Yunus Oğuz və Elçin Hüseynbəyli Salyan ictimaiyyətilə görüşdü

Martın 15-də Salyan rayonunda Salyan  Ziyalıları İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi və Salyan rayon İcra Hakimiyyətinin dəstəyi ilə yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz və yazıçı Elçin Hüseynbəyli ilə rayon ictimaiyyətinin görüşü keçirilib. Rayon icra hakimiyyətinin rəhbər işçiləri, ziyalıları, rayon məktəblərinin müəllim və şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən Salyan Ziyalıları İctimai Birliyinin sədri Qulam Sadiq hər iki yazıçının Azərbaycan oxucularına dəyərli əsərlər təqdim etdiklərini deyib. Yunus Oğuzun romanlarına xüsusi toxunan birlik sədri bildirdi ki, millət vəkili Nizami Cəfərov Yunus Oğuz yaradıcılığına qiymətini özünün müəllifi olduğu "Düşüncə yazarı" kitabında verib. Kitabda Yunus Oğuz yaradıcılığına xüsusi qiymət verən millət vəkili onu Azərbaycan tarixini millətinə tanıdan, tarixi keçmişimizi xalqa çatdıran bir yazar kimi xarakterizə edib. Qulam Sadiq deyib ki, Yunus Oğuz özünün "Təhmasib Şah" romanında Salyan rayonuna xüsusi yer ayırıb, həmin romanda Salyan barədə ətraflı bəhs olunur.

Tədbirdə çıxış edən yazıçı-publisist Yunus Oğuz da daim Salyana və salyanlılara böyük məhəbbət hissi ilə yanaşdığını vurğulayıb və bu görüşü çoxdan arzu etdiyini bildirib. Yazıçı bildirib ki, o bir neçə dəfə Salyan ictimaiyyəti ilə görüş planlaşdırsa da, müəyyən səbəblərdən görüş baş tutmayıb. Hazırda Salyan ictimaiyyəti ilə belə bir görüşün keçirilməsindən məmnun olduğunu qeyd edən yazıçı-publisist rayon barədə "Təhmasib Şah" romanında ətraflı qeyd etdiyini bildirib. Deyib ki, o Salyan rayonuna gəlmək, oxucuları ilə görüşmək onun mənəvi borcu idi və bu gün həmin borcu yerinə yetirib.

Tədbirdə çıxış edən yazıçı Elçin Hüseynbəyli də qələmə aldığı əsərləri barədə tədbir iştirakçılarına məlumat verdi. Yazıçı belə bir görüşün baş tutmasına görə Salyan rayon İcra Hakimiyyətinə və  Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinə minnətdarlğını bildirdi. Azərbaycan və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov bildirdi ki, Yunus Oğuz öz tarixi keçmişini millətə qaytaran bir yazıçıdır. Qeyd edib ki, xüsusilə gənc nəsil Yunus Oğuzun tarixi romanlarından geniş bəhrələnməli, Azərbaycan tarixini dərindən öyrənməlidir. Çünki Yunus Oğuz uzun müddət təhrif olunan Azərbaycan tarixini açıb millətimizə gerçəkləri çatdırıb. Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Rəhim Hüseynov Yunus Oğuz və Elçin Hüseynbəyli yaradıcılığından danışıb və hər iki şəxsiyyəti Azərbaycan oxucularına dəyərli əsər təddim edən yazıçı kimi xarakterizə edib.

Çıxışlardan sonra hər iki yazıçı Azərbaycan Müəllimlər İnstitutunun tələbə və müəllim heyəti, eləcə də ziyalıların suallarını cavablandırıb.

Sonda hər iki yazıçının müəllifi olduğu kitablar oxuculara təqdim edilib. Görüşdən sonra qonaqlar Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən qəbul edilib və Salyan Ziyalılar İctimai Birliyinin ofisi ziyarət edilib.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31