Samirə konsertə hazırlaşır

Bu haqda məlumatı müğənninin köməkçisi Cabir İbrahim “OLAYLAR”a verdiyi açıqlamasında deyib

Müğənninin hələ ki, tarixi dəqiqləşməyən konsertinin bir aydan sonra reallaşacağını deyən Cabir hazırda klip çəkilişində olduqlarından da xəbər verib: "Samirə musiqisi və sözləri Muxtar Adıhüseynova aid "Sən" adlı mahnısının klip çəkilişindədir. Çəkilişlər bu gün başlayıb. İşimizi sabahadək yekunlaşdırmaq niyyətindəyik. Hazırda çəkilən klipin rejissoru isə Ülviyyə Könüldür". Bundan sonrakı yeni planları haqda açıqlama verən C.İbrahim Samirə xanımın konsertə hazırlaşdığını söyləyib: "Klipdən sonra konsertə hazırlaşacağıq. Hələ ki, tarix müəyyənləşməyib. Bir ay ərzində bunu da gerçəkləşdirmək niyyətindəyik. Əslində konsert proqramımız hazırdır. Lakin bu müddət ərzində proqrama müəyyən əlavələr ediləcək. Konsertdə Samirə xanım musiqiçilərin müşayiəti ilə canlı ifa səsləndirəcək. Bu görüşə onun sənət yoldaşları da dəvətlidir".

Üçüncü konsertin Heydər Əliyev adına Respublika Sarayında olmayacağını deyən müğənninin köməkçisi məkanın hələ ki, dəqiqləşmədiyini də vurğulayıb: "Məkan hələ ki, dəqqiqləşməyib. Çox güman ki, isti aylara təsadüf etdiyi üçün konsert açıq havada olacaq. Bu da ki, havadan asılıdır".

Alboma heç bir ehtiyac və tələbat olmadığını deyən Cabir bunun səbəbini belə izah edib: "Alboma demək olar ki, ehtiyac yoxdur. Bütün internet saytlarında istənilən mahnını əldə etmək olar. Onsuz da Azərbaycanda nə albom, nə də ki, konsertdən gəlir əldə etmək mümkün deyil. Amma özümüz üçün albom planlaşdırırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31