Brilliant Dadaşova: “Vəsait xərcləyən bizik, amma qazanan başqalarıdır”

Xalq artisti Brilliant Dadaşova “OLAYLAR”a verdiyi müsahibəsində albom və konsertin gəlirindən danışdı

-Hər gün efirə çıxıb, tamaşaçılarla ünsiyyətdə oluram. Həm də ki, bunun üçün geniş məşqlərə də ehtiyac var. Buna görə hələ ki, konsert vermirəm. Hərənin bir dəsti-xətti var. Məsələn, Tarkan verilişlərə çıxmaqdan çox konsert verməyə üstünlük verir. Həm efirdə olmaq, həm də ki, konsertə hazırlaşmaq çox çətindir. Konsert üçün gərək ən azı bir ay televiziyadan uzaqlaşıb vaxtını bu işə sərf edəsən. Bu yaxınlarda mənim AzTv-də televiziya konsertim oldu. Türkiyədə də proqramım yayımlanır. Sarayda iki min tamaşaçı ilə görüşürəmsə, televiziyada milyonlar məni izləyir. Novruz bayramı münasibəti ilə də Gəncədə konsert proqramında çıxış etmişdim. Mən onsuz da həmişə pərəstişkarlarımla ünsiyyətdə oluram.

-Bəzi müğənnilər konsertdən gəlir əldə etmədiklərini deyir. Nadir Qafarzadə də "OLAYLAR"a verdiyi açıqlamasında "kim deyir ki, konsertdən gəlir əldə edib, inanmayın. Yalandır. Müğənnilər konsert biletlərini tanışlarına verib, sarayı doldururlar" demişdi. Son vaxtlar siz də nədənsə konsert vermirsiniz. Buna səbəb kimi sizin də konsertdən gəlir əldə etməməyiniz ola bilərmi?

-Xeyr. Allah şahiddir ki, mən heç vaxt biletlərimi kiməsə verməmişəm. Heç vaxt bilet satdırmamışam, tələbələrə də paylamamışam. Kassadakı şəxslər də bunu bilir. Biletlər kassada satılarkən mən evdə oturub özüm üçün dincəlmişəm. Mənim iki konsertimdən əldə etdiyim gəlir 40 min olub. Yerlərin, musiqiçi, rəqqasların, əməyi olan kəslərin pulunu ödədikdən sonra hər konsertdən ayrılıqda 20 min gəlir əldə etmişəm.

-Mütəmadi olaraq sizi sevənlərlə görüşürsünüz. Növbəti görüşünüz nə vaxta planlaşdırılır?

-Sabah ticarət mərkəzlərinin birində tamaşaçılarla görüşüm olacaq. (Bu görüş artıq baş tutub-red)Təşkilatçılar mənə zəng edərək, bilet satılmadan tamaşaçılarla görüşün təşkili üçün təklif verdilər. Mən də bu təklifi qəbul etdim. Tamaşaçı üçün konsertə vəsait xərcləməkdənsə, pul xərcləmədən belə görüşlərə gəlmək daha sərfəlidir.

- Bildiyimiz kimi Türkiyədə müğənniyə işıq üzü görən albomunun müqabilində qonorar verilir. Azərbaycanda isə hələ ki, bu qanun yoxdur. Bu haqda danışan yerli şou-biznes nümayəndələrinin bir çoxu qonorar amilinin verilməməsinə görə, albom çıxartmaqdan imtina ediblər. Siz bu haqda necə düşünürsünüz?

-Mən albomdan imtina etmirəm. Düzdür biz işıq üzü görən albomlardan gəlir əldə etmirik. Albom üçün nə qədər əziyyət çəkib, vəsait xərcləyən bizik, amma qazanan başqalarıdır. Bunun üçün yeni-yeni mahnılar üzərində də işləyirəm.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31