“Danışan rənglərim”
Nərmin Hüseynzadənin fərdi sərgisi keçiriləcək
9 Aprel 2013 13:10 MədəniyyətNərmin Hümbətzadənin "Danışan rənglərim" adlı fərdi sərgisi keçiriləcək. Bu barədə "Olaylar"a balaca rəssamın atası Habil Hümbətzadə məlumat verib. Onun sözlərinə görə, qızı Nərmin çox istedadlıdır. Ancaq 14 yaşlı qızın nitqi qüsurludur. Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 3 №-li Respublika Xüsusi İnternat məktəbində təhsil alır. Hələ uşaqlıqdan onda şəkil çəkməyə böyük həvəs oyanmışdır. Artıq üçüncü ildir ki, Bakı şəhəri Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində rəsm sənətinin sirlərini öyrənir. Bu Mərkəzdə xüsusi qayğıya ehtiyacı olan uşaqlara çox böyük qayğı və diqqət göstərilir. Nərmin Yaradıcılıq Mərkəzinin fəxridir. O, rayon, şəhər, respublika, hətta beynəlxalq miqyaslı müsabiqə və sərgilərdə fəal iştirak edir. Hələ 11 yaşında olarkən QHT tərəfindən keçirilmiş "Mən də rəssam olmaq istəyirəm" adlı layihədə nümunəvi yaradıcılıq işinə görə "Qran pri" mükafatına layiq görülüb. Ombudsman Aparatı tərəfindən "Mən və hüquqlarım" mövzusunda keçirilmiş respublika rəsm müsabiqəsində II yeri, Əlillərin VIII Ümumrespublika yaradıcılıq sərgi-müsabiqəsində III yeri, Bayraq Meydanı İdarəsinin təşkil etdiyi "Bayrağımız qürur mənbəyimizdir"adlı rəsm müsabiqəsində sertifikat və bir çox diplom və fəxri fərmanlar qazanıb". Nərmin 2011-ci ildə İctimai Televiziyanın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü münasibətilə elan etdiyi rəsm müsabiqəsində qalib olub. ABŞ, Çexiya, Polşa, Rusiya, Ukrayna, Belarus, Yaponiya, Yunanıstan və s. ölkələrdə keçirilən beynəlxalq rəsm müsabiqələrində Azərbaycanı layiqincə təmsil edib. Ən böyük uğuru 2011-ci ildə Polşada keçirilmiş Beynəlxalq Uşaq Rəsm Müsabiqəsində II yeri qazanmasıdır. Qeyd edək ki, Nərmin Hümbətzadənin fərdi sərgisi 10 aprel 2013-cü il tarixdə, saat 12:00-da Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin rəsm qalereyasında keçiriləcək. ("OLAYLAR" İA)