SƏFƏVİLƏR DÖVRÜNDƏ HÜRUFİLİK VƏ NÖQTƏVİLİK
SƏFƏVİLƏR DÖVRÜNDƏ HÜRUFİLİK VƏ NÖQTƏVİLİK
16 Yanvar 2020 12:06 MədəniyyətAçar sözlər: Səfəvilər, hürufilik, nöqtəvilik, təriqət, şeir
Ключевые слова: Сафавиды, хуруфизм, ноктавизм, секта, поэзия
Key words: Safavids, Hurufizm, Noktavizm, Secta, Poetry
Giriş
Səfəvilər dövlətinin tarix səhnəsinə çıxması ilə yalnız ictimai-siyasi aləmdə deyil, fəlsəfi, dini və ədəbi fikir sahəsində də bir sıra mühüm yenilik və dəyişikliklərin əsası qoyuldu. Səfəvilərin 235 illik tarixi boyunca baş verən çoxşaxəli proseslər barəsində tədqiqat əsərlərində dönə-dönə bəhs edilsə də, bu dövlətlə əlaqəli bəzi təriqətlərin fəaliyyətinin xarakterinin araşdırılmasında boş- luqlar görünür. Təfərrüatlı təhlilinə ehtiyac duyulan belə problemlərdən biri də Səfəvilər dövründə batini yönümlü təriqətlərin siyasi iqtidarla münasibəti, fəaliyyət şəkilləri, nüfuz çevrələri və s. ilə bağlıdır. Səfəvilərin həm siyasi, həm fəlsəfi, həm də ədəbi-fikri tarixi ilə əlaqəli olan bu məsələnin sistemli və geniş təhlili isə bir sıra qaranlıq cəhətlərə aydınlıq gətirə bilər. Amma təəssüf ki, bir sıra araşdırmalarda bu problemlə bağlı ənənəviləşmiş təhrif və natamam qənaətlərin təkrarı ilə kifayətlənilmiş, bir sıra əhəmiyyətli məsələlərə diqqət yetirilməmişdir. Məlum olduğu kimi, Səfəvi hakimiyyətinin bərqərar olması və möhkəmlənməsində batini-şiə yönümlü təriqətlərin mühüm rolu olmuşdur.1 Bu məsələ bir sıra tədqiqatçıların diqqətini çəksə də, Səfəvi hökmdarlarının bu batini hərəkatlardan olan hürufilik və nöqtəviliklə əlaqələrinin arxa planı, bu münasibətlərin siyasi xarakteri və dəyişkənliyi müqayisəli, sistemli və təfsilatlı araşdırılmamışdır. 1. Səfəvi dövlətinin ilk dövrü və hürufilik 1.1. Xətai və hürufilər: qarşılıqlı tərənnümlər Səfəvi xanədanının hürufiliklə əlaqəsinin başlanğıc tarixi də, bu münasibətlərin sonu da sü- lalənin ilk hökmdar təmsilçisi Şah İsmayıl Səfəvinin adı ilə bağlıdır. Təkcə şah və şeyx deyil, həm də şair olaraq tanınan Şah İsmayıl hürufilik ideyalarını, eləcə də bu təlimin Fəzlullah və Nəsimi kimi iki tanınmış şəxsiyyətinin adını açıq bir şəkildə dilə gətirmişdir2 . Nəsimiyə yazdığı çoxsaylı nəzirələrdən biri olan "İdim" rədifli qəzəlində Xətai sələfini "Hüseyni" deyə yad edir: Gah Hüseynilən belə pustimi soydi qazılar, Gah o Mənsur donuna girdim,"ənəlhəq" dar idim. (5, s. 256) "Şair sələfini niyə onun daha çox istifadə etdiyi "adlaşmış" təxəllüsü "Nəsimi" ilə deyil, azsaylı şeirində rast gəlinən "Hüseyni" ilə yad edir?" sualının cavabı çox sadədir. Bu, Həllac Mənsur və Nəsimini "ənəlhəq" kimi birləşdirən ikinci bir həlqədir: Hüseyn Həllac Mənsurun adı, Nəsiminin isə təxəllüsüdür. Assosiasiya yaradan bu beyt həm də Xətaiyə Nəsiminin "Hüseyni" təxəllüsünün məlum olmasını üzə çıxarır. Nəsimiyə yazdığı başqa bir nəzirənin məqtə beytində Xətai deyir: Lövhi-məhfuzin Xətai əbcədin qıldı bəyan, Div deyilsən, xatəmin xətmində Fəzlullahı3 gör. (5, s. 90) Xətai də Nəsimi kimi "fəzl" sözünü bəzən elə ifadələrin əhatəsində verir ki, həmin ifadə ümumi anlamı ilə yanaşı, Fəzlullahı da təsəvvürə gətirir. Əvvəlindən sonunadək hürufilik ruhunda olan qəzəlin məqtə beytində deyilir: Ey Xətai, çəkmə qəm, gər hicrilə bimarsən, Çün sənə ol xaliqin fəzli həkim olmuşdurur. (5, s. 113)
Şah İsmayıl da Nəsimidən sonra türkcə yazıb-yaradan bir çox şairlər kimi hürufiliyin tədriclə ənə- nəviləşən anlayışlarından istifadə edir və şübhəsiz ki, bu ənənənin yaranmasında Nəsimi sözünün güclü təsiri vardır. Xətai şeirində yer alan "surəti-rəhman", "ayəti-Quran", "eydi-əkbər" və "üz" əlaqəsi, "camalın səfhəsi", "dəftəri-hüsn", "yüzün səfhi" kimi məcazlar Nəsiminin türkcə şeirdə yaratdığı ənənədən qaynaqlanır. Şair üzü Nəsimi kimi "müshəf" və "hüsn kitabı" adlandırır. Xətainin "üz"-"zülf"-"xətt"-"dəftər" kimi fikri keçidləri Nəsimi ənənələri istiqamətində xəyali axtarışların məhsuludur. Nəticə etibarilə Xətai şeirində insanın üz cizgilərinin Quran surə və ayələrinə bənzədilməsi sələfinin ədəbi-fəlsəfi fikrinin inkişafı xarakterlidir. Xələfin "Ey dost" rədifli şeiri tamamilə Nəsimi sözünün yeni cilvədə təzahürüdür və dil-üslub, obrazlar aləmi, poetik-hürufiyanə ifadələr və s. baxımından sələfin düşüncə dünyasına yaxından bağlılığı ilə diqqəti cəlb edir. Bəzi örnəklərə nəzər salaq: Dəftəri-hüsnində şol hərfi-xətti-xalın sənin Sətri-"Bismillahir-rəhmanir-rəhim" olmuşdurur.(5, s. 113) Dilbəra, şəmsüz-zühadür şöleyi-rüxsariniz, Ayəti-"Taha"vü "Yasin" surəti-didariniz. (5, s. 192) Sonuncu mətlə ilə başlayan qəzəl başdan-başa Qurandan əxz olunmuş iqtibaslara əsaslanan bənzətmələr üzərində qurulmuşdur. İ.Hikmət Xətainin: Şəriət yolunu Məhəmməd açdı, Təriqət gülünü Şah Əli seçdi, Şu dünyadan neçə yüz min ər keçdi, Onlar ittifaqda, Mehdi yoldadır. ...Şah Xətaiyim eydür: Sirrun duyurma, Edə gör niyazı, qəzaya qoma, Yalançı dünyaya heç "sağam" demə, Məhəmməd Fəzlullah4 şimdi yoldadur, - kimi bəndlərinin təhlilində yazır ki, bu, "Şah Əlini Məhəmməd Fəzlullah şəklində bir Mehdi olaraq göstərən hürufi-məzhəb bir şairin yazısıdır. Bu, həqiqətləri, yəni Əlini də, Fəzlullahı da Allah ədd etmək həqiqətlərini də bir sirr olaraq saxlamaq lazım gəldiyini anlayan və dünyanın
yalançı olduğunu söyləyən təlqinatçı, təlimatçı bir xalq sufisidir" (21, II, s. 22). Daha sonra tədqiqatçı Xətainin digər bir şeirini təhlil edərkən: "Bütün cahanın bir "kəlami-məlfuz" olduğuna inanmaq hürufilərin qənaətinə iştirak etməkdən başqa bir şey sayıla bilərmi?" (21, s. 29) deyə onun etiqadı barəsindəki mülahizəsini dilə gətirir. Beləliklə, İ.Hikmətin haqlı olaraq qeyd etdiyi kimi, Xətainin bir sıra şeirləri mahiyyəti və təsirlənmə səviyyəsi baxımından hürufilik düşüncəsinin ifadəsi xarakterlidir.5 Başqa sözlə, hürufilik Şah İsmayılın təkcə yaxın çevrəsində deyil, Qaraqoyunlu Cahanşahda olduğu kimi, onun təfəkküründə də özünə möhkəm yer almışdı. Təəssüf ki, orta çağ qaynaqları ədəbi-fikri düşüncəsində hürufilik meylləri qabarıq görülən Xətainin bu təriqətin nümayəndələri ilə münasibətini izləmək və bu əlaqələrin xarakterini müəyyənləşdirmək üçün çox az fakt verir. Bununla belə, təzkirələrə səpələnmiş məlumatlardan onun hürufi şairlərin məmduhu olması6 , Çaldıran döyüşündə bəzi hürufi şairlərin (Süruri, Nəbati...) də iştirakı, bəzilərinin (Tüfeyli. Həbibi7 ...) isə onu tərk edərək, Osmanlı hakimiyyətini seçməsi qə- naəti hasil olur. Bu barədə irəlidə daha təfərrüatlı bəhs edəcəyik Yuxarıdakı örnəklərdən də göründüyü kimi, Şah İsmayıl hürufi şeyxləri Fəzlullah və Nəsiminin adlarını məhəbbətlə şeirinə gətirirdi. Qeyd etməliyik ki, Xətai digər sufi şəhidlərə, o cümlədən Həllac Mənsura da heyranlığını gizləmirdi. Bundan başqa, o, bəzi təriqətlərin nümayəndələrinə ümumi şəkildə rəğbətini ifadə edirdi. Bu cərəyanlardan biri də hürufiliyin XVI əsrdə içərisində əridiyi təriqətlərdən olan qələndərilik idi. Xətainin "Qələndər" rədifli şeirində (5, s. 160) bu təriqətin nümayəndəsi şiəlik görüşləri kontekstində təqdim və tərənnüm olunur. Tanınmış tədqiqatçı Ahmet Yaşar Ocak bu şeir əsasında onun şiəliyin təbliğində qələndəri zümrələrini "ana hədəflərindən birinə" çevirdiyi qənaətinə gəlir (33, s. 140). Həqiqətən də, Xətainin digər şeirlə- rində də onun taxt-taca yiyələnməsində aparıcı qüvvə olan və hakimiyyətinin ilk dövrlərində də dayaqlarına çevrilən bu batini çevrələrin təmsilçiləri - abdallar və qələndərilər ümumi şəkildə xatırlanır və tərənnüm olunur. Bu cəhəti də xüsusilə qeyd etməliyik ki, qələndərilər "abdalaniRum", "Rum abdalları" kimi də adlandırılmışlar (33, s. 70). Maraqlıdır ki, Xətai şeirlərindən birində: Mənəm əbdal Xətai Heydər oğlu, Mənüm yolumda qovğalar gərəkdür, (4, s. 51) - deyərək, "abdal"ı həm fərqli cisimdə yeni təcəssüm, həm də təriqət nümayəndəsi kimi iki mənada istifadə edir.
Hökmdar şairin bu batini zümrələrin təmsilçiləri (qələndərilər, abdallar, hürufilər...) haqqında rəğbətlə söz açması təsadüfi deyildi və həmin poetik örnəklər dövrün tarixi-siyasi hadisələrinin əks-sədasıdır. Belə ki, bu təriqətlərin təmsilçiləri, artıq xatırlatdığımız kimi, onun dövlətinin qurulmasında iştirak etmişdilər, həm də ilk dövrlərdə Səfəvi ideologiyasının dayaqlarından idilər. Şah İsmayılın hakimiyyətə gəlməsində rolu olan batini zümrələrdən birinin də hürufilər olması qəna- ətindəyik. Doğrudur, araşdırmalarda, ümumi şəkildə olsa da, hürufiliyin qızılbaşlıq və nöqtəvilik içərisində əriyərək Səfəvilər dövründə xalq kütlələrinin ideologiyasına təsir etdiyi yazılır. (bax: 40, s. 149) Amma zənnimizcə, Şah İsmayılın dövründə hürufilik iki biçimdə: hürufilik olaraq bilinən ayrıca bir təriqət şəklində və digər fikri cərəyanların - qızılbaşlıq və qələndəriliyin görüşləri ilə sintez biçimində mövcud idi. Bu ehtimalımızı irəli sürərkən onun sarayına yaxın olan bəzi şairlərin təzkirələrdə konkret olaraq hürufi kimi təqdim olunmasından çıxış edirik. Eləcə də Şah İsmayılın öz şeirlərində Fəzlullah və Nəsiminin şəxsiyyətinə rəğbətinin poetik ifadələri, təzkirələrdə Çaldıran döyüşünədək onun sarayında və yaxın çevrəsində olan hürufi şairlərdən bəhs edilməsi bu Səfəvi hökmdarının həmin zümrənin təmsilçiləri ilə yaxın münasibəti olmasını təsdiqləyir. Bu mənada Şah İsmayılın hakimiyyətə gəlişinə silahlı yardım edən batini zümrələr içərisində hürufilərin də olması mümkün görünməkdədir. Belə ki, Fəzlullahın sağlığından etibarən hürufilər bir sıra siyasi iqtidar sahibinə müraciət etmiş, bəzən onların himayəsinə nail olmuşdular. Eləcə də Fəzlullahın edamından sonra onun qisasını almaq istəyən hürufilərin bəzənsilahlı qarşıdurmalarda iştirakı məlumdur (16, s. 429-441). Bu mənada hürufi dairələri və maraqlarını sufi şahın diqqət mərkəzində saxlayan cəhətlərin təkcə fəlsəfi-ədəbi görüşlərdən deyil, həm də onun yaşadığı dövrün tarixi gerçəkliyindən qaynaqlandığı və siyasi arxa planı olması qənaətindəyik. Həmin zümrələr də onları şairanə bir biçimdə tərənnüm edən hökmdar şairə borclu qalmırdı və o, çevrələrlə əlaqəli şairlər Şah İsmayılı və babasını - Şeyx Səfini mədh edirdilər. Bu şairlərə örnək olaraq, Süruri və Tüfeyli kimi hürufilərin adını qeyd edə bilərik. Şah İsmayıl Xətaini təkcə sarayında himayə etdiyi hürufi şairlər deyil, Türkiyədə eyni əqidənin sahibi olan şairlər də müdafiə edirdilər. Belə ki, "Yəmini8 kimi şairlər Səfəviləri müdafiə etdikləri kimi, Şah İsmayıl, sonra da Şah Təhmasib ilə sıx münasibətləri bilinən xoylu Pir Sultan Abdal Osmanlı türklərinə qarşı məzhəbinin zəfərini və şahının qələbəsini təmənna edən nəfəslər qələmə almışdır" (49). Burada bir cəhəti xüsusilə vurğulamaq istərdik ki, Səfəvilərin dövründəki hürufilik artıq Fəzlullah və xəlifələrinin sağlığındakı hürufilik deyildi. Bu şairlər ənənəvi sitayiş obyektlərinə yenilərini əlavə etmişdilər: onların məmduhları sırasında Fəzlullahla yanaşı, Şah İsmayıl, babalarından Şeyx Səfiəddin də vardı. Tüfeylinin aşağıdakı şeirində ifadəsini tapan Səfəvi ideologiyası və hürufilik görüşlərinin sintezini buna örnək olaraq göstərə bilərik: Şükr lillah kim, təriqi-şahə düşdü könlümüz, Zikrü fikri-həzrəti-Allahə düşdü könlümüz, Xoş səadətli, ulu dərgahə düşdü könlümüz, Qibleyi-hacatımızdır xanədani-Şah Səfi. (sitat: 1, s. 59)
Göründüyü kimi, Nəsiminin Fəzlullahı mədh etdiyi tuyuğunun qafiyə və rədifindən ("Düşdü könlümüz"9 )yararlanan Tüfeylinin məmduhu Şah Səfidir.10 Onun yaradıcılığının bu xüsusiyyəti barədə Həmid Araslı yazır: "Tüfeyli Şah İsmayıla və onun ulu babası Şeyx Səfiyə də tərifnamələr yazır, Səfəvilər dövlətini hürufiliyin hamisi kimi tərifləyir"di (1, s. 59). Tüfeylinin aşağıdakı şeirində də qızılbaşlıq və hürufilik görüşləri ifadəsini tapmışdır: Ey Tüfeyli, Mehdiyi-Sahibzəman dövranıdır, Əhli-fəzlə vədeyi-huri-cinan dövranıdır, İsmi-əzəm zahir oldu, "Cavidan" dövranıdır, La fəta illa Əli, la seyfə illa Zülfiqar.11 (sitat: 3, s. 275) Göründüyü kimi, Tüfeyli Şah İsmayılı dövrün "Mehdiyi-Sahibzəman"ı adlandırır (3, s. 275). Şeirdə hürufilərin ("əhli-fəzl"12) gözlədikləri cənnətə ("cinan") onun dövründə qovuşmaları açıq ifadəsini tapmışdır13. Bu bəndin ilk misrası qızılbaşlıq, ikinci və üçüncü misrası tamamilə hürufilik, sonuncu misrası isə şiəlik görüşlərinin bəyanıdır. Aşağıdakı misralardan isə şairin qızılbaşlar kimi Şah İsmayılı ilahi məzhər olaraq qəbul etməsi məlum olur. Şeirdə əvvəldən sonadək hürufilik terminologiyasından istifadə edilərək, bu təlimin baxış bucağından Səfəvi şeyx-şahı tərənnüm edilir: Şəha, hüsnün kitabında əyandır elmül-əsma, Kəlamüllahi-natiqdir vücudun sərbəsər mütləq, Yüzün nuri-təcəlladır sənin, ey surəti-rəhman, Vücudun Turi-Sinadır, kəlamın möcüzi-Musa. (sitat: 3, s. 276)
"Tüfeyli irsindən yuxarıdakı şeir Şah İsmayıl Xətainin Britaniya muzeyində saxlanılan mötə- bər əlyazmalarından birinin sonuna köçürülmüşdür. Elə bu özü də Tüfeylinin şah sarayına yaxın olması faktını bir daha təsdiqləyir. Təsadüfi deyil ki, Tüfeyli Şah İsmayıl Xətainin müharibələrini tərənnüm edən şeirlər də yazmışdır" (3, s. 276). Səfəvi sarayı ilə əlaqəsi olan digər hürufi şair Sürurinin şeirlərində Fəzlullah hürufilik ənənə- sinə uyğun olaraq, ilahlıq məqamını qoruduğu kimi14, Şah Nurullah (çox ehtimal ki, Şah İsmayıl) da hz. Əlinin məzhəri sayılmaqdadır: Ey Süruri, zahirü batində gördün, şübhəsiz, Sən Əliyyül-Murtəzayı Şah Nurullahdan. (sitat: 34, s. 409) Orta çağ qaynaqlarından məlum olduğu kimi, "tərəfdarları şahlığın Nəcəf şahından (hz. Əli) Şah İsmayıla miras qaldığı və onun hz. Sahibüz-zəmanın varisi və naibi olduğu" (9, s. 298) qənaətində idilər. Xətainin öz şeirlərində eyni düşüncəsinin ifadəsinə rast gəlinir: Xətaiyəm, al atlıyam, Sözü şəkərdən dadlıyam, Murtəza Əli zatlıyam, Qazılar, deyin, şah mənəm. (6, s. 27) Göründüyü kimi, hürufi şairin yuxarıdakı beytində də Səfəvi hökmdarına eyni mövqedən baxış inikasını tapmışdır. Hürufi şairlərin hətta bir sıra poetik obrazlarına da Səfəvi ideologiyasının təsir etdiyini görü- rük. Məsələn, XVI yüzillik hürufi ədəbiyyatı nümayəndələrindən Süruri laləni qızılbaşa bənzədir: Qönçədən gül nizə çəkdi şahə yoldaş olmağa, Lalələr başına tac aldı qızılbaş olmağa. (sitat: 32, s. 300)15 Müqayisə üçün qeyd edək ki, Nəsimi laləni hüseyniyə (şiə) bənzədirdi: Lalə öz başını yarmışdır hüseynilər kimi, Qanə boyanmış şəhidi-Kərbəlanın eşqinə. (22, II, s. 169)
Ümumiyyətlə, batini çevrələrdə "lalə" obrazına müraciət və mənalandırma çeşidləri ilə maraq doğurur. Bir zamanlar hürufi şairlər laləni şəhidliklə, hüseynilik və qızılbaşlıqla əlaqələndirdikləri halda, sonrakı dövr şeirində bu obrazın hürufilərlə əlaqələndirilməsinə də rast gəlinir. 16 Səfəvilərlə yaxın münasibət bu dövrdə yazıb-yaradan hürufi şairlərin təkcə ideyasına deyil, şeir texnikasına da müəyyən təsir etmişdir. Öncəki yüzillikdə daha çox divan şeiri üslubuna üstünlük verən hürufi şairlərin XVI yüzillikdə xalq şeiri tərzinə meyllənməsi də müşahidə olunur. Bu mənada Sürurinin heca vəzni ilə 11-lik ölçüdə yazılmış şeiri (bax: 34, s. 603-604) xalq şeiri tərzində yaranmış hürufi ədəbiyyatının maraqlı bir örnəyidir. Burada M.F.Köprülünün "milli vəznlə və Yunus üslubu təsirində bu tərz əsərlər yazan bəktaşi şairlərindən böyük bir qisminin hürufi olduğu" (31, s. 351) barədəki mülahizəsini xatırlatmaq yerində olar. Ehtimal etmək olar ki, hürufi ədəbiyyatında bu üslub və ədəbi zövq dəyişikliyinə Xətainin ədəbi yaradıcılığı və Səfəvilərin ideologiyası da təsir etmişdir. 1.2. Səfəvilər dövründə hürufi şairlər: Çaldıran döyüşü öncəsi və sonrası Səfəvi qaynaqlarında Şah İsmayılın yaxın çevrəsindəki hürufilər diqqətdən kənarda saxlanılsa da, o dövrün hürufi şairlərinin əsərlərində bu xanədanla əlaqənin açıq poetik ifadələri yer alır. Bu poetik biçimli və tarixi məzmunlu örnəklər isə həmin münasibətlərin varlığının inkarolunmaz dəlilləridir. O dövrdəki hadisələri sadəcə seyr etməyən, bu proseslərin canlı iştirakçısı olan, Səfəvi dövlətinin quruculuğu, qorunması, ədəbi-fəlsəfi görüşlərinin formalaşması və məzhəbi görüşlərinin istiqamətlənməsində payı olan hürufilər Səfəvi dövlətinin tarixi və ədəbiyyatı kontekstində də öyrənilməlidir. Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalarda Şah İsmayılın sarayında yaşayıbyaradan hürufi şairlərdən bəhs olunsa da, bu məsələyə kompleks baxışa və hadisələrin inkişafının sistemli şəkildə izlənilməsinə ehtiyac vardır. Xüsusi araşdırmaya möhtac olan bu məsələdə yardımçı qaynaqlar isə, artıq qeyd etdiyimiz kimi, hürufi şairlərin ədəbi mirasıdır. İndiyədək Azərbaycan ədəbiyyatşünaslığında Səfəvilərlə əlaqəsi məlum olan bir neçə hürufi şairdən bəhs edilmişdir. İ.Hikmət "Xətai" və "Həbibi" bəhslərində bu iki şairi hürufi olaraq təqdim edir17 . H.Araslı (1, s. 57-60), A.Musayeva (12, s. 74-76), V.Feyzullayeva (3, s. 275-277) Tüfeyli və Süruridən, bu iki şair də daxil olmaqla Nəbatidən isə gənc tədqiqatçı V.Musalı (11, s. 242) bəhs etmişlər. Bəzi tədqiqatçılara görə, Süruri 1515-ci ilədək Şah İsmayılın sarayında xidmət etmiş (1, s. 58) və bu Səfəvi hökmdarının yanında ölmüşdür (34, s. 409). Burada qaynaqlardakı fikir ayrılığını da qeyd etməliyik: Lətifiyə görə, Süruri Çaldıran döyüşündə həlak olmuşdur18 (32, s. 300). Həsən Çələbi də: "Vilayəti-Əcəmdəndür. Sultan Səlimi-Mazi zamanında fövt olub..." (30, s. 376), - deyə dolayısıyla Lətifi ilə səsləşən fikrini dilə gətirir. Aşıq Cələbi isə "Diyari-Əcəmdən Ruma mənasibialiyyə uma gəl"diyi qənaətindədir (29, s. 519). Bu şairi Lətifi "Süruriyi-Şərqi", Aşıq Cələbi isə "Süruriyi-Əcəm" deyə digər Süruri təxəllüslü şairlərdən fərqləndirirlər.19 Lətifi təzkirəsində o həm Əcəm, həm də Rumla (32, s. 300), Səhi təzkirəsində isə Sultan Səlim və Şah İsmayılla əlaqəli yad olunur. (bu barədə bax: 21, I, s. 258; 12, s. 74; 11, s. 302-305) Bəzi araşdırıcılara görə, Süruri daha uzun ömür yaşamışdır: "Sultan Səlim Təbrizi fəth etdiyi zaman Türkiyəyə aparılmış şairlər içərisində Süruri də vardı. Onun türk şairlərinə böyük təsiri olmuş, Türkiyədə yüksək nüfuz qazanmış və orada da vəfat etmişdir". (3, s. 277; bax: 7, s. 331) Araşdırmalarda hətta Sürurinin Qanuni Süleymana qəzəl həsr etməsi qeydinə də (12, s. 75) rast gəlinir. İ.Hikmətin haqlı olaraq bildirdiyi kimi, "nə Türkiyəyə nə vaxt gəldiyinə dair bir sərahat, nə də nə münasibətlə "Şah İsmayıl vaxtında fövt oldu"ğuna dair qəti və aydın məlumat ala bilirik. Hər halda ölümü 91820 ilə 92621 arasında olmalıdır" (21, s. 258). Bu mübahisəli məqama Sürurinin Ankara Millət Kitabxanasında 667 nömrədə qeyd olunmuş divançasının (34, s. 409) tədqiqata cəlb olunması və təfərrüatlı təhlili işıq tuta bilər.22 Ümumiyyətlə isə təkcə Sürurinin deyil, Şah İsmayıl sarayına yaxın olub bu Səfəvi hökmdarının himayəsinə nail olmuş şiəməzhəb, o cümlədən hürufi şairlərin şəxsiyyəti ayrı-ayrılıqda araşdırmaya möhtacdır. Tüfeyli və Həbibi kimi hürufi şair Nəbatinin də ədəbi fəaliyyəti öncə Səfəvi, daha sonralarOsmanlı dövləti ilə bağlı olmuşdur. Lakin bu hürufi şairin həyat yolu çağdaşı olan həmməsləklərinə nisbətən daha kəşməkəşli olmuşdur. Belə ki, Nəbati əsir aparılaraq, Ənqürüsdə 23 15 il dustaqlıq həyatı yaşamışdır.24 Əsarətdən sonra Niqboluya25 getmiş, İskələdə 26 katiblik etmişdir. Aşıq Çələbi onun divanını və nəsr əsərini oxuyub araşdırdığını, onun bu əsərlərində dustaqlıq həyatından bəhs etdiyini bildirir (29, s. 446). Burada Şah İsmayılın tərəfdarı olan təriqət nümayəndələrinin (hürufilər, nemətullahilər... 27) Çaldıran döyüşündə iştirakını da xatırlatmaq yerinə düşərdi. Yuxarıda xatırlatdığımız kimi, təzkirələrdə hürufilik təliminin təmsilçisi Sürurinin Çaldıran döyüşündə həlak olması, digər hürufi şair Nəbatinin isə əsir alınması bildirilir. Bu cəhət isə Çaldıran döyüşündə Şah İsmayılın tərəfində vuruşanlar arasında hürufilərin də olması qənaətini qətiləşdirir. Şəxsiyyəti və Səfəvi sarayı ilə əlaqəsi baxımından maraq doğuran digər bir şair Tüfeylidir. Burada haşiyə çıxaraq bir cəhəti xüsusilə vurğulamaq istərdik: Hürufilərin İran ərazisində, daha doğrusu, Təbrizdəki fəaliyyətinə, məlum olduğu kimi, Cahanşah dövründə son qoyulmuşdu. Təqribən yarım əsr sonra Şah İsmayılı dəstəkləyən zümrələr arasında yenidən hürufilər görünməkdədir və onların bu dəfə tarix səhnəsinə çıxması isə Qaraqoyunlular dövrü ilə müqayisədə daha qısa ömürlü oldu.28 Ümumiyyətlə, bu iki sülaləni - Qaraqoyunlular və Səfəviləri bir-birinə və hürufilərə bağlayan cəhətlər az deyildir. Bunlardan biri də hər iki xanədanla əlaqələndirilən Tüfeyli təxəllüsüdür. Biz burada bilərəkdən Tüfeyli təxəllüslü bir şair var demədik. Çünki Cahan- şah (vəfatı: 1467) və Şah İsmayıl (hakimiyyətə gəlişi: 1501) dövründə yaşamış Tüfeyli təxəllüslü şairlərin eyni bir şəxs olmasını iddia etmək üçün yetərli dəlillərə malik deyilik. Məlum olduğu kimi, divan şeirində eyni bir təxəllüs bir neçə şair tərəfindən istifadə oluna bilirdi. Nəticədə isə bəzən onlardan birinə aid informasiya digərinə də şamil olunurdu. Süruri və Tüfeyli təxəllüsünü daşıyan şairlərin də çox olması Şah İsmayılın sarayı ilə əlaqəli bu iki hürufi şairin şəxsiyyəti, görüşləri və əsərlərinin müəyyənləşdirilməsində qarşıya problemlər çıxarır. Cahanşahın dövründə yaşamış Tüfeyli haqqında M.Tərbiyətin "Danişməndani-Azərbaycan" əsərindən məlumat alırıq. Müəllif bu şairin şəxsiyyəti və əqidəsi barədə qısa məlumat verir və təfərrüata varmadan bu təxəllüslə şeir yazan bir neçə şairin məlum olmasını qeyd etməklə kifayətlənir (45, s. 246). M.Tərbiyət onun Cahanşahın məmlüklərindən biri olduğunu və əmmamə ustası ("dəstarbənd") olmasını bildirir. Qeyd etməliyik ki, Fəzlullah da "taqiyəduz" (dərviş papağı tikən) olmuşdur. Araşdırmalarda bəzi ardıcıllarının Fəzlullahı təqlidlə papaqçılıq etməsi barədə qeydlər də yer alır. Eləcə də məlum olduğu kimi, Cahanşahın sarayı və şəxsən özü ilə hürufilərin sıx əlaqəsi olmuşdur. Lakin bu detallar, təbii ki, həmin Tüfeylinin hürufi olmasını əsaslandırmağa kifayət etmir və bu istiqamətdə daha geniş araşdırma aparılmalıdır. Sonralar - XVI əsrin başlarında Tüfeyli təxəllüslü bir şairi Şah İsmayılın sarayında, əsrin sonlarında daha bir Tüfeylini Türkiyə və Bağdadda görürük. Təzkirəçilərin haqqında söz açdığı XVI yüzillikdə yaşamış bu Tüfeyli təxəllüslü şairlərin eyni bir şəxs olmaması hər hansı bir şübhədən kənardır. Belə ki, Şah İsmayılın 1501-ci ildə dövlətini qurduğu məlumdur və Tüfeyli təxəllüslü şair 1514-cü ilədək Səfəvilər sarayı ilə əlaqəli ola biləcəyindən 29 onunla Əhdinin h.1000\ m.1591-1592-ci ildə Bağdadda şəxsən görüşməsi mümkün deyildir. Bu sonuncu Tüfeylinin Diyarbəkir doğumlu olması və Türkiyədən Bağdada səfər etməsi Əhdinin təzkirəsindən bəlli olur. Buna görə də qətiyyətlə demək olar ki, bəhsini etdiyimiz Tüfeyli təxəllüslü şairlər eyni bir şəxs deyildir. Maraqlıdır ki, Cahanşah dövründəki Tüfeyli Fəzlullah kimi papaqçı, Əhdi Bağdadinin diyarbəkirli kimi təqdim etdiyi Tüfeyli isə, şeirlərindən də göründüyü kimi, şiəməzhəb olmuşdur (bax: 23, s. 208). Tüfeyli təxəllüslü şairlər arasında hürufi olduğu bilinən isə ədəbi fəaliyyəti Şah İsmayıl sarayı ilə bağlı olan və haqqında Sam Mirzənin məlumat verdiyi şairdir. Burada Səfəvilərlə hürufilik təliminin təmsilçilərinin mürəkkəb münasibətinə də qısaca nəzər salmaq yerinə düşərdi. Hürufilərin Şah İsmayıl və Şeyx Səfi xanədanını tərənnümü əsasında onların bu dövrdə şeyx olaraq Səfəvi hökmdarını tanıdıqları, Çaldıran döyüşündə iştirak baxımından isə onların da qızılbaş birliyinə daxil olan digər zümrələr kimi həm də Şah İsmayılın mürid və əsgərləri olması qənaəti hasil olur. Lakin hadisələrin inkişafını izlədikdə bu münasibətlərin Çaldı- randan sonra fərqli axarda davam etdiyi təsəvvürü yaranır. İndiyədək araşdırmalarda diqqət yetirilməyən cəhətlərdən biri də Səfəvilərlə hürufilərin ittifaqının nə qədər davam etməsi məsələsidir. Bir sıra tədqiqat əsərlərində Şah İsmayıl hürufiliyin himayədarı kimi təqdim olunsa da, bunun zaman sərhədləri müəyyənləşdirilməmişdir. Zənnimizcə, bu əlaqələr uzun müddət davam etməmiş və elə onun hakimiyyəti dövründə də sona yetmişdir. Bu ehtimalımızı həmin xanədanın digər nümayəndələrinin dövründə hürufiliyin bir təlim və ya siyasi hərəkat kimi fəaliyyətindən bəhs edilməməsi təsdiqləyir. Ümumiyyətlə, XVI yüzilliyin başlarında Səfəvilər batini yönümlü hərə- katların yaxından iştirakı və dəstəyi ilə siyasi arenada yer aldığından ilk dövrlərdə onların himayə edilməsi müşahidə olunur. Xətai şeirində hürufilik təliminin nümayəndələrinin, eləcə də bu dövrdə hürufiliklə sintez halında olan qələndəriliyin vəsfi, bu təriqətlərin fəlsəfi görüşlərinin ifadəsi, öncə də qeyd etdiyimiz kimi, həm də məzhəbi-siyasi məqsədə xidmət edirdi. Lakin bu hərəkatların təmsilçiləri ilə Səfəvi xanədanının sonrakı nümayəndələrinin münasibətləri haqqında bunu demək mümkün deyildir. Ümumiyyətlə, Səfəvilərlə təriqətlərin bağlılığının zəifləməsi ikitərəfli proses olaraq görünməkdədir. Bir tərəfdən, Çaldıran döyüşündən sonra o zümrələrin Səfəvilərə etimadı müəyyən anlamda zəiflədi, digər tərəfdən, iqtidarın da onlara ehtiyacının tədriclə azalması nəticədə təriqətlərin bu dövlət üçün önəminə mənfi təsir etdi. Bu dəyişiklik istər batini təriqətlərin nümayəndələri və sufi şeyxlərin şaha baxışında, istərsə də, əksinə, Səfəvi xanədanının təriqətlərə münasibətində özünü göstərir.30 Səfəvi xanədanının hakimiyyətə yiyələndiyi ilk illərdə Şah İsmayıl ilahi məzhər olaraq qəbul olunurdu (2, s. 47), lakin mənbələrdən məlum olduğu kimi, bu təsəvvürlər Çaldıran döyüşündən sonra nisbətən sarsılmış və getdikcə zəifləmişdir. (bax: 9, s. 299- 300). Sonrakı dövrlərdə digər Səfəvi hökmdarlarının çevrəsindəkilər tərəfindən "ilahi məzhər" kimi qəbulu ənənə üzrə davam etsə də 31, buna Şah İsmayıl dövründəki güclü və səmimi etiqadın ifadələrinə rast gəlinmir.
Ümumiyyətlə, Şah İsmayıl və varislərinin təriqətlərə münasibəti ayrıca araşdırma mövzusudur. Prosesləri müqayisədən alınan qənaət belədir ki, şeirlərində abdal, qələndər, qazi, əxi32 və hürufilərə müsbət münasibətini dilə gətirən hökmdar şairin özü və daha sonra onun varisləri dövlət siyasətində fərqli mövqe tutmuşlar. Bu prosesləri təhlil edən M.Uyar yazır: "Nəticə etibarı ilə onları iqtidar sahibi edən gücü anlayan Səfəvi şahları sünni təriqətlərdən başlamaq surəti ilə səfəvi təriqətinə qədər bütün təsəvvüfi hərəkatları ilk olaraq dövlət idarəsindən və daha sonra da cəmiyyət həyatından uzaqlaşdırdılar" (39, s. 131). Himayəsinə sığındıqları siyasi iqtidar sahiblərinin tərəfində və ya müxalifətdə olduqları hökmdar və hakimlərə qarşı silahlı mübarizədən çəkinməyən, eləcə də bir sıra üsyanlarla əlaqələndirilən hürufilik bu baxımdan hakimiyyəti ehtiyatlandıra bilərdi. Amma onların təmsilçilərinin Osmanlı dövlətində qərar tutması və gizli deyil, açıq fəaliyyəti də düşündürücüdür. Eləcə də "diyarı-Rum"a üz tutan hürufi şairlərin görüşləri, müxatibi və məmduhu ilə bağlı dəyişikliklərin olub-olmaması da xüsusi araşdırmaya möhtacdır. Burada diqqət yetirilməsi vacib olan cəhətlərdən biri də Şah İsmayılın hürufilərlə münasibət baxımından Qaraqoyunluların ənənəsini davam etdirməsidir. Şah İsmayılın dövründə hürufilərin təkrarən şah sarayınadək gəlib çıxmaları33 və onun himayəsinə nail olmaları təqribən yarım əsrlik tarixə malik Qaraqoyunlu-hürufi ittifaqını xatırladır. Bu cəhəti də xüsusilə vurğulamalıyıq ki, Qaraqoyunlular dövründə hürufilər, əsasən, farsca yazıb-yaradırdılarsa, Şah İsmayılın dövründə hürufi şairlər türk dilinə üstünlük verdilər. Bu özəllik hürufiliyin Səfəvilər dövründə fərqli biçim və fərqli çevrədə fəaliyyətinin nəticəsidir. Bununla belə, Fəzlullahın sağlığından siyasi himayəni arzulayan və bu yolda çeşidli təşəbbüslər göstərən hürufilərin nümayəndələri niyə dini-fəlsəfi əqidə baxımından onlara yaxın olan və onlara rəğbət bəsləyən hökmdarın yanında qalmayaraq, Fəzlullahın edamından sonra olduğu kimi, Anadoluya üz tuturlar sualı qarşıya çıxır. Bunun iki mümkün səbəbindən - qarşılıqlı etimadın zəifləməsindən yuxarıda bəhs etsək də, bu suala birmənalı cavab tapmaq olduqca çətindir. Məlum olan odur ki, tədriclə hürufilərin fəaliyyət göstərdiyi coğrafi-siyasi məkan dəyişmiş və Osmanlı imperiyasının nüfuz çevrəsinə - Anadolu və Balkanlara daşınmışdır. XVI yüzillikdə bu coğrafiyada Mühiti, Ərşi, Rəhməti, Vəhdəti, daha sonralar Misali kimi divan sahibi hürufi şairlər məlumdursa, Səfəvilər dövlətinin hüdudları daxilində bu səviyyədə məhsuldar və çoxsaylı hürufi müəlliflərə rast gəlmirik. XVI yüzillikdə yaşamış şairlərdən Yəmini, Kəlami, Fazili, Fəzli, Xosrov, Nəmayi, Misali, Ərşi, Virani, Bosnalı Vəhdəti, Mühyiddin Abdal və başqaları eyni zamanda hürufi inancının da təmsilçiləridir. (bax: 48) Təzkirələrdə Səfəvilərlə əlaqəsi olan Süruri34 və Nəbatinin divan sahibi (29, 446) olmaları bildirilsə də, araşdırmaya cəlb olunan, adətən, bu iki şairin bir neçə şeiridir. Sürurinin divanı günü- müzədək gəlib çatsa da, öncə də qeyd etdiyimiz kimi, Azərbaycanda tədqiqatdan kənarda qalmışdır. Göründüyü kimi, qızılbaşlıq hərəkatının tərkib hissələri və ünsürlərindən olan hürufilik Səfəvi deyil, Osmanlı imperiyasında özünə əlverişli və münbit zəmin tapdı və yayıldı. Burada yazıya alınan çoxsaylı əsərlərdə hürufilik ideyalarının ifadəsi və təbliği bu dediklərimizi təsdiqləyir. Bəzi hürufi şairlərin artıq Şah İsmayılın sağlığında Anadoluya üz tutması və bu təlimin
nümayəndələrinin Osmanlı torpaqlarında fəallığı ənənəvi təsəvvürlərdən fərqli qənaətlər yaradır. Belə ki, bir çox tədqiqatçılar Osmanlı imperiyası sərhədləri daxilində batini hərəkatların fəaliyyə- tini, o cümlədən hürufilik ideyalarının təbliğini Səfəvilərin siyasətinin nəticəsi sayırlar. Halbuki bu təlimin nümayəndələrinin hələ Şah İsmayıl dövründə Osmanlı torpaqlarına gedişi, bu gedişin məcburi və ya könüllü olmasından asılı olmayaraq orada məskunlaşması, sonrakı Səfəvi hökmdarları dövründə onların Azərbaycan və İranda fəaliyyəti barədə qaynaqlarda bəhs edilməməsi və Səfəvilər dövlətinin sərhədləri daxilində təriqətlərin fəaliyyətinin məhdudlaşdırılması bu iddiaların yenidən nəzərdən keçirilməsi, Səfəvilər dövləti və Anadoluda batini hərəkatların münasibətindəki yaxınlığın və qarşılıqlı təsirin zaman və məkan sərhədlərinin müəyyənləşdirilməsi zərurətini yaradır. Hürufiliyin İran torpaqlarında mövcudiyyət biçimini izlədikcə, ümumiyyətlə, bu təlimin fəaliyyətinin ziqzaqvariliyi diqqəti çəkir: özünəqədərki batini cərəyanların bir sıra cəhətlərini ehtiva edən hürufilik uyğun və münbit şərait yarandıqda üzə çıxıb açıq fəaliyyətə başlamış və şərait açıq fəaliyyət üçün uyğun olmadıqda qeyri-leqallığa üstünlük vermişdir. Hürufilərin Qaraqoyunlular dövründə açıq fəaliyyəti, Cahanşah dövründəki qətliamdan sonrakı böyük bir zaman fasiləsindən sonra - Şah İsmayılın hakimiyyəti dövründə təkrar üzə çıxması və gənc hökmdarı dəstəkləməsi bu deyilənləri təsdiqləyir. Görünür, Ağqoyunlu dövründə uyğun zaman yetişənədək İranda gizli olaraq görüşlərini yayan və qoruyan hürufilər Şah İsmayılı hakimiyyətə gətirmək üçün açıq fəaliyyətə keçmişlər. Bu hürufilərin bir qismi Səfəvilərin gənc rəhbərini Türkiyədən müşayiət edərək gələnlər arasında da ola bilərdi. Başqa sözlə, ehtimal şəklində belə söyləmək olar: Şah İsmayılın çevrəsindəki hürufi şairlərin və ümumiyyətlə, hürufi zümrələrin bir qismi Anadoludan Şah İsmayılı müşayiət edərək İrana gəlmiş35, digər qismi isə İranda gizli olaraq görüşlərini yayan və qoruyan hürufilər olmuşdur. Tə- əssüf ki, Şah İsmayılın çevrəsindəki hürufilərin coğrafi mənsubiyyətini məlum tarixi qaynaqlara istinadən təyin etmək çətindir. Lakin Şah İsmayılı dəstəkləyən zümrələrin batini görüşlərin daşı- yıcıları olması, hürufiliyin bu fikri axınlardan biri olması, şahın açıq bir şəkildə hürufi şeyxlərini tərənnümü, onların görüşlərinə dərindən bələdliyi, sarayında hürufi şairlərin yer alması, hətta məliküş-şüəranın (Həbibi) belə hürufi əqidəli şair sayılması, hürufilik təlimi mənsublarının Çaldıran döyüşündə iştirakı bu münasibətlərin tarixi keçmişi olması qənaətini yaradır. Nəhayət, Şah İsmayıl və hürufilər bəhsini yekunlaşdırarkən bunu da qeyd etməliyik ki, bu Səfəvi hökmdarının sağlığında - Çaldıran döyüşündən sonra hürufi şairlərin taleyi müxtəlif səbəblərdən Osmanlılarla bağlanır və onların bir qismi, artıq qeyd etdiyimiz kimi, yaranmış siyasi durumun nəticəsində Anadoluya məcburi və ya könüllü gedişindən asılı olmayaraq, orada məskunlaşır. Bu zümrəyə Səfəvilərin marağı itdikdən sonra isə İranda qalan hürufilərin gizli fəaliyyətə keçərək, görüşlərini qoruduğunu ehtimal edirik. Çünki bu torpaqlarda özəyi qorunan hürufiliyin bəzi görüşləri sonralar Səfəvi Şah Abbasın dövründə nöqtəvilikdə üzə çıxdı və hürufiliyin fikri zəmini bu təlimin yaranmasına əsas təşkil etdi. Şah Abbasın dövründə nöqtəvilərin kütləvi qırğınından sonra bu təlimin təmsilçiləri aktiv fəaliyyət səhnəsindən çəkildilər 36 , böyük fasilədən sonra isə hürufilik və nöqtəvilik düşüncəsi yeni biçimdə - babilik və bəhailiyin tərkibində üzə çıxdı. Son iki təriqətin ciddi təqib olunmasına baxmayaraq, XIX və XXe yüzilliklərdə Makuda qaraqoyunluların (41; 10, s. 371-430), İranın bir sıra məntəqələrində digər əhli-həqlərin37 görüşlərində bu təlimlər fikir həyatını davam etdirdi. 2. Səfəvilər və nöqtəvilər: siyasi-məzhəbi maraq ayrılığı Ümumiyyətlə, hürufilərin siyasi mübarizə tarixini araşdırmamız nəticəsində belə bir qənaətə gəldik ki, bu təlimin nümayəndələrinin siyasi gücə yiyələnmə niyyəti hər zaman müəyyən bir iqtidar sahibinin himayəsində gerçəkləşmişdir və onların müstəqil hakimiyyət istəyi açıq və konkret bir biçimdə görünmür. Bununla belə, istər Qaraqoyunlular, istərsə də Teymurilər tərəfindən onlara qarşı hakimiyyət çevrilişi iddiasında olma ittihamı irəli sürülmüşdür. Hürufilərin belə bir gizli istəyi əslində mümkün idi və bu, batinilərin mehdi haqqındakı təsəvvürlərindən qaynaqlanırdı. Mehdinin zühuru anlayışı altında kütləvi iğtişaşlar və sosial ədalətin bərpası niyyəti ilə mövcud hakimiyyətin dəyişdirilməsi nəzərdə tutulduğundan hürufilərin belə bir iddiasının ola biləcəyi dü- şünülürdü. Belə bir niyyət Şah İsmayılın dövründə hürufilərin, I Şah Abbasın dövründə isə nöqtəvilərin görüşlərində daha ön plana çıxdı. Adı bir sıra üsyanlarla əlaqələndirilsə də, hürufiliyin siyasi fəaliyyət və mücadilə tarixindən onların niyyətlərinin çox zaman öncədən bilinərək qarşısının alındığı qənaəti hasil olur. Hürufiliklə bəzi ortaq cəhətlərə malik olan və bu təlimlə əlaqəli fikri cərəyanlardan birinin də nöqtəvilik olması məlumdur. Fəzlullahın xəlifəsi olduğu bildirilən Mahmud Pasixani tərəfindən bünövrəsi qoyulan nöqtəvilik bir sıra görüşlərini hürufilikdən əxz etmişdir. Bu təlimin mürşidinin bəzi mülahizələrində daha artıq ifrata varması (bu barədə bax: 19, s. 566-567) müşahidə olunur. Hürufilik tarixdə daha çox üsyankar və iğtişaşçı bir cərəyan kimi tanınsa da, onun müəyyən anlamda xələfi olan nöqtəviliyin ilk üsyan təşəbbüsü I Şah Abbasın dövrünə təsadüf edir. Amma Cahanşah dövründə hürufilərin məruz qaldığı uğursuzluğa bu dəfə nöqtəvilər düçar olurlar. Şah Səfi dövründə daha bir üsyan cəhdinə baxmayaraq, Səfəvi-nöqtəvi qarşıdurması daha çox I Şah Abbas və bu dövrdə nöqtəvilərin mürşidi olan Dərviş Xosrov Qəzvininin adı ilə bağlıdır. Maraqlıdır ki, I Şah Abbasın taxta çıxmasından bir neçə il öncə nöqtəvi olaraq fəaliyyətə başlayan Dərviş Xosrov38 daha əvvəl qələndəri olmuşdur. Artıq qeyd etdiyimiz kimi, XVI yüzillikdə qələndərilikdə hürufilik görüşləri sintez şəklində yer alırdı. Bununla belə, Dərviş Xosrovun təbliğ etdiyi nöqtəviliyin sinkretik görüşlər üzərində deyil, hürufiliyin daha ilkin fikri zəmini üzərində qurulması bu düşüncələrin birbaşa hürufilikdən alınması təsəvvürünü yaradır. Dərviş Xosrovun bioqrafiyasından məlum olan bəzi detallarda da hürufiliyin mürşidinin ya- şam tərzinə bənzərlik görmək mümkündür. Belə ki, Dərviş Xosrovun da Fəzlullah kimi uzun müddət məsciddə oturaraq öz ideyalarını təbliğ etdiyini görürük. Dərviş Xosrovun ayrıca təriqət mərkəzinin rəhbəri olmasına baxmayaraq, onun da XV yüzilliyin birinci yarısındakı bir çox hürufi kimi "dərviş" adlandırılması diqqətimizi çəkdi. Şəxsiyyəti və görüşləri nə qədər mənfi planda təqdim olunsa da, ona aid tarixi faktlardan dini biliklərinin mükəmməl olması qənaəti hasil olur. Şeyx Bədrəddin və Fəzlullahın nəvəsi Əmir Nurullah kimi şah qarşısında üləma ilə mübahisədə Dərviş Xosrovun üstün gəlməsi (bax: 42, s. 473-474) mühüm bir göstəricidir. Sonda hökmdar onun görüşlərində şəriətə zidd heç nə görmür. Bu cəhət isə nöqtəvi şeyxinin dini elmlərə kifayət qədər, həm də dərindən bələd olduğunu göstərir. Ardıclıları ilk öncə İranda gözə dəyən bu təlim, qənaətimizcə, hürufiliyin bir qolundan törə- mişdir. Belə ki, tənasüxə inanan və namaza təklif qalmadığını iddia edən bir qrup hürufi (bu barədə bax: 24, s. 80, 81, 83-85, 86, 88, 91), ehtimal ki, zamanla nöqtəviliyin zəminini yaratdı. Bir sıra əsərlərdən bu da bəlli olur ki, İranda bəzən "nöqtəvilər" deyilərkən hürufilər nəzərdə tutulmuşdur: دیباچه پیکرش نشد حرف پذیر گر نقطویانش بپرسند رواست (sitat: 46, s. 152) (Onun yüzünün yazısını39 hərflə 40 (vəsf etmək) mümkün deyil, Onu nöqtəvilərdən soruşmaq uyğundur). Nöqtəviliyin təmsilçiləri ilə I Şah Abbasın münasibətinin diqqətlə təhlili maraqlı nəticələrə gətirdi. "Aləmarayi-Abbasi" müəllifi İsgəndər bəy Türkmanın (Münşi) qeyd etdiyi kimi, I Şah Abbas nöqtəvi böyüklərindən Dərviş Xosrovun yerləşdiyi təkyəyə aradabir gedərək, söhbətlərində iştirak edirdi.41 Təbiət etibarilə təmkinli olan Dərviş Xosrov deyil, onun müridlərindən olan Yusif Tərkeşduz42 və Dərviş Kiçik Qələndər böyük iddialarda olduqlarını açıq söylədiyi üçün Şah Abbas həqiqəti anlayır, narahat olur və onların həbs olunması əmrini verir. (bax: 42, s. 474) Dərviş Xosrovun hələ Şah Abbasın taxt-taca sahib olmasından bir neçə il əvvəl nöqtəvi olaraq fəaliyyətə başlaması43, bu işdən çəkindirilməsi, bir ara dini elmləri öyrənməklə məşğul olması, Şah Abbasın taxta çıxmasından etibarən tədriclə yenidən nöqtəviliyə dönməsi və nəhayət, bu Sə- fəvi hökmdarının cülusunun44 VII ilində onun bir sıra müridi ilə həbs olunması hadisəsi (bu barədə bax: 42, s. 474) həm onun uzun müddət nöqtəvi olaraq fəaliyyət göstərməsi, bu illər ərzində çox sayda tərəfdar toplaya biləcəyi, həm də nöqtəvilərlə Şah Abbasın əlaqəsinin uzun müddət davam etməsi qənaətini yaranır. Nöqtəvilərin nəyi açıq söylədiyi və aşkara çıxması ilə şahı onlara qarşı çevirən və hiddətləndirən səbəbin nə olduğu "Aləmarayi-Abbasi"dən bəlli olmur. Amma bu təlimin mehdilik etiqadı və minillik dövr anlayışına istinad edərək, gizli niyyətin məhz qiyam olduğunu ehtimal etmək olar. Belə ki, bir çox nöqtəvinin edam və ya həbs edildiyi h. 1002-ci ildə (m. 1593/1594)45 baş verən hadisələrin təhlili I Şah Abbasın bir üsyanın qarşısını aldığını düşünməyə əsas verir. Hadisələri müqayisəli təhlilimiz nəticəsində belə bir qənaətə gəldik ki, Səfəvi hökmdarı bu qiyamı baş verməmiş yatırtmağı bacarmış, bunu olduqca tədbirli və qeyri-ənənəvi bir biçimdə etmişdi. Bu hadisənin təfərrüatlı təhlili "Aləmarayi-Abbasi" müəllifi İsgəndər bəy Münşinin haqqında məlumat verdiyi hadisələrin qaynaqda vurğulandığı kimi ulduzların hərəkəti ilə bağlı olmadığını üzə çıxardı. Belə ki, nöqtəvilərin gizli tutduqları və açılınca şahı qeyzləndirən məsələnin mehdinin zühuru adı altında qiyam planı olması hadisələrin sonrakı cərəyanından bəlli olur. Nöqtəvilərin bu əhvalatı mahiyyət etibarı ilə ilk öncə Teymurilərlə ittifaq bağlayan, sirri açıldıqda edam olunan Fəzlullahla əlaqəli hadisəni də xatırladır. I Şah Abbasın Loristana getməsindən öncə nöqtəvi böyüklərindən Dərviş Xosrovun və tərəfdarlarından böyük bir qrupun tutulması, dinsizlikdə təqsirləndirilməsinə baxmayaraq, məhz Yusif Tərkeşduzun xalqın yanında "şah" elan olunması işlərin iç üzünün fərqliliyindən xəbər verir və bir çox baxımdan sual doğurur. İsgəndər bəy Münşi nə qədər qapalı yazsa da, üç günlük hakimiyyətə gətirilən bu nöqtəvinin haqqında deyilənlərdən onun hakimiyyət hərisi olması, I Şah Abbasın onun dilindən hakimiyyət iddialarını anlaması, sarayda olduğu müddətdə Yusufi-Tərkeşduzun ev dustağı olması bəlli olur. İsgəndər bəy Münşi "Aləmarayi-Abbasi"də dolayısı ilə olsa da, bu nöqtə- vinin aldadıldığına işarə edir: این بیچاره عاقبت کار خود را فهمیده آن سه روز را فراغت گذارانید. (42, s. 475) (O biçarə işini başa düşdü və o üç günü sakit oturdu). Qaynaqda I Şah Abbasın hakimiyyətdən çəkilərək Yusif Tərkeşduzu yerinə taxta oturtması və sonunda bu nöqtəvinin ölümünün ulduzların hərəkəti ilə əlaqələndirilməsi, ardınca nöqtəvilik hərəkatının öndə olanlarının çeşidli bəhanələrlə tək-tək edam olunması Səfəvi hökmdarın mənafeyinə xidmət edir və üsyan baş verməmiş qarşısı alınır. Belə məlum olur ki, Yusif Tərkeşduzu üçgünlük hakimiyyətə gətirmə I Şah Abbasın zahiri güzəşti idi. Bu üçgünlük hakimiyyət əvəzlənməsindəm öncəki və sonrakı bir çox hadisələr qiyam qorxusundan xəbər verir. İsgəndər bəy Münşinin ifadəsi ilə desək, ilhadı ilə digərlərindən irəlidə olan Yusif Tərkeşduzun46 seçimi təsadüfi deyildi. Mətndəki pərakəndə və çox üstüörtülü ifadələrdən belə bu təriqətin xalq arasında nüfuzlu və qorxunc bir qüvvəyə çevrildiyi bəlli olur. Yalnız bu kontekstdə şərh olunarkən mülhid birinə görə Şah Abbasın öz taxt-tacından imtina etməsinin və onu öz yerinə taxta oturtmasının səbəbi aydın olur. Əgər məqsəd tək bir günahkarı cəzalandırmaq və nəticədə "ulduzları aldatmaq" idisə, niyə həmin uğursuz günlər bitdikdən sonra da nöqtəvi böyükləri və təmsilçilərinin təqibi davam edir, dərhal bu hadisənin ardınca Dərviş Xosrov mühakimə edilərək edam olunur? Digər mərkəzlərdəki başçılar da tək-tək öldürülür. Həm də bu, xalq qarşısında deyil, bəzən gizlində edilir, məsələn, şəhərdən - İsfahandan çıxarılaraq Xorasan yolunda öldürülürlər. (bax: 46, s. 476) Əgər nöqtəvilərin təqibinə əsas verən onların dini görüşləri idi, onda niyə bu məsələ təkcə din xadimlərinin mühakiməsinə verilmir və ya onlar xalqın gözü qarşısında edam edilmirdilər? Orta çağ qaynaqlarına səpələnmiş məlumatlardan bu təlimin bəzi nümayəndələrinin mühakiməsində Şah Abbasın şəxsən iştirakı da aydın olur. Bunu da qeyd etməliyik ki, "Aləmarayi-Abbasi"də bu geniş planlı tədbirlərin qiyam qorxusundan qaynaqlanmasına müəyyən işarələr yer alır: "Qoy, məsciddə yaşamasın və avam camaatın ağlı gödəklərini yanına toplamasın" (42, s. 474). "...Tabelikdə olan məmləkətlərdə ("məmalik-e məhruse") onların çoxalması və yolunu azması üzə çıxdı" (42, s. 476). "Üləma şəriətə əməl edərək (o) məhəlin yolunu azmış cahil adamlarından ehtiyatlanaraq, həbs qərarı verdi" 47 (bax: 42, s. 476) və s. Ehtimal ki, ilk illərdə Səfəvilərə böyük ümidlər bəsləyən hürufilərin xəyalı puça çıxdıqdan sonra müxalifət yolunu tutmuş, onların bir qolundan törəmiş nöqtəvilər 48 artıq fərqli mehdi və başqa ilahi zühur axtarmışlar. Şah Təhmasibin dövründə Məhəmməd Şirzad Pasixaninin üsyanı (46, s. 147), adı açıqlanmayan Səfəvi hökmdarının (ehtimal ki, II Şah İsmayıl) ətrafına çox adam yığışmaması barədə Dərviş Xosrova xəbərdarlığı, Şah Abbasın cülusunun VII ilində gizli üsyan hazırlığı, nəhayət, Şah Səfi dövründə Dərvis Rzanın mehdilik iddiası ilə üsyan qaldırması belə düşünməyə əsas verir. Dərviş Xosrov və tərəfdarlarının həbsi və qətlinin üsyan cəhdi ilə bağlılığını sübut edən digər bir cəhət də Şah Abbasın bu hərəkatın çeşidli şəhərlərdəki (Qəzvin, Kaşan, İsfahan...) başçıları və öndə olanlarını edam etdirdikdən sonra dərhal bir sıra islahatları həyata keçirməsidir. (Məzdəkilik, Alafirəng hərəkatı, hürufilik, nöqtəvilik, babilik və s. cərəyanların üsyanlarının qarşısı alındıqdan sonra hakimiyyətin islahatlar keçirməsi barədə bax: 46, s. 109-110) Əslində gənc yaşda olan Şah Abbas, eləcə də ixtiyar yaşlı və təcrübəli münəccim Mövlana Cəlaləddin Yəzdi nöqtəvilərlə onların öz oyun qaydaları ilə oynamış və mövcud çətin vəziyyətdən çox ağıllı düşünülmüş bir gedişlə çıxmışdılar.49 Niyə bu hadisə ulduzların hərəkəti ilə əlaqələndirilir, din və ya siyasət adamlarına deyil, mü- nəccimə müraciət edilir sorğusuna cavab verəcək olsaq, bildirməliyik ki: İslam aləmində batinilər və şiələr qədimdən bəri iqtidarın hakimiyyətinin yıxılacağı vədini verməklə münəccimlik öncəgörmələri pərdəsi altında simvolik hərf və rəqəmlər əsasında plan cızmışlar (46, s. 51). Məsələn, hürufiliklə bir sıra ortaq cəhətlərə malik "İxvanüs-səfa"da da şər əhlinin məğlub olacağı, xeyir əhlinin isə qalib gələrək dövlətini quracağı fələklərin - çərxin dövretməsi ilə əlaqələndirilirdi. (bax: 46, s. 51) Ehtimal ki, nöqtəvilər də nücum elminə əsaslanmaqla xalqı yeni zühurun gəlişinə inandırmışdılar. Hürufilikdə də mehdinin zühuru Nəsri-teyr adlı ulduzun hərəkəti və onun minillərlə sayılan dövrü ilə əlaqələndirilirdi (13, s. 403). Belə ki, təkcə nöqtəvilikdə deyil, İranda fəaliyyət göstərmiş digər təriqətlərdə də münəccimliyə meyl gözə çarpır.50 Nöqtəvilikdə, eləcə də bu təlimin sələfləri (şüubilik, ismaililik, qərmətilik, hürufilik...) və xələfləri (babilik, bəhailik...) minillik dövr, min ildə bir dəfə görünən ulduz və ilahi zühur anlayışı olmuşdur. (bax: 19, s. 569-570)
Qənaətimizcə, əslində qiyam hadisəsi növbəti ildə - 1003-cü ildə baş verməli idi. Bu, nöqtəvi Xacə Nəsirin aşağıdakı şeirindən məlum olur: در الف و ثالثین دو قران می بینیم، از مهدی و دجال نشان می بینیم. یا ملک شود خراب یا گردد دین، سری است نهان و من عیان می بینم. (sitat: 46, s. 111) (Min üçdə iki yaxınlaşma51 görürəm, Mehdi və Dəccaldan əlamət görürəm. Ya mülk52 dağılacaq, ya din dönəcək, Gizli bir sirdir və mən aşkar görürəm). Ə.Z.Qaragözlünün qeyd etdiyi kimi, səfəvilik təriqətinin başlanğıcından etibarən hz. Qaimə yaxın zühurun vədi verilmişdi (46, s. 150). Bu çevrələrdə formalaşmış nöqtəvilər də batini və şiələrin bənzər ("mutəşabihə") ibarələrinin qəlibində vəd olunmuş zühurun yaxınlığını və yeni dövrün başladığını müjdə verirdilər (46, s. 51). Nəhayət, nöqtəvilər hicri tarixlə minilliyin başında qiyam fikrinə düşdülər (46, s. 157-158). Bu üsyan cəhdi batinilərin görüşlərində xüsusi yeri olan minillik dövr anlayışından qaynaqlanırdı. Həmin təlimin nümayəndələri Şah Abbasın idarəsində olan bölgələrdə uğursuzluğa uğradıqdan sonra da minilliyin başlarında zühur edəcək mehdi etiqadından əl çəkmədilər. Onların bir qismi Hindistana üz tutdu. Orada nöqtəvilər Teymurilər sülaləsindən olan Cəlaləddin Məhəmməd Əkbər şahın yaxınlarından olan Şeyx Əbülfəzl ilə əlaqə qurdular (42, s.476) və Əkbər şahın yanına gedərək, təlqin sonunda onu minilliyin vəd olunmuş başçısı olduğuna inandırdılar (bax: 46, s. 41). Nəticədə birbaşa hakimiyyətə yiyələnə bilməyən nöqtəvilər onlara rəğbət bəsləyən Əkbər şaha sığınmaq və dolayısı ilə onun siyasi gücündən yararlanmaqla gizli niyyətlərini qismən də olsa, həyata keçirə bildilər. Bu cəhət isə Səfəvi dövlətinin ilk illərində Şah İsmayıl-hürufi münasibətlərini yada salır. Qeyd etməliyik ki, Şah Abbasın ulduzların "göstərişi" ilə taxt-tacdan müəyyən bir müddətə uzaqlaşması və yerinə nöqtəvilərdən olan Yusif Tərkeşduzu hakimiyyətə gətirməsi (42, s. 474- 475) şüubi-ismaili-şiə çevrələrindən olan Zeydanın görüşlərini xatırladır: "Ulduzların və planetlərin seyri islamın siyasi-məzhəbi həyatının sona çatdığını və İranın (=Sasanilərin) din və dövlətinin geri qayıtmasını göstərir..." (43, s. 245). Zeydanda nəzəri şəkildə mövcud olan düşüncələr nöqtəvilərin görüşlərində daha aktiv fazaya keçdi (19, s. 554). Göründüyü kimi, "nöqtəvilər də dərvişlik libasında şahlıq axtarır və Səfəvilərlə rəqabətdə müəyyən bir şəkildə hakimiyyət qurmaq istəyirdilər". (bax: 46, s. 22) Burada onu da qeyd etməliyik ki, Səfəvilərin nöqtəvilərə münasibəti yalnız nifrət üzərində qurulmamışdı. Məsələn, II Şah Abbas həmin təriqətin dərvişlərindən Dərviş Baba Kəlbəlini himayə etmişdi. (bu barədə bax: 46, s. 149) İsgəndər bəy Münşi Şah Abbas dövründəki nöqtəvi qətliamından sonra bu təlimin bəzi nümayəndələrinin ölkədən Hindistana qaçdığını53 və ya gizlinə çəkildiyini, eləcə də onların görüş- lərinə (tənasüx) son qoyulduğunu yazırsa da (42, s. 477), Şah Səfi (ö. 1051/1642) dövrində bu təlimin - qısa bir müddət də olsa - yenidən canlandığını görürük. Bu dövrdə Qəzvində Dərviş Rza adlı bir nöqtəvi mehdilik iddiası ilə üsyan qaldırdı, amma sonda məğlub oldu və edam edildi (h. 1041 / m. 1631) (bax: 46, s. 150; 26, s. 203). H.H.Ballı haqlı olaraq qeyd edir ki, Səfəvilərdən sonrakı dövrlərdə də bu təlimin izlərini görmək mümkündür. Babiliyin qurucusu Mirzə Əli Məhəmməd Bab (ö. 1266 / 1850) Makuda həbsdə olarkən nöqtəvi görüşləri ilə tanış olmuş, "Bəyan" adlı kitabına birbaşa bu doktrinaları daxil etmişdi. (26, s. 203) Nöqtəvilərin Səfəvilər dövlətindəki fəaliyyəti ziqzaqvarı xarakterliliyi ilə hürufiliyi xatırlatsa da, Şah Təhmasibdən II Şah Abbasadək bir neçə Səfəvi hökmdarının adı ilə bağlılığı, başqa sözlə, hürufiliyə nisbətən daha uzunömürlülüyü onu sələfi hürufilikdən fərqlənir.
Nəticə
Bu məqalədə Şah İsmayılın dövründə hürufilərin daha çox ədəbi, Şah Abbasın dövründəki nöqtəvilərin isə siyasi yönümlü fəaliyyətindən söz açdıq. Amma Səfəvilər dövründə hürufilərin siyasi, nöqtəvilərin isə ədəbi fəaliyyəti də olmuşdur. Artıq qeyd etdiyimiz kimi, orta əsrlər mənbələrində hürufilərin Səfəvilər dövründəki fəaliyyətinə dair məlumatlar dağınıq şəkildə və dolayısı ilə ifadəsini tapmışdır. Məqalə boyu yeri gəldikcə onların siyasi xarakterli fəaliyyətinə də diqqəti çəkdik. Nöqtəvi əqidəli şairlərin əsərlərindən isə bəzi farsca orta çağ qaynaqlarında yeri gəldikcə bəhs olunmuşdur54 və bu faktiki materialın mövcudluğu problemin araşdılmasına şərait yaradır. Əgər orta əsrlər tarix kitabları (əsasən, İsgəndər bəy Türkmanın əsəri) Səfəvilərin nöqtəviliyə baxış bucağını əks etdirirsə, nöqtəvilərin ədəbi mirası həm onların dünyagörüşünü, həm də o dövrün hadisələrinə təlimin nümayəndələrinin baxışını açıqlayır. Bununla belə, nöqtəvi-Səfəvi münasibətlərinin ədəbiyyatda inikası, bu istiqamətdə geniş təhlil və dəyərləndirmə böyük həcmli bir tədqiqat əsərinə mövzu ola biləcəyindən burada həmin problemlərdən bəhs etmədik. Sonda bunu da qeyd etməliyik ki, ümumiyyətlə, iqtidar sahiblərinin hürufilərə olduğu kimi, nöqtəvilərə münasibətində də sabitlik olmamışdır. Müqayisə üçün qeyd edək ki, Əmir Teymur və Şahruxun hürufiliyə münasibəti mənfi, Miranşahın dəyişkən (öncə dostluq, sonra düşmənçilik) olmuşdur. Əmir Teymurun nəvəsi Uluğ bəy Fəzlullahın nəvəsi Əmir Nurullaha rəğbət bəsləmiş- dir.55 Teymurilərdən olan Əkbər şah hürufilərlə əlaqəli nöqtəviləri himayə etmişdir. Qaraqoyunlu Qara Yusif hürufilərlə müttəfiq olduğu halda, onun oğlu İsgəndər Mirzənin bu təlimin nümayəndələri ilə münasibəti ziddiyyətli olmuşdur.56 Çərkəz məmlüklərindən Şeyx əl-Müəyyəd Nəsiminin ölüm hökmünü imzaladığı halda, digər Çərkəz sultanı Qansuh əl-Quri (Qansuh əl-Qavri) (XVI) bir qalibiyyəti şərəfinə Nəsiminin türbəsini bərpa etmişdi (bu barədə bax: 17, s. 129). Səfəvilərdən Şah İsmayıl ilk dövrlərdə hürufiləri himayə etdiyi halda, Şah Abbas bu təriqətin içindən çıxmış nöqtəvilərlə əvvəl yaxın münasibətdə olmuş, onların etiqadının siyasi yönünü anladıqdan sonra isə ağır cəzalandırmışdı. Şah Abbas 7 il bu təriqətlə yaxın münasibətdə olsa da, sonda onların hakimiyyət iddiasını görüb bir qismini edam, bir qismini həbs etdirmişdir. Bəziləri isə təqibə görə ölkəni tərk etməyə məcbur olmuşdular.
Qaynaqlar:
1. Araslı, Həmid. Böyük Azərbaycan şairi Füzuli, Bakı: Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1958.
2. Əfəndiyev, Oqtay. Azərbaycan Səfəvilər dövləti, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1993.
3. Feyzullayeva, Vəcihə. XV-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı // Azərbaycan ədəbiyyatı tarixi, III c., Bakı: Elm, 2009.
4. Gənceyi, Turhan. Şah İsmayıl Xətai divanının elmi-tənqidi mətni, tərtibçi və mətni transfoniliterasiya edən: Paşa Kərimov, Bakı: Elm və təhsil, 2013.
5. Xətai, Şah İsmayıl. Əsərləri, 2 cilddə, II c., Bakı: Azərnəşr, 1976.
6. Xətai, Şah İsmayıl. Əsərləri, 2 cilddə, 1 c., Bakı: Azərnəşr, 1975.
7. XIII-ХVI əsrlər Azərbaycan şeiri // Azərbaycan klassik ədəbiyyatından seçmələr, 3 cilddə, II c., müqəddimə: Cahangir Qəhrəmanov, Kamil Allahyarov, Bakı: Şərq-Qərb, 2005.
8. Məmmədov, Əzizağa. Nəsimi və Şah İsmayıl Xətai // İmadəddin Nəsimi (məqalələr məcmuəsi), Bakı: Elm, 1973.
9. Musalı, Namiq. I Şah İsmayılın hakimiyyəti, Bakı: Elm və təhsil, 2011.
10. Musalı, Namiq. Rus Oryantalistlere Göre Ehl-i Haklar, İstanbul: T.C. Kültür və Turizm Bakanlığı, 2013.
11. Musalı, Vüsalə. Osmanlı təzkirələrində azərbaycanlı şairlər, Bakı: Nurlan, 2009.
12. Musayeva, Azadə. Əlyazma kitabı və XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı: problemlər, araşdırılmalar. Bakı: Nurlan, 2002.
13. Nəsimi, İmadəddin. Seçilmiş əsərləri. Tərtib edəni: Həmid Araslı, Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1973. 14. Səadət Şıxıyeva. "Cavidannamə"də Bakı ilə bağlı ezoterik interpretasiyalar // Orta əsrlər Şərqinin tarixşünaslığı və mənbəşünaslığı (Sovet İttifaqı qəhrəmanı, akademik Ziya Musa oğlu Bünyadovun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi simpoziumun materialları, Bakı, 7-8 may 2012-ci il), Bakı: Elm, 2012, s. 400-403.
15. Şıxıyeva, Səadət. Həbibinin şeirində hürufiliyin ənənəvi və transformasiyaya uğramış şəkilləri // Şərqin aktual problemləri: tarix və müasirlik (akad. Z.Bünyadovun yubileyinə həsr olunmuş konfransın materialları), Bakı, 2001, s.119-122.
16. Şıxıyeva, Səadət. Hürufi müəlliflər Qaraqoyunlular haqqında. \ Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları (akad. Vasim Məmmədəliyevin 70 illiyinə həsr olunmuş konfransın materialları), Bakı, 27-28 iyun, 2013,s. 429-443. 17. Şıxıyeva, Səadət. Hürufilərin siyasi mübarizə tarixindən // Dil və ədəbiyyat, 1998, №3, s. 126-129.
18. Şıxıyeva, Səadət. Hürufilik və irfani görüşlərin müqayisəli tədqiqi (Nəsimi şeiri əsasında) // Elmi araşdırmalar, 2004, №1-2, s.340-358.
19. Şıxıyeva, Səadət. İslami mühit və hürufilikdə еtnik düşüncənin təzahürləri (II) // AMЕA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "Еlmi araşdırmalar"ı, 2006, №1-4 (VIII buraxılış), s. 547-573.
20. Şıxıyeva, Səadət. Nəsiminin lirikası (filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya), Bakı, 1990. Ərəb əlifbası ilə: 11. حکمت، اسمعیل. آذربایجان ادبیاتی تاریخی، ایکیجلدده، ایکینجی جلد، باکی، 1211 11. نسیمی، عمادالدین. اثرلری، اوچجلدده، علمی- تنقیدی متنیک تربیتی و مقدمه: جهانگیر قهرمان اوف، اوچونجی جلد، باکی، علم نشریاتی، 1291. Türk dilində:
23.Ahdi Bağdatlı. Gülşen-i Şu'ara. Hazırlayan: Süleyman Solmaz, Denizli, 2009 (http://ekitap.kulturturizm.gov.tr/Eklenti/10730,aggpdf.pdf?0).
24.Aksu, Hüsamettin. Amir Giyas al-Din Muhammed al-Astarabadi ve "İstivanama"si (Doktora Tezi), İstanbul Üniversitesi Edebiyat Fakültesi, İstanbul, 1981.
25.Ayan, Hüseyin. Nesimi. Hayatı, Edebi Kişiliği, Eserleri ve Türkçe Divanının Tenkitli Metni, I-II. Cilt, Ankara: Türk Dil Kurumu Yayınları, 2002.
26.Ballı, Hasan Hüseyin. Hurufiliğin Doğuşu və Fazlullah Hurufi, İstanbul: Hikmetevi Yayınları, 2013.
27.Hurufilik Metinleri Katalogu. Hazırlayan: Abdülbaki Gölpınarlı, Ankara: TTK, 1973.
28.İren Melikoff. Alevi Bektaşi Sorunu (http://www.psakd.org/yazarlar/alevi_bektasi_sorunu.html)
29.Kılıç, Filiz. Meşairü'ş-Şu'ara (İnceleme-Tenkitli Metin), Gazi Üniversitesi (Basılmamış Doktora Tezi), Ankara, 1994.
30.Kınalızade, Hasan Çelebi. Tezkiretü'ş-Şu'ara (Tenkitli Metin), Hazırlayan: Aysun SungurhanEyduran, Ankara, 2009 (http://docplayer.biz.tr/15692016-Kinalizade-hasan-celebi-tezkiretu-s-suara-hazirlayan-aysun-sungurhan-eyduran.html).
31.Köprülü, Fuad: Türk Edebiyatında İlk Mutasavvıflar, Ankara: Türk Tarih Kurumu Basımevi, 1976.
32.Latifi. Tezkiretü'ş-Şü'ara ve Tabsiratü'n-Nuzama (İnceleme-Metin). Yrd. Doç. Dr. Rıdvan Canım, Ankara: Atatürk Kültür Merkezi Başkanlığı, 2000.
33.Ocak, Ahmet Yaşar. Osmanlı İmperatorluğunda Marjinal Sufilik: Kalenderiler, Ankara: TTK Yayınları, 1999. 34.Özmen, İsmail. Alevi-Bektaşi Şiirleri Antolojisi, Cilt 1-5, Ankara: Kültür Bakanlığı Yayınları, 1998.
35.Sümer, Faruk. Safevi Devletinin Kuruluşu ve Gelişmesinde Anadolu Türklerinin Rolü: Şah İsmail ile Halefleri ve Anadolu Türkleri, Ankara: Türk Tarih Kurumu, 1992.
36.Şaripbekova, Saule. Acem Süruri ve Divançesi, Gazi Üniversitesi (Yüksek Lisans Tezi), 2001.
37.Tansel, Fevziyye Abdallah. Gül-Baba Adı Verilen İki Ayrı Şahsiyet. Molla Murad Divanchr("39")ı ve Sünbül Sinan, Ankara Üniversitesi İlahiyat Fakültesi Dergisi, 1968, Cilt: 16, Sayı: 1. (http://dergiler.ankara.edu.tr/dergiler/37/1700/18165.pdf)
38.Türkdoğan, Orhan. Alevi-Bektaşi Kimliği, İstanbul: Timaş Yayınları, 1995.
39.Uyar, Mazlum. Safeviler Öncesi İran'da Tasavvufve Safevi Devleti'nin Ortaya Çıkışı // Akademik Araştırmalar Dergisi, 2000-2001, S. 7-8, s. 85-94.
Rus dilində:
40.Гейдаров М.Х. Социально-экономические отношения и ремесленные организации в городах Азербайджана в ХIII-ХVII вв., Баку: Элм,1987.
41.Гордлевский Вл. Кара-Коюнлу. Известия об-ва обследования и изучения Азербайджана, 1927.
Fars dilində: 21. اسکندر بیگ ترکمان. تاریخ عالم آرای عباسی شامل جلد اول و نیمی از جلد دوم کتاب، ج.1، تهران: چاپخانه گلشن، 1131. 21. افتخارزاده، محمود رضا. بررسی انتقادی نضهت های ملی- تاریخی ایران )1( شعبیه ناسیونالیسم ایرانی، قم: دفتر نشر معارف اسالمی، 1191. 22. امیرغیاث الدین محمد بن حسین بن محمد الحسینی االسترابادی. استوانامه، بتصحیح و اهتمام حسام الدین آقصو، استانبول، .1211 23. تربیت، محمدعلي. دانشمندان آذربایجان، تبریز: بنیاد كتابخانه فردوسي[.بیتا] 21. قراگزلو، علیرضا ذكاوتی. جنبش نقطویه، قم: نشر ادیان، 1111. 29. کیا، صادق. نقتویان یا پسیخانیان، شماره ایران کوده، انجمن ایرانویح، گرد آورنده م.مغدم، 1111.
İnternet siteləri:
48.http://turkoloji.cu.edu.tr/HALK%20 EDEBIYATI/34.php
49.http://wayter.wordpress.com/2012/01/27/nimatullah/ Материалы о тарикате ниматуллахи 50.http://www.enfal.de/otarih45.htm
51.http://www.os-ar.com/modules.php?name=News&file=article&sid=24136 52.http://www.psakd.org/yazarlar/alevi_bektasi_sorunu.html
53.http://www.edebiyatvesanatakademisi.com/edebiyat-terimleri-mazmunlar/dibace-onsoz-nedir-vedibace-ornekleri-14212.asp
Хуруфизм и ноктавизм в эпохе Сефевидов
Резюме Роль последователей шиитско-эзотерического учения в создании правительства Сефевидов была изучена исследователями в общих чертах, но не был изучен политический характер отношений с данной династией хуруфитов, являющихся одним из ветвей упомянутого движения. В данной статье впервые рассматриваются не только литературные, но и политические направления отношений Шах Исмаила и хуруфитов. В статье также рассматривается контрастные аспекты отношений Шах Аббаса с представителями ноктавизма, близкого к хуруфизму в идейном плане, а также проанализированы предполагаемые политические причины преследования сторонников данной секты.
Ключевые слова: Сафавиды, хуруфизм, ноктавизм, секта, поэзия
Hurufism and Noktavizm in the Safavid Period Summary
The role of followers of Shiite-esoteric theory in the Safavid government creation has been studied by researchers in general, but political nature of the relationship between this dynasty and hurufits being one of the branches of the mentioned movement, has not been studied yet. There is investigated for the first time as a literary, so political relationships between Shah Ismail and Hurufits in this article. There are also investigated the contrasting aspects of the relationship between Shah Abbas and noktavizm being close to hurufism; conceptually analyzed and perceived political reasons for the persecution of supporters of this sect in the given article.
Keywords: Safavids, Hurufism, Noktavizm, Sect, Poetry
SƏADƏT ŞIXIYEVA
AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, filologiya üzrə fəlsəfə doktoru
Məqalə prof. t.ü.e.d. Şahin Fərzəliyev və t.ü.f.d. Dilavər Əzimlinin müsbət rəyləri, "Tarix və Gerçəklik" jurnalının redaksiya heyətinin 1 aprel 2013 ci il 5 saylı protokolunun qərarına əsasən çap olunur.