Xarici ölkə səfirlərinin xanımları üçün bayram təşkil olundu
19 Mart 2013 15:52 MədəniyyətAzərbaycan Respublikasının Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbəkistanda fəaliyyət göstərən xarici ölkə səfirlərinin xanımları üçün Novruz şənliyi keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tədbir ölkəmizin Özbəkistandakı Səfirliyi və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə Özbəkistanda fəaliyyət göstərən 40-dan çox ölkənin səfirlərinin xanımları iştirak ediblər.
Qonaqlar Mədəniyyət Mərkəzinin "Heydər Əliyev Muzeyi", "Azərbaycan tarixi muzeyi" ilə tanış olub.
Tədbirdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirinin xanımı Gülzar Quliyeva çıxış edərək qonaqlara Azərbaycan mədəniyyəti və Novruz bayramı haqqında məlumat verib.
Mədəniyyət Mərkəzinin akt zalında təşkil olunmuş mədəni proqramda qonaqlara Azərbaycan musiqisi, Azərbaycan milli rəqsləri təqdim edilmişdir.
Daha sonra Mərkəzin ziyafət zalında qonaqlara Azərbaycan kullinariyasının özəl yeməkləri təqdim edilib.