TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib
TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzindən birbaşa canlı efir təqdim edib
28 Fevral 2020 11:51 MədəniyyətTürkiyənin TRT Avaz kanalı Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini əks etdirən süjet yayımlayıb. Olaylar.az bildirir ki, paytaxt Bakıdan canlı olaraq birbaşa efirə çıxan müxbir Fatih Avanos muğam sənətinin Azərbaycan xalqı üçün nə dərəcədə böyük önəm kəsb etdiyini vurğulayaraq Azərbaycanın paytaxtı Bakını bir sənət şəhəri adlandırıb. Diqqətə çatdırıb ki, paytaxt Bakıda Azərbaycanın milli musiqisini yaşadan olduqca müasir və sənət baxımından mühüm əhəmiyyət kəsb edən bir mərkəz fəaliyyət göstərir. Bu mərkəz Xəzərin sahilində , paytaxtın ən gözəl prospektində inşa edilən Beynəlxalq Muğam Mərkəzidir. Müxbir BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov və tədqiqatçı Gülhüseyn Kazımlıdan müsahibə alıb.
Canlı efirdə BMM-nin direktoru, Xalq artisti Murad Hüseynov qardaş ölkə Türkiyə televiziyasına BMM-nin fəaliyyətinə diqqət ayırdığı üçün təşəkkür edib. Mərkəzin yaranma tarixi və fəaliyyəti barədə məlumat verib.
Gülhüseyn Kazımlı müxbirin BMM-də görkəmli muğam korifeylərinin ucaldılan büstləri ilə bağlı sualını cavablandırıb. Bildirib ki, mərkəzin binasının quruluşu Azərbaycanın qədim musiqi aləti olan tar formasındadır.
Müxbir sonda Xəzər dənizin sahilində yerləşən BMM -ni təkcə konsert salonu deyil, həm də muğam tarixini təbliğ edən bir mərkəz kimi səciyyələndirib. Buna nümunə olaraq mərkəzdə nümayiş olunan milli musiqi alətləri sərgisini misal çəkib. Mərkəzin Bakının ən gözəl küçəsində yerləşməsini isə Azərbaycan dövlətinin muğam sənətinə verdiyi ən yüksək dəyər kimi qiymətləndirib.