“Fəridin adı çəkilənədək Allaha əl açıb dua edirdim”
15 Mart 2013 14:38 MədəniyyətXalq artisti Aybəniz Haşımova ilə Azərbaycanı 58-ci "Eurovision" mahnı müsabiqəsi üçün İsveçdə təmsil edəcək tələbəsi, "Bülbüllər" qrupunun üzvü Fərid Məmmədov haqda danışdıq.
-58-ci "Eurovision" mahnı müsabiqəsində Fərid Məmmədov ölkəmizi təmsil edəcək. Fəridin adı açıqlananda hansı hisslər keçirtdiniz?
-Müəllimliklə yanaşı mən onu anası kimi də dəstəkləmişəm. Fəridin adı çəkilənədək Allaha əl açıb dua edirdim. Hətta ağlayırdım da. Qalibin adı açıqlanandan səhər altıyadək "Facebook"dakı rəsmi səhifəmdə yalnız Fəridi təbrik etmişəm. Müsabiqə ərəfəsində ona səs də göndərmişəm. Fərid altı yaşından bu günədək mənim yanımdadır. Mən "Bülbüllər"in böyüyərək müstəqil ifaçı ola biləcəklərini demşdim. Lakin bu o demək deyil ki, onları özümdən ayırmaq istəyirəm. Xeyr, əsla belə deyil. Onların hər biri Fərid kimi fərdi olaraq öz istedadlarını nümayiş etdirə bilərlər. Hər müəllim öz işinin bəhrəsini görmək istəyir.
Fərid "Eurovision" mahnı müsabiqəsindən öncə Bişkekdə bir qrup gənclə Azərbaycan gənclərini təmsil edib. "Bülbüllər" qrupundan təkcə Fəridi ora göndərmişdim. O, uşaqlıq illərindən liderliyə can atıb. Bu da onun istedadından irəli gəlir. Fərid həmişə verilən tapşırığı böyük müvəffəqiyyətlə yerinə yetirib.
- Tələbənizin "Eurovison" mahnı mükafatını Azərbaycana gətirəcəyinə inanırsınızmı?
-Bu cür müsabiqələrdə də dünya ölkələri arasındakı münasibət mühüm rol oynayır. Fəridin istedadına altı yaşından əmin olduğum üçün deyə bilərəm ki, o, öz istedadı ilə bəlkə də onların siyasətlərini, siyasi yönümlü arzularını da ürəklərində qoyacaq. Fəridin təxmini neçənci yerdə olacağı haqda nəsə deyə bilmərəm. İstedada söykənərək danışsaq, deyə bilərəm ki, Fərid ən azı beşlikdə var.
-Onun ifa etdiyi "Hold me" mahnısı haqda nə deyə bilərsiniz?
-Mahnını çox bəyəndim. Lakin mən Azərbaycan muğamları və klassik mahnılar üzrə ixtisas aldığımdan xarici mahnılar haqda nəsə fikir deyə bilmərəm. Hər halda İctimai Telviziyanın rəhbərliyi doğru olanı seçib. Mahnının nə dərəcədə qalib ola biləcəyi haqda heç nə deyə bilmərəm. Bu haqda həmin sahənin mütəxəssisləri fikir söyləyə bilər.
-Bu qalibiyyətdə İctimai Televiziyanın rolunu necə qiymətəndirirsiniz?
-Fəridin qalib olmasında İctimai Televiziyanın da rolu danılmazdır. Mən həmin kanalda yayımlanan proqrama qonaq olduqda Səidə xanıma zəng edərək uşaqlarımı gətirmək üçün icazə aldım. Həmin proqramda məşhur İtaliya müğənnisi Robertino Loretti də qonaq idi. Axşamla Fəridə zəng edib, solo ifalarının diskini gətirməyi tapşırdım. Loretti onun ifasına heyran oldu. Bu mənim üçün dünyanın ən böyük hədiyyəsi idi. Daha sonra Robertino Loretti ilə Muğam Mərkəzində olduq. O, digər tələbələrimlə də tanış olaraq, hamısının ifasına heyran qaldı. Daha sonra mənim ifamı eşitmək istədiyini dedi. Tofiq Quliyevin yazdığı "Lay-lay" mahnısını ifa etdikdən sonra o, "bu səslərə heyran qalmışam. Azərbaycanda bu cür gözəl səslərin olmasından xəbərsiz idim" dedi. Daha sonra müğənniyə Şövkət xanımın diskini bağışlayaraq bizim hansı məktəbin tələbəsi olduğunu söylədim. Bir daha deyirəm, İctimai kanal həmin gün məni ora dəvət etməsəydi, mən tələbələrimi ora aparmasaydım, Looretti bu səsi eşitməsəydi Fərid də ilhamlanıb bu müsabiqədə iştirak etmək üçün addımlar atmazdı. Məncə bu addımlar hamısı bir-birindən yaranıb. Buna görə İctimai kanala təşəkkür edirəm.
Nigar Məhərrəm