Nazir iraqlı həmkarı ilə görüşüb
Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 4-də İraq Respublikasının Mədəniyyət naziri Abdulameer Madhi ilə görüşdü. Qonağı səmimi salamlayan Əbülfəs Qarayev İraq nümayəndə heyətinin sessiyada iştirakını yüksək dəyərləndirdi.
5 İyul 2019 10:25 MədəniyyətÜmumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 4-də İraq Respublikasının Mədəniyyət naziri Abdulameer Madhi ilə görüşdü.
Qonağı səmimi salamlayan Əbülfəs Qarayev İraq nümayəndə heyətinin sessiyada iştirakını yüksək dəyərləndirdi.
İraqın mədəniyyət naziri iki ölkə arasında münasibətlərin qədim kökləri olduğunu bildirdi. Qeyd etdi ki, tarix boyu Azərbaycan və İraq arasında siyasi və mədəni əlaqələr mövcud olub. İraqda yaşayan Azərbaycan türkləri keçmişdən bu günə öz mədəniyyətlərini təbliğ edirlər: "İki xalq arasında ortaq dəyərlər də mövcuddur ki, buna misal olaraq təkcə Füzuli kimi dahi şairimizi qeyd edə bilərik. Buna görə də ölkələrimiz arasında həmişə bir doğmalıq olub. Bu gün də biz İraq dövləti olaraq tarixdən gələn münasibətləri inkişaf etdirmək arzusundayıq".
Nazir Əbülfəs Qarayev qonağın fikirlərinə şərik olduğunu bildirdi. Əlavə etdi ki, İraqın beynəlxalq tədbirlərdə aktiv iştirakını görmək böyük məmnunluq yaradır: "Biz Azərbaycan dövləti olaraq İraq xalqının hər zaman sülh və əmin-amanlıq şəraitində yaşamağının arzusundayıq".
Nazir iki ölkə arasında mədəniyyət sahəsində razılaşmanın yenilənməsi və daha da inkişafı ilə bağlı fikirlərini bölüşdü, İraqı oktyabr-noyabr aylarında Azərbaycanda təşkil olunacaq İslam Ölkələrinin Konfransında iştiraka dəvət etdi.
Daha sonra görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı. Gələcəkdə iki ölkə arasında mədəni əlaqələrin qurulması, inkişaf etdirilməsi istiqamətində qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.
Qonaq həmçinin ölkəmizin zəngin mədəni irsə malik olduğunu bildirdi, Ümumdünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirdi.