Özcan Denizin Bakı konsertində yaşananlar...
“Dərdlərinizi oturacaqlarda buraxıb gedin”
15 Aprel 2013 00:06 MədəniyyətMilli.Az xəbər verir ki, türkiyəli müğənni, aktyor və rejissor Özcan Deniz aprelin 14-də Heydər Əliyev Sarayında vəd verdiyi konsert proqramı ilə çıxış edib.
Konsertin açılışını edən teleaparıcılar Afaq Gəncəli, İlkin Həsəni və Murad Dadaşov türkiyəli ulduzu sevənləri bir az intizarda saxlamaq məqsədi ilə öncə səhnəyə Azərbaycanın əməkdar artisti Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm qrupu"nu dəvət etdilər.
Möhtəşəm çıxış bitər-bitməz Özcan özü səhnədə göründü. İki-üç mahnı ifa etdikdən sonra dərhal pərəstişkarları ilə ünsiyyət qurmağın öhdəsindən gələn müğənni, maraqlı zarafatları ilə yadda qaldı: "Vaxt olub ki, 41 qızdırma ilə mahnı oxumuşam. Biz səhnə adamları insanlara müsbət vermək üçün doğulmuşuq. Düz üç il bundan əvvəl Bakıya gəlib qarşınızda çıxış etdim. Bu gəlişin səhnə fəaliyyətimin 20 illiyi ilə üst-üstə düşür. İstəyim odur ki, qəlblərinizdə daim sevgi dolu mahnılar yer tutdun. Dərdlərinizi oturacaqlarda buraxıb gedin. Ürəkdən "of" çəkib və dediyimə əməl edin. Vallah rahat nəfəs alacaqsınız".
Musiqiçilərinin müşayiəti ilə canlı performans sərgiləyən Ö.Deniz zala enib, onu sevənlərə daha yaxın olmağı da ikinci plana keçirmədi. Tamaşaçılarla bol-bol şəkil çəkdirən müğənni, səmimi sevgi etirtaflarından da qalmadı: "Tez-tez aşiq oluram və eşq acısının nə olduğunu gözəl bilirəm. Nə yaxşı ki, həyatsevərəm. Bu xüsusiyyətimdir məni yıxılmağa qoymayan".
Hit mahnılarını bir-birinə calayan çox yaxın zamanlarda yenidən yolunu Azərbaycandan salacağına da söz verdi.
Qeyd edək ki, Özcan Denizi dinləməyə gələn arasında Azərbaycanın əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, əməkdar artistlər - Ruhəngiz Allahverdiyeva, Almaz Ələsgərova, Sevda Ələkbərzadə, müğənnilər - Ruhi Əliyeva, Ayan Babakişiyeva, Samir Piriyev, Səidə Sultan, Günay İbrahimli, Elçin Cəfərov, prodüserlər - Tolik, Təranə Səmədova, teleaparıcılar Nanə Ağamalıyeva, Xədicə Sənanqızı, Günel Hümbətova və başqa məşhurlar da var idi.