Sənətçilərimizin Novruz sərgüzəştləri - ARAŞDIRMA

Novruz bayramı ilə əlaqədar bəzi məşhur müğənnilərlə əlaqə saxlayaraq onların bayram təəssüratları, bu vaxtadək başlarına gələn ən maraqlı hadisələr haqda öyrəndik. Müğənni Rövşən Civişov Novruzla bağlı təəssüratlarını və yaşadığı ən maraqlı olayları danışdı: "Mən uşaqlığımı Qazax rayonunun Caylı kəndində keçirmişəm. O vaxtlar bayramlar daha maraqlı qeyd olunurdu. Kəndirbazlar, dirədöymə oyunu, ənzəli, xoruz davası kimi maraqlı oyunlarımız olurdu. Papaqatdıda gözəl hədiyyə əldə edəndə çox sevinirdik. Bizdə papaqatdıya baja-baja deyirlər. Anam da bayrama bir neçə gün qalmış böyük həvəslə hazırlaşardı. Masanın üstündə heç boş yer də qalmırdı. Anam da bizimlə tonqalın üstündən tullanırdı. Demək olar ki, bayram axşamlarında oyaq qalırdıq. Biz tərəflərdə bayram üç gün qeyd olunurdu. Bir dəfə bayram ərəfəsi idi. Köhnə fal yumurtaları toyuq hinindən götürüb, uşaqlarların yumurtası ilə döyüşdürməyə getdim. Yumurtanı vuran zaman birdən fal yumurta partladı, içindəkilər də uşağın üzünə töküldü. Uşaq iydən qışqırırdı. Mən isə heç nə olmamış kimi çıxıb getdim. Digər maraqlı bayram təəssüratı isə təzə efirə çıxdığım vaxtlara təsadüf edir. Təxminən on il bundan öncə televiziyada canlı yayımların birinə qatılmışdım. Tamaşaçılardan biri zəng edərək məni bayram münasibəti ilə təbrik edib xoş sözlər dilədi. Telefon mənim əyləşdiyim kürsünün yanında olduğundan mən elə sonacan telefona baxıb danışdım. Sən demə, aparıcı da mənə kameraya baxmaq üçün göz-qaş edirdi. Mən ayılanda artıq gec idi. İndi bir o qədər də bayram ab-havasını hiss edə bilmirəm. Ucqar rayonlarda qeyd edilən bayramlar daha maraqlı olur. Qarşıdan gələn Novruz bayramı münasibəti ilə Azərbaycan xalqını, həmçinin redaksiyanızı təbrik edib, hamıya birlik və firavanlıq arzulayıram".

Müğənni Elariz Məmmədoğlu da uşaq ikən bayramı necə qeyd etməyindən danışdı: "Heç vaxt qonşuların qapısına papaq atmamışam. Nədənsə hər zaman papaq atmaqdan utanmışam. Yura adlı qonşumuz vardı. O, həmişə  bu bayramı böyük səbirsizliklə gözləyərdi. Bizə papaq atanda onun üçün şəkərbura, paxlava, qoğal və  rəngli yumurtalar qoyurduq. O, paxlavanı çox sevirdi. Hər çərşənbə həyətimizdə tonqal quraraq "ağırlığım, uğurluğum odlara" deyib, tonqaldan tullanardıq. Yura da bu sözləri rus ləhcəsi ilə təkrarlayırdı. Mən uzunluğa tullanmaqda birincilər sırasında olduğum üçün hər zaman od üstündən məharətlə hoppanırdım. Od üstündən tullananda tonqalın üstünə yıxılanlar da olurdu. Hər il martın əvvəlində  bayramla əlaqədar evdə bir canfəşanlıq olurdu. Evə un, qoz-fındıq alınırdı. O vaxtlar dükanlarda hazır un məmulatları satılmadığından, hər il evdə  paxlava, şəkərbura, qoğal bişirirdik".

Müğənni "Kimin yumurtasını sındıra bilərsiniz?" sualımıza isə belə cavab verdi: "Yumurtaya etibar yoxdur. Düşünmürəm ki, kiminləsə yumurta döyüşdürsəm mütləq qalib olacağam. Sənət yoldaşlarımdan Vasif Məhərrəmli, İzzət Bağırov, Pərvin Lətifovla yumurta döyüşdürüb xoş vaxt keçirərəm".

"Bu il küsülü olduğunuz hansı müğənni ilə barışmağı düşünürsünüz?" sualına isə Elariz Məmmədoğlu "hazırda küsülü olduğum müğənni yoxdur" deyə cavab verdi.

Müğənni Vasif Məhərrəmli isə öncəki illərdən fərqli olaraq bayrama marağın azlamasından gileyləndi: "Öncəki illər bayramlar daha gözəl qeyd olunurdu. Bütün məhlələrdə, evlərin önündə rayon boyunca tonqallar qalanırdı. İndi bilmirəm zəmanə dəyişib, ya nə olub, amma bayrama maraq çox azalıb. Bəlkə də insanların  vaxtı yoxdur, maddi problemləri var, ya da ki, evlərində odun yoxdur. Əvvəl hər şey fərqli idi. Hamı tonqal ətrafında yığılıb odun üstündən tullanar, xeyli söhbət edər, papaq atar, yumurta döyüşdürərdi. O, gün rayona getmişdim. Çərşənbə günü idi, heç kəs evindən çölə çıxmamışdı. Yalnız biz odun qalamışdıq. Artıq hər şey bəsitləşib. Bu çox ürək ağradıcı məsələdir. İldən-ilə bu bayramı daha gözəl və şən şəkildə qeyd etməliyik. Novruz bizim ən gözəl  bayramlarımızdandır". Vasif Məhərrəmli papaq atarkən başına gələn, xatırladığı ən maraqlı hadisə haqda belə danışıb: "Papaq atmışdım, içinə qurbağa qoymuşdular. Həqiqətən çox qorxmuşdum". Müğənni daha sonra qapılarına atılan papaqları necə yola salmağından da danışdı: "Qapımıza atılan papağa Allahın verdiyi hər nemətdən qoyuruq. Çünki atılan papağın içini bolluca dolduranda həmin il ruzulu, bərəkətli olur. Sənət yoldaşlarımdan qapıma papaq atan olmayıb. Amma televiziyalardan atanlar olub". "Özünüz hansı məşhurun qapısına papaq atardınız?" sualını isə Vasif Məhərrəmli belə cavablandırıb: "Ədalət Şükürovun qapısına papaq atardım. Lakin bayramı qeyd etmədikləri üçün onlarda heç nə olmaz". Vasif Məhərrəmli bayram yumurtasını Aşıq Əli ilə döyüşdürmək istədiyini deyib: "Aşıq Əli ilə yumurta döyüşdürərdim. Yəqin ki, mən qalib olardım". Müğənni sənət aləmində heç kəslə küsülü olmadığını, münasibətlərinin yaxşı olduğunu da söyləyib: "Sənət aləmində küsülü olduğum insan yoxdur, səmimiyyətimə inanın. Sənətdə heç kəslə ədavətim yoxdur. Hamı ilə münasibətlərim əladır".

Nigar Məhərrəm

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31