Hüseyn Dərya Türkiyədə duet oxuyacaq
2 Aprel 2013 14:12 Mədəniyyət. Məşhur reper Hüseyn Dərya qəzadan sonrakı vəziyyəti və yeni fəaliyyəti haqda "OLAYLAR"a danışdı: "Təxminən bir ay bundan öncə qəzaya uğradığım üçün hələ ki, evdən çölə çıxmıram. Hazırda da yataqdayam. Kürək sümüyüm, qabırğam sınıb, burnum da çatlayıb. Qolumu tərpədə, rahat gəzə bilmirəm". Reper "Pul" adlı repinin klip çəkilişləri və yeni albomu haqda da danışdı: "Qəza ilə əlaqədar klip çəkilişləri yarımçıq qaldı. İnşallah səhhətim bir az da yaxşılaşsa bir həftəyə çəkilişləri davam etdirəcəyik. Yataqdan qalxan kimi ilk işim klip çəkilişi olacaq. Klipin rejissoru gənc dostumuz Emindir. Mahnının aranjemançısı Hafiz İbrahimli, səs rejissoru isə Ruslan Səfəroğludur. Yeni albomum da artıq hazırdı. Adını hələ ki, dəqiqləşdirməmişəm, amma düşünürəm ki, "Sus" olar". Türkiyədə duet oxuyacaq Hüseyn Dərya bu planları haqda da məlumat verdi: "Mənim Azərbaycanın hüdudlarından kənarda da planlarım var. Türkiyədə duetim olmalı idi. Bir həftə öncə ordan mənə zəng etdilər. Yataq xəstəsi olduğum üçün hələ ki, Türkiyəyə gedə bilmirəm. İfada hər iki ölkəyə xas sözlərə üstünlük veriləcək. Dueti kiminlə ifa edəcəyim haqda hələ ki, məlumat verə bilmərəm. Türkiyəyə gedib hər şeyi dəqiqləşdirdikdən sonra mediaya bu haqda ətraflı məlumat verəcəyəm".