“Rep xəstələnmiş haldadır, həkimə ehtiyacı var” - MÜSAHİBƏ

Hüseyn Dərya: “İstəyirəm ki, mən dünyada olmayanda oğluma baxıb desinlər ki, bu Hüseyn Dəryanın oğludur”

Müsahibimiz məşhur reper Hüseyn Dəryadır.

-Hüseyn, gənc reperlərin fəaliyyətindən razısınızmı?

-Mən bir az eqoist adamam. Fəaliyyətləri yoxdur. Buna görə narazıyam. Reper heç vaxt dayanmamalı, çəkinməməlidir. Əziyyətlərdən də qorxmamalıdır. Hər bir reper repin inkişafı üçün öz rolunu yaxşı oynamağa çalışmalıdır. Bu gün rep xəstələnmiş haldadır, həkimə ehtiyacı var. Bunun da səbəbi reperlərin fəaliyyətsizliyindədir. Hər kəs öz fəaliyyətində əsas amil kimi pulu görür. Əslində biz sənətə gələndə əlimizdə pulla gəlməmişik. İstedadla gəlmişik, istedadla da bu sənəti yaşatmışıq. Yəqin onların istedadları o həddə deyil ki, bu sənəti yaşada bilmirlər. Bu gün repin inkişafı üçün, onun sevilməsi üçün əziyyət çəkənləri alqışlayıram, reper olaraq da onlara kömək etməyə hər zaman hazıram. Qarğanın qarıldaması özünə xoş gəlir. Halbuki ən pis, xoşagəlməz səs ona məxsusdur. Bülbül səsini bəyənməsə də ən gözəl səs ona aiddir. Hər  kəs öz səsini bəyənib, istədiyi mahnını oxuya bilər. Reperlərin də əsas çatışmazlığı onların könlünə yatan replər oxumalarındadır. Repçi gərək xalqa nə lazım olduğunu düşünə, önəmli mövzulara toxuna. Bu səbəblərə görə, repin fəaliyyəti dondurulub. İnşallah bir həftəyə, on günə Hüseyn Dərya repdə canlanma yaradacaq. Repin yenidən üzü güləcək və sözünü deyəcək. Nə qədər ki, canımız  sağdır bu yolda yaşayırıq, yaradırıq, elə bu yolda da öləcəyik.

-Rep aləmində bəyəndikləriniz necə, varmı?

-Rep aləmində bəyəndiklərim də var. Dado, Qarabasma və Uranın adını şəkə bilərəm. Gözəl repçilərimz olsa da, bu kifayət etmir.

-Repdə səslənən fikirlərin təbliğatı necədir? Elələri var ki, bunu söz olaraq deyir. Bu haqda bir az danışaq.

-Evdə mətbəxdə də oturub "Sarı gəlin"i oxumaq olar. Mən "Sarı gəlin"i mətbəxdə elə ifa edərəm ki, öz gözümdə lap dünyanın bir nömrəli ulduzu da olaram. Amma məsələ onda deyil. Mən "Sarı gəlin"in təbliğatı üçün nələr edə bilərəm sualı ətrafında da düşünməliyik. İfa, fikirlər gözəl ola bilər. Əsas onu icra etmək, təbliğ etməkdir. Bu da ki, bizdə zəifdir. Səbəbi də onların siyasətlərinin zəif, savadlarının isə az olmasındadır. Üç reper əl-ələ veri "Sarı gəlin"in təbliğatı üçün müxtəlif dillərdə ifa etməlidirlər. Bu cür repçi xalq qarşısında borcunu yerinə yetirmiş olar, həm də repin inkişafında adını adlar sırasına yaza bilər. Rep bu yolla yaşayır.

-Repdə də təkrarçılıq var. Hazırda sənətə gələn ifaçılar arasıında da təkrar mövzulara, sözlərə müraciət edənlər az deyil...

-Kimə baxırsan eyni fikri söyləyir. Hamı qəm-kədərdən, Qarabağın getməsindən, pulun olmamamsından, varlının kef edib, kasıbın ac qalmasından oxuyur. Repdə başqa mövzuya toxunanlar yoxdur. Dini mövzular, vətənpərvərliyə, dostluğa, pula, idmana və s mövzuya aid replər var. Hərə öz xoşuna gələni oxuyub, sonradan rep yoxdur deməməlidir. Rep niyə yoxdur, var. Qızıl da torpağın altında əsrlərlə qalır. O bir şeyə yaramırsa nəyimə lazımdır? Amma onu çıxardıb istifadə etdikdə o qiymətləndirilir. O, şey ki, ancaq sandıqda qalacaqsa, ona qara qəpik də xərcləmərəm. Onu hədiyyə kimi verib, insanları sevindirən də qızıl qiyməti yüksəlir. Gözəl mövzulara toxunmaq, problemləri qabartmaq torpağın altından qızılı çıxardıb insanlara bəxş etmək kimi bir şeydir. Mənim savadım, gözəl səsim var, lakin evdə otururamsa bunun nə faydası. Bununla iş bitmir ki. Sən nə etmisən, nə iş görmüsən axı! Əlində mikrafon tutan hər sənətçi xalqın dilində olan sözünü ona musiqi dilində çatdırır. Kiminsə sevgidə nə vaxtsa oxu daşa dəyibsə, biz də bu haqda oxuyub musiqi ilə o anları sənə yaşadırıq. Sənət budur. Yoxsa mən avtoş gəlir, nə bilim nədən oxumağımın nə mənası?! Çox mənə lazımdır avtoşun gəlməsi. Bu xalqın nəyinə lazımdır? Avtoşdan oxuma, vətəndən, sevgidən oxu. Qoy, rep tanımayan rep tanısın, repi anlamayan onu anlasın.

-Repdə də söyüşlərdən çox istifadə edilir. Repdə buna icazə var deyə, söyüş dolu mətnləri oxumaq olar?

-Mən söyüş söymürəm. Amma rep söyüşə icazə verir. Sadəcə bunu çox qabarıq şəkildə çatdırmaq istəyənlər var. Küfr şəklində olmayan sözlərdən elə məna çıxardaram ki, küfr etsəm, söyüş söysəm ondan yaxşı olardı. Yəni bu şəkildə də demək olar. Rep icazə verir deyə, lazımsız, iyrənc sözlərdən istifadə etməyə nə gərək?! Bəs, sənin şəxsiyyətin, tərbiyə, əqidən hardadır? Sənə qulaq asan ana-bacındır da. Sən öz anan-bacının qabağında söyüşlə danışırsan? Bəs, sənə qulaq asanın nəyi ana-bacından əskikdir? Onlar da kiminsə ana-bacısıdır da. Öz valideynini üstün tutub digərlərinə söyüş yedizdirmək olmaz. Sən ilk növbədə bu söyüşləri özününkülərə yedizdirirsən. Belə anoloji hal da baş verib. Bakının küçə sulayan repləri vardı. Belə mahnıları ifa edənlərdən birinin anası küçədə söyüş dolu repi eşidib oğluna "ay onun anasının südü haram olsun" deyəndə, repçi bunu ifa edənin özü olduğunu deməyə cəsarət də etmədi. Bizdə böyük-kiçik, mentalitet, tərbiyə, əxlaq var. Elə şey var ki, biz onu həyatda da edə bilərik. Amma etmirik, bu bizə yaraşmır.

-Bu sənətdə hansı cəhətləri özündə cəmləşdirən gənc reperə kömək edə bilərsiniz?

-Biri gəlir mənə deyir ki, qabağa getməkdə kömək et. Deyirəm sən arabasan məgər mən səni özümə qoşub qabağa aparım?! Sən mənə maraqlı nəsə göstər ki, mən səni önə çəkim. Deyir mən oxuyuram. Oxuyursan lap yaxşı, get evdə "ay qara qaş qara göz, sevimli kuklam mənim"i oxu. Tutalım sən məşhurlaşdın, bəs, sonra nə edəcəksən? Görürəm bu suala cavab tapa bilmirlər. Amma mən bilirsiz niyə repə gəlmişəm?

-Niyə?

-Çünki tarixə düşmək, öləndən sonra yaşamaq istəmişəm. İstəyirəm ki, mən olmayanda mənə dəyər versinlər. Nə  qədər ki, sağam, hər bir zərbəni qəbul etməyə də hazıram. Çünki insanlar zərbələr qəbul etdikcə böyüyür. Hansı şəxsiyyət yağ-balın içində olub, tarixə düşüb. Tarix yazanların hamısı əziyyətlərə qatlaşmalı olub. Mən də bunu istəyirəm. İstəyirəm ki, mən dünyada olmayanda oğluma baxıb desinlər ki, bu Hüseyn Dəryanın oğludur.

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31