Qarabağla bağlı təzyiqlərin yeni dalğası: Məqsəd nədir?- ÖZƏL
9 İyul 13:51 SiyasətErməni lobbisi və bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasında "Dağlıq Qarabağ üzrə xüsusi məruzəçi" mandatının təsis olunması üçün yeni kampaniyaya başlayıblar. "Christian Solidarity International" bu təşəbbüsdə fəallıq göstərir. "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası"nın rəhbəri Sahib Məmmədov bildirib ki, bu cəhd Azərbaycanın ərazi bütövlüyünə ziddir. Halbuki Ermənistan Qarabağın Azərbaycana məxsusluğunu qəbul edib və münaqişə artıq başa çatıb.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib. Politoloq bildirib ki, ermənilər Qarabağdan əhalinin köçməsi məsələsini manipulyasiya etməyə çalışırlar və bu, beynəlxalq səviyyədə sui-istifadə olunur:
"2023-cü ildə bir günlük antiterror əməliyyatından sonra ehtimal edildi ki, ermənilər Qarabağdan erməni əhalisinin köçməsi məsələsini manipulyasiya etməyə çalışacaqlar. Yalnız Ermənistan deyil, eyni zamanda bir çox regionda marağı olan dövlətlər və beynəlxalq təşkilatları da bu mövzunu sui-istifadə edərək gündəmə gətirəcəklər və bu məsələyə göz yummaq olmaz.
BMT-də bu cür kampaniyanın başlanması, təbii ki, xoş qarşılanan hal deyil. Lakin bununla bağlı ciddi nəticələr gözləmək o qədər də real deyil. Çünki BMT-nin qəbul etdiyi qətnamələrdə, o cümlədən 2023-cü ildə keçirilən dinləmələrdə, Təhlükəsizlik Şurası tərəfindən bütün dövlətlər birmənalı şəkildə vurğulayıblar ki, Qarabağ Azərbaycanın ərazisidir. Qarabağ ermənilərinin vəziyyətinə gəldikdə isə, Azərbaycanın rəsmi çağırışları, təqdim etdiyi reinteqrasiya planları var. Həmin zaman Qarabağ ermənilərinin nümayəndələri ilə bir neçə dəfə görüşlər keçirildi və reinteqrasiya planı onlara təqdim olundu. Sadəcə olaraq, bölgədə yaşayan ermənilər bu planı qəbul etməyərək, könüllü şəkildə bölgəni tərk etdilər. Ermənistan da Qarabağı Azərbaycanın ərazisi kimi tanıdı və bu baxımdan hər hansı problem mövcud deyil.
Qeyd etdiyimiz kimi, bu məsələni yalnız bir dövlət deyil, bir çox dövlətlər istismar etməyə çalışırlar. Xüsusilə son dövrlərdə Rusiya istiqamətində bu mövzuda müəyyən addımlar atıldığı görünür. Amma bütün bunlara baxmayaraq, hesab edirəm ki, BMT-dəki təşəbbüslər ciddi nəticə verməyəcək. Hətta belə bir təxribatçı qərar qəbul edilsə belə, həmin missiyanın məqsədi və bir ölkənin suverenliyi üzərindən yaratmağa cəhd edilən şübhələr qəbul edilməz olacaq. Azərbaycan da bu istiqamətdə reaksiyasını göstərmək və həmin missiya ilə əməkdaşlıq etməmək hüququna malikdir".
Zeynəb Mustafazadə