Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi beynəlxalq festivaldan qayıtdı

Ölkəmiz Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında uğurla təmsil olunub

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, kollektiv cari ilin mart ayının 26-dan - 4 aprel tarixlərinədək Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində təşkil olunan festivalda teatr P.Züskindin "Kontrabas" tamaşası ilə təmsil olunmuşdur. Yaradıcı heyətə rəhbərliyi teatrın direktoru, ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti, Əməkdar Artist Mübariz Həmidov edib. Festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda Mübariz Həmidov "Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı - 140" və "Azərbaycan Teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya" mövzularında çıxış edib. Dünyanın bir çox ölkələrinin iştirak etdiyi görüşdə maraqla qarşılanan "Kontrabas" bir sıra mükafatlara layiq görülüb. Tamaşada Respublikanın Əməkdar Artisti, "Qızıl Dərviş" mükafatı laureatı, prezident mükafatçısı Şövqi Hüseynov çıxış edib.   

Tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı, Misir ölkələrindən festivala qatılmış teatr mütəxəssisləri yerli tamaşaçılar tərəfindən də maraqla qarşılanıb. Festival çərçivəsində Avstiya, Hindistan və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rəhbərləri arasında qarşılıqlı yaradıcılıq əlaqələri barədə söhbət aparılmışdır.

Qeyd edək ki,  "Kontrabas" tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülmüşdür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31