Özbəkistan Teatrı Bakıda qastrol səfərindədir

Özbəkistan Teatrı Bakıda qastrol səfərindədir

Bu günlərdə Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıya qastrol səfəri ediblər. Ölaylar.az bildirir ki, ötən ilin fevralında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, Əməkdar artistlər Nicat Kazımov və İlham Əsədovun Özbəkistan Gənc Tamaşaçılar Teatrının 90 illik yubiley tədbirində iştirakı zamanı qarşılıqlı dostluq, əməkdaşlıq əlaqələri qurulub.

Bu əməkdaşlıq çərçivəsində Özbəkistan sənətçiləri Bakıda Gənc Tamaşaçılar Teatrı səhnəsində Özbəkistanın xalq şairi, SSRİ Dövlət mükafatı, Lenin mükafatı laureatı Qafur Qulamın "Ozornik" (Şumbola) tamaşasını teatrsevərlərə təqdim edəcəklər.

"Şumbala" əsəri tərbiyəvi əhəmiyyət daşıyır. Əsərin qəhrəmanı, təbiətcə dəcəl olan və ipə-sapa yatmayan balaca oğlan hər dəfə müxtəlif qəribə və gülməli vəziyyətlərə düşür və bacarıqla çıxış yolu tapır. Özünəməxsus danışıq tərzi və yumoristik aforizmləri olan Şumbala uşaqlara "Təslim olma, mübarizə apar" ideyasını əyani olaraq izah edir.

Qafur Qulamın Azərbaycana və ədəbiyyatımıza, mədəniyyətimizə münasibəti də bir sıra əsərlərində özünü göstərir. O, Azərbaycan poeziyası nümunələrindən özbəkcəyə tərcümələr etmişdir. Həmçinin "Bir-birinə şagird, bir-birinə ustad", "Qırx yaşlı Azərbaycan", "Səməd Vurğuna", " Qardaş Azərbaycan pambıqçılarına", "Xəzər"... adlı şeirlərində Azərbaycana olan məhəbbəti səmimi şəkildə ifadə olunub.

Qeyd edək ki, gələcəkdə bu əməkdaşlıq çərçivəsində Gənc Tamşaçılar Teatrının Özbəkistana qastrol səfəri planlaşdırılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31