Türkiyəli jurnalistlər Azərbaycanda çəkilişlər aparır

Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakı şəhərində keçirilən XII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana info-turlar və press tur təşkil edilib. Nazirliyin məlumatına görə, Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup Azərbaycana səfər edib. Səfərdə Rusiyanın Alean, Dces Tur, Persona Tur, Fischer Travel, Vostok FM, TurProfi, Azan Tur, Ross Travel, Alıye Parusa, Poyexali və s. turizm şirkətlərinin nümayəndələri iştirak edib. Qonaqlar Bakı, Naftalan və Şəki şəhərinin görməli yerlərini ziyarət ediblər.
Bundan əlavə cari ilin 2-6 aprel tarixində İtaliyanın aparıcı turizm şirkətlərinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə info-tur təşkil edilib. İnfoturda Bramante Travel, Red Carpet Travel, Boscolo Tour, Manus Travel, Wave Travel şirkətlərinin nümayəndələri təmsil olunur. Qarşılıqlı əməkdaşlıq məqsədilə cari ilin 4 aprel tarixində adı çəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətlərinin nümayəndələrinin görüşü keçirilib.

Həmçinin Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədilə cari ilin 3-10 aprel tarixində Türkiyənin "Beyaz TV" kanalının "Dünya Turu" proqramının 3 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər edib. Press-turun təmsilçiləri paytaxt Bakıda və eləcə də, Quba, Qusar, Qəbələ, Şəki, rayonlarında çəkilişlər aparmaqdadırlar. ("OLAYLAR"İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31