Qızılgül...

Ürəyiмdə qübаr еdən dərdiмi,
Dаnışmаrаm...dаnışmаrаm, Qızılgül!..
Həsrətiмin gilеy dоlu cığrınа,
Qаrışmаrаm... qаrışmаrаm, Qızılgül!

Bоylаnırаm bоyun-bоyun bоynunа,
Hоylаnırаm bu tаlеyin оynunа,
Bircə günlük yаr оlummu qоynunа,
Sоruşmаrаm...
sоruşmаrаm, Qızılgül!

Yахınındа qаrа dаğlаr qаrlıdı,
Vüsаl umаn həsrətindən kаrlıdı,
Dеsən: könlüm vəfаdаrlı, yаrlıdı,
Bаrışmаrаm...
bаrışmаrаm, Qızılgül!..***

 Uşağıydım...

Günəş nənəm

Cavan oğlu ölənnən

Işıqlı dünyaya həsrət qalan gözlərini

Ömürlük qapadı!

Onda o,

Ən böyük arzusuna çatdı,

Oğluna - yavrusuna çatdı.

Sünnilərə qoşulub

Nənəmi dəfn elədim.

Ilk dəfə məzarıstan,

Ilk dəfə daş adam,

Ilk dəfə  Sərdabə gördüm.

Böyüdüm...

Yüksəkmərtəbəli,

Bir az fərqli sərdabənin

                             ikinci mərtəbəsinə girdim.

Sonra yavrumu nənəmə,

Onun yavrusuna verdim!

Indi gözləyirəm

Nənəmi

Və yavrumu!

31.05.10.

 

Piter qışı

(Piterdəki mənlərə...)

Günəşi yoxdur bu şəhərin, arkadaş!

Gözlərini ovuşdurunca səhər

Soyuqdan sızıldaya-sızıldaya

Yenə də...

Yenə də gecəyə dönər!

Gecələri də yarıqaranlıq,

Yarımürgülü...

Səması toy-büsatsız,

Havası soyuq, dadsız.

Kürrük eləməz Neva,

Teşti qızıl, suyu qan!

Yolun qurd vahiməli fanar gözləri

Nə gecə çimirləməz

Nə gündüz mürgüləməz.

Bu şəhərə qış anası

Layla da çalammaz doyunca.

Beşik tutub balasını qar bələyə qoyunca,

Göy atası yağışlanar

Içər şəhərin qanını damla-damla

Içər...

Içər...

Sonra da buz ürəyilə yavru şəhərin sinəsinə sərələnər!!!

Nə dəmirlər,

Nə rezinlər,

Nə mən,

Nə sən

Yağışı oyadammarıq buz çimirindən.

Günəşi yoxdur bu şəhərin, arkadaş!

Bu şəhər boz şəhərdir.

Bax, gəlmişəm, boz şəhər!

Əl açıram sənə!

Işıqlı mən sənnən,

Işıq alım çırağıma!

Ocaqlı mən sənnən

Od alım ocağıma.

Sonra da...

Sonra da yanğılarla boylanım

Qoynunda bozaran cavan çağıma!

Piter-2009

 

***

Yenə ürəyimnən keçdin...

Həmişə olduğu kimi yenə

Ayaq izlərindən qan damdı...

Xəyallara daldim!

Bir az könlüm aldandı...

***

Bax, indi bayaqdan

bəri arxamca sürünən

bu bahalı maşına əyləşəcəm!

Qapının boyuna əyilən kimi

Qamətim gözümnən düşəcək!

Sonra bahalı maşının

varlı sahibi ilə tanış olacam.

O qədər yalanlar uyduracam ki,

(anam xəstədi, ərim məni atıb....)

Həqəqətim gözümnən düşəcək.

Sonra varacağıq bahalı bir otelə

Ayaqlarımı üst-üstə aşıracam,

Varlı "dostuma" qoşulub,

Dolu şərab butulkalarını boşaltdıqca

Deyəcəm,

Güləcəm,

Sevinəcəm!

Lap həddimi aşacam.

Onun kobud əlləri əvvəl saçlarıma toxunacaq,

Darağa belə qısqandığım tellərim,

Gözümnən düşəcək.

Iylənən, qoxuyan nəfəsi

Yanaqlarıma,

Boğazıma dəydikcə

üzüm-gözüm,

varlı kişinin varsız bədəninə dəyən əllərim,

sevgi üçün çat-çat olan dodaqlarım...

gözümdən düşəcək.

Sonra...

Başını gözlərə dik tutan sinə m,

Sevgi ləzzəti damağından getməyən vücudum

Gözümnən düşəcək.

Sonra...

Ayaqlarım

Bahalı maşının

Varlı sahibinin

sol çiyninı bir az da əyəcək,

Qışqıracam,

Inləyəcəm,

Hayqıracam,

Dinləyəcəm...

Sonra...

Bahalı maşının

Varlı sahibinin bahalı siqaretini yandırıb

Eynən onun kimi çəkəcəm.

Ciyərlərim (elə özüm kimi)

Ilk gördüyünü ağuşuna alacaq.

Ayılacam və...

Özüm gözümnən düşəcəm.

Ah.. nə gözəl.

Uraaaaaaaaaaaaaaaa!!!

Ölüm gözümnən düşəcək!

***

 

Bu dünyanın qara daşı
göyərmədi, Musa Yaqub!
Qara daşda qara gözlər xumar oldu.
Göy yeridi,
Yer əridi,
Qara daşa
qara saçlar sığal çəkdi,
Qara daşda
Qara daş da qucaqlandı,
Günahlandı,
Savablandı...
Qara daşda bəyaz yallar
Yırğalandı,
Qorğalandı,
Göyər(mə)di!
Qara daşda iki nəfəs dolaş düşdü
Asta-asta,
Hövlnak-hövlnak...
Bu dünyanın qara daşı
Qaralandı
Dağdan,
Daşdan,
Çaydan,
Aydan...
Bu dünyanın qara daşı
göyərmədi, Musa Yaqub!

***

 

Iki nöqtə, bir mötərizə - Mən,
Iki nöqtə, bir mötərizə - Sən!
Ən əvvəl bu yumruca Sən və Mənə
Ayaq uyduracam,
Əl uyduracam,
Ürək uyduracam...
Sonra monitorun qapısını evimə açacam.
(Nöqtələri açmadan.)
Mötərizə dodağımı,
Yumruca bədənimi
Mötərizə dodağınla dadacaqsan.
Mötərizələr gah açılacaq,
Gah yumulacaq...
Saçlarım sinəmə dağılacaq,
Sinəm əllərinə dağılacaq...
Yumruca bədənimde
Yumruca sinəm ağrıyacaq,
Qışqıracam!
Mötərizə dodaqlarımızı qoşalaşdıracaqsan.
(Gizlənmişik sanacağız.)
Susmayacam!
Bağıracam!
Elə bağıracam ki,
Həyasız-həyasız məni qoynuna alıb
Qoynumda mışıl-mışıl uyuyan
Gecəni oyandıranacan.
Elə bağıracam ki,
Illərdir tənhalığımı sevib də qoruyan,
Bəxtim!
Səni oyandıranacan!
- Bəxtim! Bəxtim!
- Hay caaaaaaaaaan!!!!
Bütün bunlar ürəyinə elə yatacaq ki,
Iki nöqtə, bir mötərizə - Sən,
Iki nöqtə, bir mötərizə - Mənim
Ürəyimin üstündə yatmağa çalışacaqsan.
- Dayan!
Yıxılacaqsan!
Axı biz iki nöqtə, bir mötərizəyik.
Bax, birazdan ikimiz də
Yatmağa hazırlaşan
Bilgisayarın gözlərində
Ö-lə-cə-yiiiiiiiik!......

***

 

Nə tabut,

Nə qəbir,

Nə göz yaşı

Istəmirəm!

Yad dillərdə

Yasin,

Səbir,

Nə baş daşı

İstəmirəm!

Ürəyimi köz-köz edən

Cismimin alovunda

Külə dönmək,

Milyon-milyon zərrələrlə

Yelə dönmək,

Azad ölmək,

Azad olmaq istəyirəm!

 

***

 

İstəkdən yoğrulsan da,

İstəklə doğulmadın.

O qədər çox idi arzun

Arzundaca boğuldun!

Yum! Yum gözlərini, qadın!

 

Sevdin!

Ruhun uzaqda

Cismin doğma yataqda,

Ananın naxış-naxış,

Həvəs-həvəs tikdiyi

Yastığı cırmaqlayan

Dırnaqların şişəmi?

Məhrəminə satdığın

Cismin dözür şişəmi?

Bu dünya çox kiçikdir.

Bir qadın içindəki

Sevgini basdırmağa

Yer acizdi torpaqda,

Torpaq bəyaz bayraqdı!

Sən azad olamadın!

Yum! Yum gözlərini, qadın!

 

 Alisən!

Ulusan!

Anasan!

Dözümün sinən üstə

Dağ olsun kişilərə,

Nə fərqi

O dağın təkindəki

Qaranlıqda inləyən

Saçlarından asılan,

Qara divə qısılan ürək

Alimi?

Ulumu?

Anamı?!...

Təki o dağ dağların

Bağ olsun kişilərə...

Əmsin dünya dərdini,

Dönsün dünya dərdinə!

 

Qapqara saçlarınnan

Bir tel ayır...

Dolaşdır bəmbəyaz buxağına...

Ana!

Yenə...

Bala səsinə çevril,

Bala nəfəsinə səril...

Səril!

Səril!

Təkcə öz ayağına sərilmə!

Ayaqlama cənnəti!

24.08.10

 

 

***

 

Beləcə...

Yollara ayrılıq düşər,

Beləcə tıxlanar söz içimizdə.

Sən məndə!

Mən səndə

Qərib olarıq,

Beləcə köçərik öz içimizdən.

 

***

 


Bir dəli sevdaya düşmüşəm, ana,

Intihar sevdasına!

Amma

Qıymıram sənin ürəyinin bir parçasına,

Qıymıram sənə!

Bax, ana,

Bircə canımnan başqa

                              heç nəyim yoxdu.

Onu da borcluyam Sən Tanrıma!

Bilirəm, onsuz da qatiləm!

Mənli arzularının,

Istəklərinin,

Sənə verəmədiyim nəvələrinin "qatili"!

Indi də

                    balanın qatili olmaqdan qorxuram!

Ana!

Sənin ölümünü gözləyirəm!

Başımdakı bu sevdanın xatirinə!

Bağışla!!!

 

 

İradə Aytel

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31