Azərbaycanda turizmə həsr olunmuş sərgi fəaliyyətə başlayır

Aprelin 4-də "BakuExpo" sərgi kompleksində XII Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi işə başlayacaq. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə ənənəvi olaraq yay məzuniyyətləri və tətillər ərəfəsində baş tutan sərgi bu il aprelin 6-dək davam edəcək.
Bu il "AITF-2013" sərgisi iştirakçılarının coğrafiyası dünyanın 35 ölkəsini əhatə edəcək. Turoperatorlar və turizm agentlikləri, avia-agentliklər, mehmanxanalar, sanatoriyalar, pansionatlar, macəra istirahəti üzrə ixtisaslaşan şirkətlər, habelə işgüzar səfərlərin, idman, ekoloji, tibbi turizminin təşkili ilə məşğul olan şirkətlər öz xidmət və turizm məhsullarını təqdim edəcəklər. Bu il ilk dəfə olaraq sərginin ekspozisiyasında sürətlə populyarlıq qazanan "Xaricdə əmlak" adlı bölmə də təmsil olunacaq.
Sərgidə 16 ölkə öz milli stendləri ilə çıxış edəcək. Türkiyə və Gürcüstan sərgi stendlərinin sahəsini demək olar ki, iki dəfə artırıb. Milli aviaşirkətimiz - AZAL konserni də öz stendini genişləndirib.
Sərgidə Azərbaycanın turizm potensialını nümayiş etdirən geniş regional ekspozisiyanın təşkil edilməsi də planlaşdırılır. Burada Xaçmaz, Qusar, Quba, Qəbələ, Şəki, İsmayıllı, Lənkəran, Oğuz, Naftalan və ölkənin başqa regionlarının turizm imkanları təqdim olunacaq. ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31