Azərbaycan musiqisinə həsr olunmuş sənədli filmin təqdimatı olub
27 Mart 2013 17:07 MədəniyyətAlmaniyanın paytaxtı Berlindəki "Astor Film Lounge" kinoteatrında "Sarı gəlin - qızılı saçlı gəlin. Azərbaycanda caz-muğam" adlı sənədli filmin təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a verilən məlumata görə, müasir caz musiqisinin klassik muğam mahnıları ilə sintezinə həsr edilmiş film Alman-Azərbaycan Forumu, E-ON, SOCAR və Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə çəkilib. "Das apartment" TV-nin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, eləcə də "Salnamə" studiyasının birgə istehsalı olan filmdə Azərbaycanda caz və muğam musiqisinin tarixi haqqında məlumat, hər iki musiqi növünün tanınmış ifaçıları ilə müsahibələr verilib. Filmdə həmçinin Azərbaycanın tarixi və mədəniyyəti, görməli yerləri, eləcə də Dağlıq Qarabağ münaqişəsi haqqında da məlumatlar öz əksini tapıb. Filmin təqdimatında Azərbaycanın Almaniyadakı Səfiri Pərviz Şahbazov, səfirliyin digər məsul əməkdaşları, alman ictimaiyyətinin çox sayda nümayəndələri və Azərbaycan Diasporunun təmsilçiləri iştirak edib.