“Türk eli” jurnalının rəhbərliyi AMEA Mərkəzi Elmi kitabxanasının qonağı oldu
2 Aprel 2013 17:49 MədəniyyətBugün "Türk eli" jurnalının baş redaktoru Nicat Göyüşlü və redaktoru Əfsanə Bayramqızı AMEA-nın Mərkəzi Elmi kitabxanasının direktoru, filologiya elmləri doktoru, Aybəniz-Əliyeva Kəngərli ilə görüşmüş, jurnalın 13-cü sayını kitabxanaya təqdim etmişlər. "Türk eli" jurnalını maraqla qarşılayan Aybəniz Əliyeva-Kəngərli bu cür nəşrləri türk coğrafiyasına aid xalqların mədəniyyəti, ədəbiyyatı və tarixini öyrənmək baxımından yüksək qiymətləndirdi. O bildirdi ki, qloballaşan dünyada informasiya texnologiyalarının inkişaf etdiyi bir vaxtda elektron nəşrlər olsa da, ənənəvi-kağız variantında olan nəşrləri heç bir vasitə əvəz etmir. Görüşdə türk xalqlarına aid kitabların və mətbu nəşrlərin önəmi və oynadığı rol xüsusi vurğulandı. Mərkəzi Elmi kitabxananın direktoru Aybəniz Əliyeva-Kəngərli türk dövlətlərində və ümumiyyətlə türk dünyasına aid beynəlxalq simpozium və konfranslarda təmsil etdiyi qurumun əməkdaşlarının aktiv iştirak etdiklərini vurğuladı. Onun sözlərinə görə AMEA-nın Mərkəzi Elmi kitabxanası müxtəlif məzmunlu elmi nəşrlərlə, eləcə də türk dünyasına aid kitablarla zəngindir. Jurnalın mövqeyi və ideyası ilə tanış olan Aybəniz Əliyeva-Kəngərli nəşrin fəaliyyətində kollektivə uğurlar arzuladı.Görüşdə həmçinin Azərbaycan gənclərinin türk dünyası milli-mənəvi dəyərlərinizin və irsinin öyrənilməsində rolu və vacibliyi yüksək qiymətləndirildi. Sonda xatirə şəkli çəkdirildi.