Nazir Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
2 Mart 2020 13:02 MədəniyyətMədəniyyət naziri Əbülfəs Qarayev Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbişin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Olaylar.az bildirir ki, görüşdə yüksək səviyyəli əməkdaşlıq, tarixi dostluq, səmimi münasibətlər əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrindən söhbət açılıb. Qeyd olunub ki, bir millət, iki dövlət olaraq xarakterizə olunan Azərbaycan-Türkiyə respublikaları arasında münasibətlər bu gün hər iki ölkənin rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq daha yüksək səviyyəyə çatıb. Qardaş ölkələrin mədəniyyət sahəsi üzrə əməkdaşlığı da yüksək mərhələsini yaşayır.
Əbülfəs Qarayev qonaqları salamlayaraq, xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin birgə əməkdaşlığa mühüm töhfə verdiyini bildirib. Diqqətə çatdırıb ki, mədəni sahədə həyata keçirilən layihələr, təşkil olunan tədbirlər ölkələrimizin bir-birinə daha da yaxınlaşdırır. Bu birlik dünya müstəvisində də birgə addımlamağa kömək edir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Araşdırma və Təhsil Baş İdarəsinin baş direktoru Okan İbiş qəbula görə təşəkkürünü bildirib və tarixi əlaqələrə dayanan bu münasibətlərin yüksək səviyyədə davam etməsi istiqamətində əməkdaşlığa hər zaman hazır olduqlarını vurğulayıb.
Sonda nazir müavini Sevda Məmmədəliyeva ilə Okan İbiş UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına birgə təqdim olunacaq nominasiya faylları ilə bağlı anlaşma sənədini imzaladılar.