Muğam Mərkəzindən " Muğam dunyasina səyahət " adlı möhtəşəm layihə
Beynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan “Muğam dünyasına səyahət” adlı silsilə konsert proqramlarının ilk tədbiri Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb. Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçən tədbir qəsəbə sakinləri tərəfindən böyük marağa səbəb olub. Belə ki, layihənin ilk konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə bir ideyanın həyata keçirilməsi qəsəbə sakinləri tərəfindən alqışlanıb.
8 İyul 2019 10:18 MədəniyyətBeynəlxalq Muğam Mərkəzinin yeni layihəsi olan "Muğam dünyasına səyahət" adlı silsilə konsert proqramlarının ilk tədbiri Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində reallaşıb.
Olaylar.az bildirir ki, Beynəlxalq Muğam Mərkəzi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçən tədbir qəsəbə sakinləri tərəfindən böyük marağa səbəb olub. Belə ki, layihənin ilk konserti tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə bir ideyanın həyata keçirilməsi qəsəbə sakinləri tərəfindən alqışlanıb.
Gənc və sevilən xanəndələr Hüseyn Məlikov, Gülzar Fərəcova, Sədəf Budaqovanın çıxışları gur alqış sədaları ilə müşayiət olunub. Xalq mahnılarımız, muğamlarımızdan ibarət proqramda xanəndələri tarda Saleh Salahov, kamançada Fərrux Haşımlının rəhbərliyi ilə ansambl müşayiət edirdi. Bir-birindən maraqlı çıxışlar qəsəbə sakinlərinə əsl yay istirahəti və muğamlarımızın dərin fəlsəfəsindən bəhrələnmək imkanı yaradıb. Qəsəbə ağsaqqallarının, gənclərin və müxtəlif peşə sahiblərinin tamaşaçı qismində qatıldığı konsert proqramı UNESCO mədəni irs siyahısında qorunan muğam sənətimizin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib. Məharətli ifalar və xoş atmosferdə davam edən konsert proqramının sonunda tamaşaçılar xanəndələri bir neçə dəqiqə sürəkli alqışlayaraq təşəkkürlərini bildiriblər.
Konsertlər Beynəlxalq Muğam Mərkəzinin solistləri, muğam müsabiqələrinin laureatlarının iştirakı ilə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Mədəniyyət Mərkəzlərində reallaşacaq.
Növbəti konsertlər isə 25 iyul - A.R. Qobustanlı adına Mədəniyyət evi, 9 avqust - Binəqədi Mərkəzi Mədəniyyət evi, 27 avqust - Mərdəkan Mədəniyyət Sarayında reallaşacaq.