Bunu qazanc xatirinə etmirəm. Dinləyicilərin tələbatını ödəmək üçün bunu etmişəm. Albomdan gələn üç-beş manat pula ehtiyacım yoxdur. Toylar vasitəsilə istədiyim gəliri götürə bilirəm. Bunu sadəcə səviyyəli iş kimi etmişəm. Amma mən deməzdim ki, albomdan qazanmıram. Xeyr. Hətta albom üçün xərclədiyim vəsaitdən daha çox əldə edə bilirəm. Heç bir maddi ziyanım olmur. Təxminən iki ay bundan öncə albomum işıq üzü görüb. Bu albomu yalnız çox məşhur restoranların birindən əldə etmək olar".
-Bilmək olar ki, son işıq üzü görən albomdan bu vaxtadək nə qədər gəlir əldə etmisiniz?
-Bunu deyə bilmərəm. Şəxsi işdir. Amma tam əminliklə deyə bilərəm ki, satışa buraxılan min albomdan səkkiz yüzü satılıb. Hətta elə adamlar vardı ki, albom istəyirdilər, lakin onlara çatmadı. Albom, klip həmişə olmalıdır. Bu sənətin ən önəmli tələblərindən biridir.
Bəstəkar müğənni Arif Səlimovda bu sahədə Azərbaycanda vəziyyətin digər xarici ölkələrdən fərqli olduğunu deyib: "Dünyanın heç bir ölkəsində bu sahədəki vəziyyət bizimki kimi deyil. Hər ölkədə müğənni buraxdığı albomun müqabilində qonorar alır. Amma bizdə bu yoxdur. Olmasa belə mən yaradıcılıq üçün fədakar olaram. Belə insanları dünayaya övlad gətirən anaya bənzədirəm. Hər şeyi pula görə etmək olmaz. Bu gün Azərbaycanda müğənni gərək hər şeyi özü etsin. Albom çıxartmamaq günah olar. Mənim ilk "Mənim sevgim nəğmələrdir" adlanan albomum çıxdıqdan sonra bu işə marağım azaldı. Mən reallığı sevən adamam. Bu dəqiqə ən məşhur müğənnilərin də diskini alan yoxdur. Hər kəs internet vasitəsilə istədiyi albomu, ya mahnını əldə edə bilir. Müğənnilər də yeni mahnılarını, kliplərini "YouTube" sosial şəbəkəsinə yerləşdirirlər. Mən özüm də "YouTube" vasitəsilə ifalarımın dinlənildiyini görürəm. Vitrində qalmaq istəmirəm. Mənim ilk albomum 1000 tirajla çıxmışdı. Onu satışa da vermədim. Təmənnasız olaraq bunu yaxınlarıma, dost-tanışlarıma hədiyyə etdim. Bəlkə də yeganə müğənniyəm ki, heç bir satış olmadan albomdan 3500 manat pul qazandım. Dostlarım təbrik kimi biri 500, digəri 300 və s. qədər də pul verdilər. Mən mahnılarıma daha çox tələbatın olmasını görəndən, daha çox sevildikdən sonra bu işi görə bilərəm. Özümü o qədər də tələbatlı müğənni sanmıram. Hazırda daha şox yaradıcılıq işləri ilə məşğul olub, özümə tələbat yaratdıqdan sonra da bu işi görə bilərəm. Mən albomu gəlirə görə buraxmıram. Sadəcə onun satılmamasından daha çox təsirlənərəm. İstəyərdim ki, studiyalar özləri mənə bu iş üçün müraciət etsin".
Xalq artisti Gülyaz Məmmədova müğənnilərin alboma olan marağın azalmasının səbəbini onların gördükləri işin müqabilində qonorar əldə etməməsində görüb: "Hazırda bütün dünyada internetin sürətli hökmranlığı nəticəsində hər kəs istədiyi mahnını, albomu dinləyə bilir. Müğənnilərin bu işə marağının azalmasının səbəbi isə onların digər ölkələrdə olduğu kimi qonorar əldə etməməsi, internetin geniş yayılması ilə əlaqədar da satışdan istənilən vəsaiti ala bilməməsidir. Amma elə müğənnilər də var ki, heç nə olmadan belə bu işi davam etdirərək pərəstişkarlarını sevindirir. Azərbaycanda nə vaxt görmüsüz ki, müğənni disk vasitəsilə imarət alsın, böyük məbləğ alsın. Mənim disklərim satışda deyil. Satışa da heç bir ehtiyac görmürəm. Məni sevənlərə yalnız hədiyyə edirəm. Xaricə gedəndə də özümlə aparıb, ordakı pərəstişkarlarıma, xaricilərə verirəm. Mənə xaricdə də deyiblər ki, bu albomları həmin ölkədə satsam külli miqdarda pul əldə edə bilərəm. Lakin mən onlara da xarici ölkəyə alver üçün getmədiyimi dedim. Mən Azərbaycanı layiqincə təmsil etmək üçün xaricə gedirəm. Ölkəmizdə, belə bir şəraitdə heç bir qonorar da gözləmirəm. Bilirəm ki, bu Azərbaycanda mövcud ola biləcək bir şey deyil. Albomlarımı satışa verməmişəm. Amma versəm, əlbəttə ki, gəlir əldə edə bilmərəm".
-Gəlir əldə edə biləcəyiniz halda niyə albomlarınızı satışa buraxmırsınız?
-Albomdan böyük gəlir əldə edəcəyim halda onu satışa buraxaram. Bilirəm ki, satışa da versəm ondan qazanc əldə etməyəcəyəm. Türkiyədəki ənənə bizdə də olsaydı, çox yaxşı nəticə verərdi. Bir çox xarici ölkələrdə olduğu kimi Türkiyədə də müğənniyə bunun müqabilində qonorar verilir. Bu ənənənin bizdə də olmasını istəyərdim. Hamı kimi mənim də maddi ehtiyacım var. Belə olmasaydı, heç el şənliklərinə də getməzdim. Səhnə geyimləri, lent yazıları, gediş-gəliş üçün nə qədər maddi vəsaitə ehtiyacım olur.
Rövşən Civişov da ifa edilən mahnıların qısa zaman kəsiyində piratlar tərəfindən albom formasına salınmasından danışaraq bu kimi halların qarşısının alınmasının önəmli olduğunu dedi: "Hər hansı müğənni yeni mahnı ərsəyə gətirən kimi radio və televiziyalarda səslənib hitə çevrildiyi üçün piratlar da həmin ifaları alboma salaraq satışa buraxırlar. Hətta bu işi biz müğənnilərdən də özbaşına edirlər. İlk növbədə bunun qarşısı alınmalıdır. Bu isə mümkün olan bir iş deyil. Bundan başqa sosial şəbəkələr, internet vasitəsilə müğənninin yeni ifaları yayımlanır. Hər kəs də istədiyi mahnını internet vasitəsilə yükləyib dinləyə bildiyi üçün albom almağa ehtiyac görmür. Amma keyfiyyətə fikir verən şəxslər üçün disk daha önəmlidir. Bu sahədəki satış bizdə çox zəifdir. Demək olar ki, albom satışı sıfırdır. Ona görə heç albom da çıxaran yoxdur. Amma mən özüm albom çıxarmaq haqda düşünürəm. Bunu gəlir qazanmaq məqsədilə etmirəm. Həm məni sevənlər, həm də imicim üçün buna ehtiyac görürəm". Müğənni Ramal Rəsul isə Azərbaycanda albomun yox, sadəcə mahnılar toplusunun hazırlandığını dedi : "Albom hazırlamaq çox çətin işdir. Bizdə mahnıların toplusunu hazırlayırlar, albom yazmırlar. Yəni, müğənni illərlə oxuduğu mahnıların sayının on ikiyə çatdığını görəndə disk formasında yığıb, albom adı ilə təqdim etməyi qərarlaşdırır". Mövzu ilə əlaqədar münasibətini öyrəndiyimiz müğənnilərin əksəri albom satışının hazırki durumundan gileylənərək, bu sahədən gəlir əldə etmədikləri üçün albom çıxartmağa marağın azaldığını dedi. Bəs, görəsən Türkiyə və digər ölkələrdə mövcud olan ənənə Azərbaycanda da tətbiq ediləcəkmi? Müğənnilərin albom bazarında müəyyən dirçəliş yaradılması üçün hansı addımlar atılacaq? Mövzu haqda növbəti dəfə aidiyyatı qurumların fikirlərini öyrənəcəyik.
Nigar Məhərrəm