YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edildi

YARAT Müasir İncəsənət Mərkəzində ictimai müzakirə təşkil edildi

YARAT Müasir İncəsənət Mərkəzində "Mədəniyyət biznesi forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda ictimai müzakirə təşkil edildi. Mədəniyyət Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın təşkilatçılığı ilə keçirilən tədbirdə mədəniyyət və incəsənət sahəsində biznesin inkişafına dair müzakirələr aparıldı.

Olaylar.az bildirir ki, nazirliklərin, qeyri-hökumət təşkilatlarının, müvafiq sahədə fəaliyyət göstərən sahibkarların, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən forumu KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov açıq elan edərək iştirakçıları salamladı. Bildirdi ki, bu günə kimi sahibkarlar üçün təşkil edilən artıq 8-ci forum öz işinə başlayır və ilk dəfədir mədəniyyət sahəsinə həsr olunub.

Tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev yaradıcı və mədəniyyət sənayesi ilə bağlı fikirlərini bölüşdü. Nazir bu sahədə görülən işlərdən danışaraq kreativ sənaye ilə bağlı forumun keçirilməsini, internet səhifəsinin və müxtəlif assosiasiyaların yaradılmasını yüksək qiymətləndirdi.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov forumun dövlət-özəl dialoqu üçün əlverişli platforma kimi müvafiq sektorun Azərbaycan iqtisadiyyatında dəyər yaratma potensialının geniş olduğunu bildirdi. Qeyd etdi ki, qabaqcıl dünya ölkələrində yaradıcı və mədəniyyət sənayelərinin ÜDM-də payı 5%-dən çoxdur, məşğulluqda da payı kifayət qədərdir. Azərbaycanda isə belə göstəricilər haqqında danışmaq hələ tezdir.

Mədəniyyət Nazirliyi Aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə nazirlik tərəfindən hazırlanmış www.creative.az saytına dair təqdimatla çıxış etdi. Diqqətə çatdırıldı ki,portal Mədəniyyət Nazirliyi tərəfindən sahəvi inkişaf proseslərinə dair aktiv təbliğat və maarifləndirmə işlərinin aparılması üçün yaradılıb. Layihə üzərində iki il iş aparılıb və 15 ölkənin təcrübəsi öyrənilib. Portalda müxtəlif növ xəbərlər, tədbirlər, bu sahədə fəaliyyət göstərən şirkətlər və s. haqqında məlumatlar əks olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31