“Leyli və Məcnun” opera-filmi təqdim olunacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzində “Leyli və Məcnun” film-operasının yaradıcı heyətinin konfransı keçirilib
14 Mart 2013 15:24 Mədəniyyət"OLAYLAR"ın verdiyi məlumata görə tədbirdə Xalq artisti Mənsum İbrahimov, Azərbaycan Milli Konservatoriyasının rektoru, layihənin müəllifi Siyavuş Kərimi, xalq artisti, dirijor, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri Teymur Göyçayev və Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri, Xalq artisti Gülbacı İmanova iştirak edib. Filmin ssenari müəllifi və rejissoru Mehdi Məmmədovdur. Tədbiri çıxış nitqi ilə açan Siyavuş Kərimi film haqda fikirlərini media nümayəndələri ilə bölüşüb: "Beş il öncə "Leyli və Məcnun" operasının yüz illik yubleyi qeyd edildi. Bu illər ərzində bir çox görkəmli xanəndələrimiz Məcnun və Leyli rolunu böyük məharətlə canlandırıb. Filmin əsas çətinliklərini rejissor Mehdi Məmmədov öz üzərinə götürüb.Texnikanın bu işə cəlb edilməsində onun xidməti böyükdür. Filmin çəkilişində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrının rolu da önəmlidir. "Leyli və Məcnun" opera-filmində iştirak edən Azərbaycan Dövlət Xor Kapellasının bədii rəhbəri isə Gülbacı İmanovadır". Daha sonra dirijor Teymur Göyçayev təəssüratlarını bölüşüb: "Bundan öncə də bizim bu qrupla birgə işlərimiz olub. 90-cı illərdə Opera və Balet Teatrında "Leyli və Məcnun"un dirijoru olanda Mənsumla tanış olmuşdum. O, hər dəfə Məcnunu oynayanda çox həyəcanlanırdım. Mənsum həqiqətən də işinin öhdəsindən gələn ifaçıdır". Daha sonra filmdə Leyli obrazını canlandıran, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramova çıxış edərək əsər haqda danışıb: "Dahi sənətkarımız Üzeyir Hacibəyovun "Leyli və Məcnun" əsəri yüz ildən artıqdır ki, öz aktuallılığını saxlayır. Mən on iki ildir ki, Opera və Balet Teatrında çalışıram. Hər dəfə Leylini oynayanda çox həyəcanlanıram və elə bilirəm ki, birinci dəfə bu rolu canlandırıram. Çox vaxt sual verilir ki, hansı tərəf müqabili ilə oynamaq sizin üçün daha rahatdır. Mənə görə, Mənsum İbrahimovla birgə Leyli və Məcnunu canlandırmaq daha rahat alınır. Mənsumun yaratdığı Məcnunun özündə də bir fərqlilik var". Xalq artisti daha sonra film haqda təəssüratlarını da bölüşüb: "Həqiqətən film çəkmək, filmdə çəkilmək çox çətindir. Dörd, beş gün ərzində səhərdən gecə ikiyədək çəkilişlərdə olmuşuq. Hələ ki, filmi heç kəs izləməyib. Çəkilən zəhmətin bəhrəsini görmək hər birimiz üçün maraqlıdır. Ümidvarıq ki, film maraqlı alınıb". Xalq artisti Mənsum İbrahimov çıxışında əsər və film haqda danışıb: "Bu əsərin mənim yaradıcılığımda rolu böyükdür. Mənə böyük tamaşaçı kütləsi qazandıran əsər məhz "Leyli və Məcnun" operası olub. 120 dəfə Məcnun rolunu canlandırmışam. 50 dəqiqədən ibarət olan filmi Mehdi Məmmədovun adını və soyadını daşıyan nəvəsi çəkib. Çəkiliş zamanı filmin sujet xətti də saxlanılıb".
Qeyd edək ki, martın 17-də Nizami Kino Mərkəzində təqdimatı olacaq filmin montaj işləri Moskvada aparılıb.
Nigar Məhərrəm