“Bizim rejissorların çoxu fırıldaqçılıqla məşğuldur” - MÜSAHİBƏ
Rövşən Civişov: “Nə qədər müsabiqə olar? Hər KamAZ sürən, kartof satan, ərindən boşanan, evindən bezən bu sənətə qaçır. Gərək bu cür müsabiqələrə son qoyulsun. Yoxsa bundan da betər olacaq”
15 Mart 2013 14:20 MədəniyyətMüsahibim muğənni Rövşən Civişovdur.
-Bu gün ölkəmizdə şou-biznesin durumu haqda nə deyə bilərsiniz? Ümumiyyətlə müğənni olmaq niyə bu qədər adiləşib?
-Azərbaycanda şou-biznes biabırçı vəziyyətdədir.Əsas işləri dava-qalmaqaldır. Yaxşı müğənnnilərimiz də var. Amma bəzi təsadüfi həvəskarlar bizim sənətimizi tamaşaçıların gözündə alçaldır. Yaradıcılıq, şou-biznes yeni mahnı yazdırmaq və ya klip çəkdirməklə bitmir. Yaxşı ifaçı daim yenilik etməli, sözün əsl mənasında tamaşaçıları təəccübləndirməyi bacarmalıdır.Bu yaxınlarda səhnəyə ilk addımlarını atan xanım bir az çılpaq halda klip çəkdirərək yenilik etdiyini deyəndə məni gülmək tutdu. Dedim ki, Aygün Kazımova bunları edəndə sən heç yox edin. Bu cür sənətdən xəbəri olmayan ifaçılar özlərini göyün yeddinci qatına qaldırırlar, sənətkara isə istehza ilə baxırlar. Onlar heç sənətinə və yaşına görə ondan böyük olan sənətkarın ayağına gedərək onunla görüşməyi də özlərinə rəva bilmirlər. Belələrinə heyvan kimi baxıram. Yəqin evdəkilərlə də bu cür davranırlar. Mən hər zaman özümdən böyüklərə sayqı ilə yanaşıram. Çünki böyüyə hörmət edən insan heç vaxt kiçilmir, əksinə ucalır.
-Bu cür qarmaqarışıqlığı görüb, nə zamansa müğənnilikdən imtina etmək haqda düşünmüsünüz?
-Bir neçə dəfə olub ki, sənətdən iyrənib, getmək istəmişəm. Bu istəyim haqda Flora xanıma deyəndə o mənə "Allah sənə səs, istedad, görünüş verib. Belə etsən günaha batmış olarsan" dedi. Sənətimi canım qədər sevirəm. Müğənnilikdən imtina edib, düşmənlərimi sevindirməyəcəyəm. Mübarizə aparacağam. Mübarizəni çox sevirəm.
-Müğənnilər arasında ayrıseçkilik nəyə görə qoyulur?
-Kimin pulu çoxdur, ona yaltaqlanırlar. Sənəti olmasa da olar. Ümumiyyətlə istedadlı insanlara hər zaman qısqanc münasibət olub. Adi bir tədbirdə iki müğənni arasında seçim edərkən də onu puluna görə qiymətləndirirlər. Mükafatlar kimi tədbirləri də pul həll edir. İstedadsızlara hər yerdə yaşıl işıqdır, hörməti də digərlərindən artıqdır.
-Öncəki açıqlamalarınızın birində səsi olmayan ifaçıların müxtəlif mükafatlara layiq görülməsi, səsi olanların isə kənarda qalması haqda danışmışdınız. Konkret olaraq bu atmacaları şou əhlinin hansı nümayəndələrinə aid etmək olar?
-Ad açıqlamağım onlar üçün fəxr olar. Heç mən özümü onlarla bir səhnədə də görmürəm. Neyləyirəm o mükafatı ki, ona da, mənə də, Flora xanıma da verilsin. Mən mükafat düşgünü deyiləm. Avropada mükafata layiq görülən müğənnilərimiz barmaqla sayılası qədərdir. Onlardan biri də mənəm. Mükafat alanlar sırasında elələri var ki, heç tamaşaçı da onu tanımır. Amma gündə efirə çıxıb mükafat aldığını xəbər verir. Eşitdiyimə görə, bu yaxınlarda Grand ya da ki, Humay mükafatı təqdim edilməlidir. Mükafata layiq görülənlər sms you ilə müəyyənləşəcək. Düzgünlük varsa mənim Flora xanımla ifa etdiyim "Sevgiyə dözüm yox", "Yandırdın körpüləri", "İkimiz kimi" ifalarımız da bu mükafata layiq görüləcək. Bizim şou-biznesdə gərək haqqını tələb edəsən, yoxsa özlərindən çıxırlar.
-Mükafatların səsi olmayan müğənnilərə verilməsindən danışdınız. Bu cür halların qarşısını almaq üçün hansı addımları zəruri hesab edirsiniz?
-Mədəniyyət Nazirliyi təqdim olunan mükafatlara baxmır. Onlarözlərinin təltif etdikləri mükafatları adlı-sanlı şəxslərə təqdim edirlərr. Lakin hərdən bu özbaşınalığa da gərək diqqət yetirələr. Bunların ipini buraxsalar, bundan artığını da edəcəklər.
-Bəs, bu gün keçirilən ifaçı müsabiqələrinə münasibətiniz necədir?
-Nə qədər müsabiqə olar? Hər KamAZ sürən, kartof satan, ərindən boşanan, evindən bezən bu sənətə qaçır. Gərək bu cür müsabiqələrə son qoyulsun. Yoxsa bundan da betər olacaq. Ümumiyyətlə Azərbaycanda istedadlı şəxslər çoxdur. Lakin bu o demək deyil ki, hər yerindən duran əlinə mikrafon almalıdır. Valideynlərin də günahı çoxdur. Övladlarını başa salsınlar ki, nə olsun pulumuz var, səsin yoxdur axı. Qarabağlıların hamısı oxuya bilər. Onlar niyə oxumurlar? Çünki bilirlər ki, hərənin öz sənəti var. Onsuz da xalqı aldatmaq olmur. Canlı ifaları olmadığından toyda daha çox həyəcan keçirirlər. Bilirlər ki, oxuya bilməyəcəklər. O, şəxs sənətkardır ki, o, saatlarla canlı oxuya bilir.
-Jurnalist Cavanşirin mahnı oxuması haqda mediada məlumatlar yayılıb. Sizin buna münasibətiniz necədir?
-Cavanşir hələ Flora xanımla duet oxumayıb. Səhnəmizdə yüzlərlə səssiz müğənni var. Qoy, onlardan biri də Cavanşir olsun. Cavanşir onunla bir masada oturanlardan daha yaxşı oxuyur. Gərək utanıb, ölüb yerə girsinlər. Sənətdən danışanlara bax. Cavanşir müğənni deyil, heç vaxt da özünü müğənni adlandırmayıb. Bu onun böyüklüyüdür. Orda oturanların bəziləri də ondan nümunə götürsünlər.
-Müğənnilərin toylara qatılmağına necə baxırsınız?
-Şou-biznesimiz düzgün qurulmayıb. Əsas qazanc mənbəyi şou proqramlardır. Mən əslində müğənninin şouya və toya getməyinin əleyhinəyəm. O, beləcə tamaşaçının gözündə adiləşir. Sənətkar əlçatmaz olmalıdır. Tamaşaçı gərək müğənni üçün darıxsın. Bizim müğənnilər də maşallah, qoymazlar ki, kimsə onun üçün darıxsın. Lakin toya gedənləri də qınamıram. Çünki hamımızın çörəyi ordan çıxır. Gələcəkdə şəxsi biznesimi qurduqdan sonra toya "əlvida" deyəcəyəm.
-Bir çox ifaçılar albomdan qazanc əldə etmədikləri üçün yeni albom çıxarmaq niyyətində deyillər. Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda alboma görə ifaçıya qonorar verilmir. Ölkəmizdə albom bazarının durumu haqda nə deyə bilərsiniz?
-Digər ölkələrdən fərqli olaraq biz balaca ölkəyik. Ona görə, yüksək qonorara iddialı olmaq da mümkün deyil. Tamaşaçıların da zövqləri fərqlidir. Rayonlarda ara müğənnilərə üstünlük verilir. Çünki onların musiqi anlayışları zəifdir. Buna görə də albom məsələsi müşgül işdir. Mən albom üzərində işləyirəm. Amma ondan qonorar əldə edə biləcəyim haqda hələ ki, heç nə deyə bilmərəm.
-Rejissorların işi necə qaneəedicidirmi?
-Bizim rejissorların çoxu fırıldaqçılıqla məşğuldur. Çətini pulu alıb ciblərinə qoyana qədərdir. Sonda isə gülünc və keyfiyyətsiz iş təqdim edirlər. Müğənnilikdə olduğu kimi, rejissorluqda da həvəskarlar çoxdur. Hər əlinə kamera götürən özünü rejissor adlandırır. Dəlləkliklərini hansısa müğənninin başında edirlər. Bizdə üç, dörd peşəkar rejissor var. Lakin onlar da öz üzərlərində işləmirlər. Yaxşı pul versən də, görürsən ki, keyfiyyət zəifdir, sujet oğurlanıb və ya təkrarçılıq var. Mənim "Unutmaram" mahnıma Ictimai Televiziya klip çəkdirib. Rejissoru da Könül Əlizadə olub. Onun işindən çox razı qaldım. Klip Eurovision üçün gələn ən son texnika ilə çəkilib. Fuad Əlişovun da klipə münasibətini öyrəndim. O, hər şeyin çox gözəl olduğunu dedi. Bu gün kino sənəti klipmeykerlikdən də aşağı səviyyədədir. İstəyirlər türk seriallarına oxşatsınlar, amma çox süni və gülünc alınır. "Pərvanələrin Rəqsi", "Hakim" və digər serialları buna nümunə olaraq çəkə bilərəm. Biri yaxşı oynayanda, biri də süni oynayır. Yaxşı olar ki, xaricdə təlim alsınlar. Ən çox sevdiyim rejissor Fuad Əlişov, daha sonra isə Ülviyyə Könül, Kənan MM, Aqil. M. Quliyev, Şahindir.
Nigar Məhərrəm