“Hicab geyinməyimi şouya çevirməyin"

Müğənni jurnalistlərə müsahibə verməyəcək...

Az müddət əvvəl geyim tərzini tamamilə dəyişib hicaba üstünlük verən Xuraman Şuşalı bu vaxta qədər çəkdirdiyi kliplərinin yayımına qadağa qoyduqdan sonra, bir də başıaçıq şəkillərinin saytlardan yığışdırılmasını tələb etdi. Hətta müğənni kim həmin fotolardan istifadə edərsə, bunu onlara haram etdiyini söylədi. İndi də informasiya saytlarına müsahibə verməyi özünə yasaqlayıb, amma müvəqqəti.
Simsar.az-a açıqlama verən Xuraman bunu hicab geyiminə yeni keçməsi ilə əlaqələndirdi: "Bilirəm, hicab geyinməyim çoxları üçün gözlənilməz oldu. Amma mən bunu heç kimi təəccübləndirmək üçün deyil, Allah xatirinə geyinmişəm. Əslində, bunu çoxdan etməli idim. Sadəcə bir az cəsarətsiz idim. Amma özümə tam əmin olduqdan sonra bunu ciddi şəkildə həyata keçirdim. Əsla peşman deyiləm, əksinə, çox rahatam. Hətta bu qədər gec olduğuna hardasa üzgünəm. Amma ən düzünü bilən Allahdır. Şükr olsun"!
Söhbətin sonunda müğənni üzünü hər kəsə tutub "Nə olsun ki, müğənniyəm? Amma qadın, xanım və anayam. Buna görə də hər kəsdən xahiş edirəm, hicab geyinməyimi kimsə şouya çevirməsin. Bu, böyük günahdır. Bu səbəbdən də hələ ki, heç bir sayta, jurnala müsahibə vermək istəmirəm. İnsanların gözü alışana qədər belə davam edəcək"-deyib, hər kəsin onu anlayacağına ümid etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31