Cavan Zeynallı: “Jurnalistika sahəsində çalışanların yalnız on faizi təmizdir”
Məşhur cazmen Cavan Zeynallı son zamanlar onun haqda mediada yayılan fikirlərə, həmçinin saytların birində yayılan “Aybəniz ağzına gələni danışır” açıqlamasına münasibətini bildirib
29 Mart 2013 13:47 MədəniyyətCavan Zeynallının "OLAYLAR"a bu haqda verdiyi açıqlamanı sizə təqdim edirik: "Mən heç vaxt bir qadın, həm də sənət yoldaşım olan xanım haqda belə söz demərəm. Aybəniz gözəl müğənnidir. Onun qızı da mənim tələbəm olub. Aybəniz xanımın Fəridin bugünki pilləyə qalxmasında böyük zəhməti var. Fəridin qalib olmasına çox sevinirik, o çox istedadlı oğlandır. Hazırda universitetdə onun müəllimiyəm. Aybəniz haqda heç vaxt belə söz deyə bilmərəm, bu mənim mədəniyyətimə sığan söz deyil. Ümumiyyətlə olmayan, deyilməyən sözləri yazanlar var. Məsələn, bu yaxınlarda telekanalların birinin müxbiri məndən müsahibə götürüb. Müxbir ulduzların evlərini, maşınlarını reklam etməsinə münasibətimi öyrəndi. Mən isə öz növbəmdə bu cür şeylərə yaxşı baxmadığımı dedim. Çünki ekran qarşısında bunu ala biləcək pula sahib olmayan imkansız adamlar var. Daha sonra həmin oğlan Cavanşir Məmmədovun çoxlu avtomobilə sahib olması haqda danışaraq mənim də fikrimi öyrəndi. Açıqlamamda "görməmişəm. Çağırsa gedib baxaram" dedim. Lakin yayımda mənim fikrim "görməmişəm, göstərsə inanaram" kimi səsləndi. Cavanşir də efirə çıxıb mənim əleyhimə fikir səsləndirdi. Onu başa düşürəm, bunu normal qəbul edirəm. Məni qalmaqallar maraqlandırmır. Bizə zəng edib deyirlər ki, "bəs, belə xəbər yayılıb ki, Cavan müəllim evini satıb, özü kirayədə yaşayır". Mən yeni tikilən göydələndə yaşayıram. 150 kvadrat metrlik on dördüncü mərtəbədə yerləşən üç otaqlı evim var. Şübhə edən gəlib baxa bilər. Evimiz Xətai metrosunun arxasındakı marketin üstündədir. Mən dünən çıxan, heç nə bilməyən sənətçilərdən deyiləm. Mənim adımı qalmaqallarda hallandırmasınlar. Hərə bir cür yazır, hətta bizdən soruşmadan yazırlar. Özüm də oxuyanda fikirləşirəm ki, "görəsən nə vaxtsa mən belə söz deyə bilərəm?" Jurnalistika sahəsində çalışanların yalnız on faizi təmizdir. Qalanları olmayan şeyləri yazırlar".